Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1071/2024 07.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 nümayəndəsi X6 Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Cavabdeh qarşı “20 baş qoyunun, 1 baş qoşun və 400 kq qarışıq yemin naturada qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 Cavabdeh qarşı “20 baş qoyunun, 1 baş qoşun və 400 kq qarışıq yemin naturada qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2 noyabr 2022-ci il tarixli 2022/ÖM/13472 müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-3.5 yaş aralığında sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yemin natura şəklində agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq agentliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2 noyabr 2022-ci il tarixli 2022/ÖM/13472 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2 noyabr 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 13 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 20 (iyirmi) baş qoyun və 1 (bir) baş qoç aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-Ə-28582/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 2-3.5 yaş aralığında 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, müqavilənin şərtlərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Müqaviləyə əsasən bir il ərzində aralıq və yekun monitorinq keçirilməlidir. Yekun monitoring 13 fevral 2024-cü il tarixdə keçirilmiş və həmin vaxt müəyyən olunmuşdur ki, aktivlər yerində deyildir. Əslində bir il ərzində iki monitorinq aparılmalı idi, lakin iş yükünün çoxluğu səbəbindən bu mümkün olmamışdır. Cavabdehin təqsiri onların verdiyi əmlakları satmasıdır. Təhvil təslim aktında qeyd olunan əmlakları tələb edirlər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən verilmiş qoyunları bir ildən sonra satmış və yerinə mallar almışdır. Verilmiş qoyunların 5 başı tələf olduqlarından qalmış 16 baş qoyunu satmış və yerinə iki baş iribuynuzlu mal almışdır. Həmin malları iddiaçıya verərsə dolanışığı çətinə düşər. Belə ki, özünün və yoldaşının həmin əmlaklardan gələn gəlirdən başqa gəlirləri yoxdur. Dörd övladı var və onlardan biri tələbədir. Bundan başqa xəstə anası da onun himayəsindədir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli 2022/ÖM/13472 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı təhviltəslim aktında göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən filialın vəzifəsi özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən bu Müqavilənin şərtlərinə 1 (bir) il müddətində əməl olunduğu halda Əmlakı Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verməkdir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək (3.3.1); əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemləndirilməsi), habelə əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün bu Müqaviləyə Əlavə 2-də göstərilən təlimata riayət etmək (3.3.2); əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək (3.3.3); Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzürlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X5 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq (3.3.4), monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin Əmlaka qəsdən ziyan vurduğu, o cümlədən bu Müqavilənin 3.3.1-3.3.3-cü yarımbəndlərınə nəzərdə tutulmuş vəzrfəiən yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X5 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək (3.3.5) və s. özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələridir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Filiala qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X5 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. İş materiallarına əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Cavabdeh 20 baş 2-3,5 yaşa qədər qoyun, 1 baş 2-3,5 yaşa qədər qoç, 400 kq qarışıq yem verilmişdir. İş materiallarına əlavə edilmiş 13 fevral 2024-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi barədə aktdan görünür ki, Cavabdeh agentlik tərəfindən verilmiş 21 baş qoyun satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Monitorinq və Qiymətləndirilmə Filialının 10 may 2024-cü il tarixdə Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, sonuncunun 02 noyabr 2022-ci il tarixli 2022/ÖM/13472 nömrəli müqaviləsinin şərtlərinin pozduğu aşkarlanmış və 30 gün ərzində ona verilmiş əmlakın agentliyə qaytarılması, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini orta bazar qiymətinə uyğun olaraq hesablanaraq agentliyin xəzinə hesabına pul vəsaiti şəklində köçürməsi tələb olunmuşdur. Əks təqdirdə qanunvericlikdə nəzərdə tutulan qaydada məhkəmə vasitəsi ilə tələb olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X1 ailə tərkibi anası X14, arvadı X3, 2007-ci il təvəllüdlü qızı X4, 2010-cu il təvəllüdlü qızı X7, 2014-cü il təvəllüdlü X8 və 2023-cü il təvəllüdlü X2 ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərdən ibarətdir. 24.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. 24.3-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. 24.4-cü maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası” 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.7-ci maddələrinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/ÖM/13472 nömrəli “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş monitorinq zamanı isə cavabdehin xx.xx.2022-ci il tarixli 2022/ÖM/13472 nömrəli müqaviləyə əsasən ona təhvil verilmiş 21 baş xırdabuynuzlu heyvanı özgəninkiləşdirdiyi aşkar edilmişdir. İddiaçı tələbini cavabdehin ona verilmiş 21 baş xırdabuynuzlu heyvanı müqavilə müddətində özgəninkiləşdirməsi ilə əsaslandırsa da, həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. Cavabdeh iddiaya etirazını bir ildən sonra iddiaçı tərəfindən verilmiş qoyunlardan 5 başının tələf olması, qalan 16 baş qoyunu satıb yerinə iki baş iribuynuzlu mal alması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün sübut təqdim etmədiyini nəzərə alaraq, bir ildən sonra iddiaçı tərəfindən verilmiş qoyunlardan 5 başının tələf olması, qalan 16 baş qoyunu özgəninkiləşdirməsinə dair cavabdehin bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, özünüməşğulluğa cəlb olunmuş şəxs yalnız müqavilə müddətində ona verilmiş əmlaka qəsdən ziyan vurduğu və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədiyi halda vurulmuş ziyanın əvəzini iddiaçıya ödəmək öhdəliyi daşıdığından, iş üzrə sübutlarla isə cavabdehin heyvanları müqavilə müddətində özgəninkiləşdirməsi, bununla da onlardan müqavilə müddətində təyinatı üzrə istifadə etməməsi təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Cavabdeh ilə aralarında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 02 noyabr 2022-ci il tarixli 2022/ÖM/13472 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-3.5 yaş aralığında sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yemin natura şəklində agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq agentliyə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1071/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1071/2024
07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver