Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1226/2025 04.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “istehlakçı hüquqların pozulması və ödənilməli olan məbləğin geri alınması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh MMC-ə qarşı “istehlakçı hüquqların pozulması və ödənilməli olan məbləğin geri alınması tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən 301,52 (üç yüz bir manat əlli iki qəpik) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 21 mart 2025-ci il tarixində Cavabdeh MMC vasitəsilə Türkiyə Respublikasında fəaliyyət göstərən "HM", "Stradivarius" və "Zara" onlayn mağazalarından geyim məhsulları sifariş etmişdir. Daha sonra sifariş edilmiş mallar qanunvericiliyə uyğun qaydada geri qaytarılmışdır. Satıcı şirkətlər tərəfindən qaytarılmış mallara görə 301,52 (üç yüz bir manat 52 qəpik) məbləğində vəsait Cavabdeh MMC-yə ödənilmiş və həmin məbləğin ona çatdırılması nəzərdə tutulmuşdur. Lakin cavabdeh bu günədək həmin vəsaiti ona ödəməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehə yazılı müraciət etsə də, müraciəti təmin edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. Həmin Agentliyin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilib ki, geri qaytarılmalı olan ödənişin cavabdeh tərəfindən ona ödənilməsi təmin ediləcəkdir. Lakin bu müddət ərzində cavabdeh tərəfindən hər hansı bir ödəniş edilməmiş və ya onunla əlaqə saxlanılmamışdır. Cavabdeh MMC-in istehlakçı hüquqlarını pozması səbəbindən, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, o, 21 mart 2025-ci il tarixdə proqram vasitəsi ilə link yerləşdirərək 301,52 manat dəyərində geyim əşyaları sifariş etmiş və ödəniş etmişdir. Lakin sifariş etdikdən uzun müddət keçdiyindən və bəyan gəlmədiyi üçün o, “instagram” tətbiqi vasitəsi ilə cavabdeh təşkilatla əlaqə saxlamışdır. Ona proqram vasitəsi ilə linkin yerləşdirilməsi ləğv edildiyi və həmin əməliyyatın “whatsapp” tətbiqi vasitəsi ilə aparıldığını bildirilmişdir. O, “whatsapp” tətbiqi vasitəsi ilə sifariş etdiyi əşyaların linkini yerləşdirsə də həmin əşyalar ona gəlməmiş və pulu ona geri qaytarılmamışdır. O dəfələrlə cavabdeh təşkilatla əlaqə saxlamağa çalmışmış, lakin ona cavab verilməmişdir. Bundan sonra o yazılı şəkildə cavabdehə xəbərdarlıq məktubu ünvanlamışdır. Pul onun bacısının kapital bank hesabından onun qeydiyyatdan keçdiyini “JET EX” tətbiqi vasitəsilə cavabdehin hesabına köçürülmüşdür. Bununla bağlı qəbzi məhkəməyə təqdim etmişdir. O, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmiş və sonuncunun xx.xx.2025-ci il tarixli cavab məktubunda geri qaytarılmalı olan ödənişin cavabdeh tərəfindən ona ödənilməsi təmin ediləcəyi bildirilmişdir. Lakin o pulun qaytarılmasını gözləsə də, pul ona qaytarılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-in nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsi barədə məhkəməyə rəsmi məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş “Mesume Resulova”ya məxsus “Jetex” tətbiqindən edilmiş ekran çıxarışından görünür ki, İddiaçı tərəfindən Jetex-in hesabına 301,52 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 02 iyun 2025-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciəti üzrə “JET EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu göndərilmiş və aparılmış araşdırmanın nəticəsinə dair Agentliyə cavab olaraq bildirilmişdir ki, sifariş üçün edilən ödəniş üzrə ona kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh MMC-ə ünvanlanmış 01 may 2025-ci il tarixli pretenziyadan görünür ki, o, 21 mart 2025-ci il tarixində "HM" "Stradivarius" "Zara" (Türkiyə Respublikasından) onlayn mağazasından paltar məhsulunu satın almış, daha sonra qanunvericiliyə uyğun olaraq həmin məhsulu qaytararaq ödənişin geri qaytarılmasını tələb etmişdir. Satıcı tərəfindən ödəniş məbləği olan 301.52 (üç yüz bir) manat (52) qəpik "xxxx" MMC (JETEX) vasitəsilə geri göndərilmişdir. Lakin bu günədək "xxxx" MMC tərəfindən ona ödəniş təqdim edilməmişdir. Bu hal Azərbaycan Respublikasının "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" Qanununun 8-ci maddəsinin, eləcə də Mülki Məcəllənin 422-ci maddəsinin tələblərinin pozulması deməkdir. Bildirir ki, bu məktubu aldıqları tarixdən etibarən 5 (beş) iş günü ərzində 301.52 manat məbləğində vəsaiti onun bank hesabına/kartına ödəmədiyi halda, hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edəcəkdir və əlavə xərclər, o cümlədən dəymiş maddi və mənəvi zərərlərin ödənilməsi tələbi ilə çıxış edəcəkdir. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində verilmiş anlayışa əsasən, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsiniə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçı tərəfindən xarici e-ticarət saytları üzərindən verilən sifarişləri xaricdəki ona məxsua anbara qəbul etmək, Azərbaycana gətirmək və Azərbaycanda müştəriyə (iddiaçıya) təhvil vermək öhdəliyini öz üzərinə götürmüş, lakin daha sonra iddiaçı tərəfindən sifariş edilmiş mallar qanunvericiliyə uyğun qaydada geri qaytarılmışdır. Satıcı şirkətlər tərəfindən qaytarılmış mallara görə 301,52 (üç yüz bir manat 52 qəpik) məbləğində vəsait Cavabdeh MMC-yə ödənilmiş, lakin cavabdeh həmin vəsaiti iddiaçıya geri qaytarmaqdan imtina etmiş və sonuncu xx.xx.2025-ci il tarixdə cavabdehə yazılı müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı işləri lazımı qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında məsuliyyət yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 301,52 manat məbləğində pulun köçürülməsi və həmin məbləğin iddiaçıya geri qaytarılmaması öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı 301,52 manat borcu Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 301,52 manat alınaraq İddiaçı verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 301,52 (üç yüz bir manat əlli iki qəpik) manat alınaraq İddiaçı verilsin. Cavabdeh MMC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1226/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1226/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver