Məhkəmə qərarları › İş №e-2(033)-1127/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1127/2025

28.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1127/2025 28.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 Əli qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cvabdehlər Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və ev üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və ev üzərində payların müəyyən edilməsi” tələbi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi ********** olan Çıxarışda qeyd olunan ümumi sahəsi 42,7 kv.m olan fərdi yaşayış evi və 0,4318 ha torpaq sahəsi üzərində onların hər birinin payının bərabər olması, yəni hər birinin payının 1/3 hissə olmasının müəyyən edilməsi, ödədikləri 100 manat dövlət rüsumunun və 320 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Lahıc kəndində onların və cavabdehin ümumi birgə mülkiyyətində 0,4318 ha torpaq sahəsi və ümumi sahəsi 42,7 kv.m olan fərdi yaşayış evləri vardır. Həmin daşınmaz əmlak DƏDR-də qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilmişdir. Çıxarışın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2025-ci ildir. Həmin çıxarışda əmlakın ümumi birgə mülkiyyətdə olduğu qeyd olunmuşdur. İddiaçı1 və Cavabdeh keçmiş ər-arvaddırlar. Onların nikahları xx.xx.2004-cü il tarixdə pozulmuşdur və ayrı yaşayırlar. Lakin ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən və evdən cavabdeh özü istifadə edir, onlara düşən hissədən isə istifadə edə bilmirlər. Daşınmaz əmlak üzərində paylar məlum olmadığından onlar hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Məqsədləri əmlak üzərində payları müəyyən etdirdikdən sonra naturada böldürməkdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, hüquqi yardıma görə iddiaçı 300 manat pul ödəmişdir, 20 manat isə marka puldur, lakin hazırda 20 manatın ödənilməsinə dair qəbzi məhkəməyə təqdim edə bilmədiyi və işin üzadılmasını istəmədiyi üçün iddianın həmin hissədə qismən təmin olunmasına etiraz etmir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı1 ilə birgə nikah dövründə olduqları vaxtı həyətyanı torpaq sahəsini satmışdırlar. Hazırda onların həyətyanı torpaq sahələri yoxdur. Mübahisələndirilən torpaq sahəsi 1996-cı ildə dövlət tərəfindən anasına verilmiş pay torpağıdır. Fərdi yaşayış evinin isə sənədləri yoxdur və həmin ev valideynləri tərəfindən qardaşı üçün inşa edilmişdir. Həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı həmin evdə onunla iki il yaşamışdır və 20 ildir ki, artıq onlar ayrı yaşayırlar. İddiaçıya istəsə başqa yerdən torpaq sahəsi verməyə razıdır. Lakin mübahisəli torpaq sahəsini vermək istəmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat tarixi 28 iyul 2025-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,4318 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən 42,7 kvm sahədən ibarət fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh, İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 78 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 481829 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında olan nikah Zaqatala rayon məhkəməsinin 2-239 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 09 dekabr 2004-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 iyul 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx xxx 1966-cı ildə doğulmuş İddiaçı1 doğumu haqqında 13 may 1966-cı ildə Zaqatala rayon Qeydiyyat Şöbəsində tərtib olunmuş 145 saylı akt qeydində onun soyadının “-ov” sonluğu Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 fevral tarixli 495 nömrəli qərarına əsasən “-lı” sonluqlu ifadə forması ilə əvəz edilərək dövlət dilinə uyğunlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivi tərəfindən 12 iyun 2023cü il tarixdə verilmiş arxiv arayışından görünür ki, İddiaçı1 2001-2005-ci illərdə Lahıc kənd İƏVN-ın t/başına kitablarında ailə tərkibi qızı İddiaçı2 və X1 ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X3 20 noyabr 2011-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 28 avqust 1997-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 30 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən Zaqatala Rayon Vəkil Bürosunun hesabına 300 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş 30 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş, sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, Zaqatala rayonunun Lahıc kəndində yerləşən 0,4318 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 42,7 kv.m olan fərdi yaşayış evi Cavabdeh, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Tərəflər arasında fərdi yaşayış evi və torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsi barədə razılaşma yoxdur. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, birgə mülkiyyətçilər arasında paylı mülkiyyətin və onun həcminin müəyyənləşdirilməsi barədə razılaşma əldə edilmədiyindən Zaqatala rayonunun Lahıc kəndində yerləşən 0,4318 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən 42,7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evində birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyənləşdirilməli və hər bir mülkiyyətçinin payı fərdi yaşayış evi və torpaq sahəsindən bərabər, yəni 1/3 hissəsi olaraq müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin 320 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı tərəfindən yalnız vəkil bürosuna xidmət haqqı kimi 300 manatın ödənilməsi barədə qəbz təqdim edildiyindən həmin məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 20 manatın ödənilməsini təsdiq edən qəbz məhkəməyə təqdim edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 iyul 2025-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********42-10301 olan Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,4318 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən 42,7 kvm ümumi sahədən ibarət fərdi yaşayış evindən tərəflərin hər birinin payı bərabər yəni, 1/3 hissə müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və 300 (üç yüz) manat vəkilə ödənilmiş xidmət haqqı Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar