Məhkəmə qərarları › İş №e-2(033)-1044/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1044/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1044/2025 27.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X5 qızının katibliyi ilə, İddiaçı Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında borcun tutulması” tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3853,06 (üç min səkkiz yüz əlli üç manat, 06 qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 59,00 (əli doqquz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 00:26 radələrində Bakı şəhəri, Ə.Əzizbəyov ilə İ.Səfərli küçələrinin kəsişməsində Cavabdeh3 məxsus, etibarnamə ilə Cavabdeh1 istifadəsində olan, Cavabdeh2 tərəfindən idarə edilən və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Peugeot 307” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil, “BMW 740” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya və Bakı Nəqliyyat Agentliyinin balansında olan səkiyə maddi zərər dəymişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş İş № 3(004)-4037/2022 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmçinin, DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5186488 № saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) nəzərdə tutulmuş inzibati xətanı törəməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, “BMW 740” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 7000,00 (yeddi min) manat təşkil edir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə” də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000,00 ( beş min) manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA116097/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 3853,06 (üç min səkkiz yüzəlli üç manat, 06 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sığortalanmış qeyd edilən nəqliyyat vasitəsi Cavabdeh3 mülkiyyətində olmuş, istifadə hüququ isə etibarnamə ilə Cavabdeh1 verilmiş və yol-nəqliyyat hadisəsi zamanı isə Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsi sürücülük vəsiqəsi olmadan idarə edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir, "xxxx" ASC tərəfindən ərizə göndərilərək iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Zaqatala rayon Mənzil İstirmar İdarəsinin xx.xx.2025-ci il tarixli 5-82-42/2-65/2025 nömrəli məktubundan görünür ki, e-(033)-1044/2024 xx.xx.2025-ci il tarixli bildirişdə adı qeyd olunan Cavabdeh3 Mİİ-nin balansında olan binalarda belə şəxs yaşamır. Mülki iş üzrə adı keçən Cavabdeh3 yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. İşin halları İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 3(004)-4037/2022 nömrəli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5186488 № saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) nəzərdə tutulmuş inzibati xətanı törəməkdə təqsirli bilinmişdir. X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, etibarnamə ilə idarə etdiyi “BMW 740” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə hərəkətdə olarkən, “Peugeot 307” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol tərəfdən vuraraq toqquşmuşdur. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, “Peugeot 307” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkət olarkən “BMW 740” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə qabaq sol tərəfdən vuraraq toqquşmuş, idarə etməni itirmişdir. İzahatında sürücülük vəsiqəsinin olmadığını, hadisə zamanın heç kimin xəsarət almadığını bildirmişdir. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, oğlu Cavabdeh2 “Peugeot 307” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaxındakı aptekə təzyiq dərmanı almaq üçün göndərib, 10 dəqiqə sonra oğlu qəza qəza etdiyi barədə məlumat verib. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən ilkin qiymətləndirmədən görünür ki, “BMW 740” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 7000 manat hesablanmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən X1 3853 manat sığorta məbləğini almaq üçün plastik kart təqdim edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, xx.xx.2022-ci il saat 00:26 radələrində Bakı şəhəri, Ə.Əzizbəyov ilə İ.Səfərli küçələrinin kəsişməsində Cavabdeh3 məxsus, etibarnamə ilə Cavabdeh1 istifadəsində olan, Cavabdeh2 tərəfindən idarə edilən və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Peugeot 307” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil, “BMW 740” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya və Bakı Nəqliyyat Agentliyinin balansında olan səkiyə maddizərər dəymişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən ilkin qiymətləndirmədən görünür ki, “BMW 740” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 7000 manat hesablanmışdır. Bununla əlaqədar xx.xx.2022-ci il tarixində Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti sığorta təhvil-təslim aktı tərtib edilməklə dəymiş zərərə görə X2 3853 məbləğində sığorta ödənişi ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün qalıq qalmış 3853,06 manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən 3853,06 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddia təmin edildiyindən, ödənilmiş 59 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3853,06 (üç min səkkiz yüz əlli üç manat, 06 qəpik) manat məbləğində pul vəsaitinin və 59 (əlli doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3912.06 (üç min doqquz yüz on iki manat altı qəpik) məbləğində pul vəsaiti iddiaçı Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar