Məhkəmə qərarları › İş №e-2(033)-124/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-124/2023

01.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-124/2023 01.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı qoyunun və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Gözbarax kəndində qeydiyyatda olan, Cavabdeh 38 baş qoyunu naturada və ya dəyəri olan 7600 manat pulun, 80 kq pendirin dəyəri olan 1360 manat, cəmi 8960 manat pul, 109,60 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, ümumilikdə 9169,60 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayon Gözbarax kənd sakini Cavabdeh ona məxsus qoyunlara baxmaq üçün vermişdir. O, baxmaq üçün ona verdiyi qoyunlardan 38 baş ana qoyunu öz ehtiyacları üçün satıb pulunu xərcləmişdir. Bundan başqa, Cavabdeh 80 kq pendiri ondan götürərək pulunu ona verməmişdir. 1 baş qoyunun dəyəri 200 manat olduğundan 38 baş qoyunun cəmi dəyəri 7600 manat təşkil edir. 1 kq pendirin dəyəri 17 manat olduğundan 80 kq pendirin qiyməti 1360 manat təşkil edir. Beləliklə, Cavabdeh ona cəmi 8960 manat borcu vardır. Cavabdeh ona olan borcunu tez bir zamanda qaytaracağına dair söz vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə pulu qaytaracağı ilə əlaqədar öhdəlik götürməsinə dair izahat yazaraq imzalamışdır. Lakin müxtəlif bəhanələr edərək pulu qaytarmaqdan imtina edir. Onun pulundan qanunsuz olaraq istifadə edir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o Asiph Ağacanovdan pul götürmüş, pulu ödəyə bilmədiyindən ona kömək edəcəyini və ona məxsus qoyun sürüsünə baxmağı vəd etmişdir. O daha əvvəl başqa fermada işləmiş və maldarlıqdan başı çıxır. Asif Ağacanov özünə məxsus qoyun sürüsünü ona həvalə etmiş və sürü yaylaqda olarkən o heyvanlara diqqətsiz yanaşaraq onların bir qismini itirmiş, 13- 14 baş qoyunu gecə vaxtı canavar dağıtmış və bu zaman o sürüyə tək nəzarət etmişdir. Canavarlar qonşu sürülərə də hücum edərək həmin sürülərdəki qoyunları da yemiş, bəzi sürülərdə bir dənə də olsa qoyun qalmamışdır. Sürüdə qoyun sayı çox olduğundan və o saya bilmədiyindən qoyunların bir qismi gecələri çöldə qalmışdır. Canavar parçalamış qoyun leşlərini səhər görmüşdür. Qeyd olunanlarla bağlı yazılı şəkildə qəbz də yazmışdır. Həmin qəbzdə göstərilənləri də təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Cavabdeh tanıyır və onunla bir fermada işləyib. O və digər qoyuna baxanlar Vüqar və Fizuli ilə bağlı yaylağa qoyun aparır və düşəndə qoyun sürülərini sahiblərinə təhvil verirlər. Asifin qoyunlarına Arzuman baxıb, qoyunlar ona təhvil verilib və onun Asifin sürüsündən qoyun satdığını özü gözləri ilə görməmişdir. Lakin o Arzumanın qoyunların ayağını bağlayaraq qoymasını və xalası oğlunun gəlib onları aparacağını demişdir. Arzuman özü bunu etiraf edib. O Fizulini tanımır və Asif yeyib-içəndə yoldaşının xalası oğlu olduğunu demişdir. Arzuman başqasının qoyununu da fermaya gətirib, 30 ədəd qoyunu gətirib və onun üstündə onunla mübahisə də edib. İşin halları: Fiziki şəxs X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə həftəlik Mal bazarında hal-hazırda 1 baş xırda buynuzlu qoyunun qiyməti 200-250 manat arasında dəyişir. Zaqatala-Bazar ASC-nin xx.xx.2022-ci il tarixli 22 nömrəli arayışından görünür ki, halhazırda bazar ərazisində 1 kq motal pendirinin pərakəndə satış qiyməti keyfiyyətindən aslı olaraq 15-20 manat arasında dəyişir. Zaqatala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1948 nömrəli xx.xx.2022ci il tarixli arayışından görünür ki, Zaqatala şəhəri S. Kazımova küçəsi 68 saylı evdə yaşayan X4 təsərrüfatında 1900 baş xırda buynuzlu heyvan qeydə alınmışdır. AR-İİ seriyalı 887220 nömrəli etibarnamədən görünür ki, X1 Ağacanova Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinin nümayəndəyə aid hüquqları həyata keçirməyi, onu təmsil etməyi, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən iddia şikayətlərinin verilməsi və s. etibar etmişdir. X7 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iddia tələbinin “80 kq pendirin qiyməti olan 1360 manat pulun cavabdehdən alınıb ona verilməsi” hissəsində baxılmamış saxlanılmasını xahiş etmişdir. M. Arzuman R. Akif və A .Asif qeydi edilməklə və hər qeydin qarşısında sadə yazılı formada 19 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh 13 iyun tarixində Ağacanov Asifdən 1700 manat götürmüş və yaylaq və qışlaqda Asif Ağacanova kömək edəcəyini vəd etmişdir. Yaylaqda A.Asifə məxsus 38 baş qoyunu məsuliyyətsizliyindən itirmiş, eləcə də o Fizuli və Vüqar adlı şəxslərlə əlbir olub yaylaqda bir neçə qoyunu da kəsib yemişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783-cü maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, X4 mülkiyyətində 1900 baş xırda buynuzlu heyvan qeydə alınmışdır. İddiaçı X10 tərəfindən AR-İİ seriyalı 887220 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinin nümayəndəyə aid hüquqları həyata keçirməyi, onu təmsil etməyi, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən iddia şikayətlərinin verilməsi və s. etibar etmişdir. Cavabdeh iddiaçıdan 1700 pul götürmüş və ona yaylaq və qışlaqda kömək edəcəyi vədini vermişdir. Asiph Ağacjanov tərəfindən cavabdehə yaylaqda baxması məqsədi ilə xırda buynuzlu heyvan olan qoyun sürüsü həvalə edilmiş, Cavabdeh həmin sürüdən olan və İddiaçı tərəfindən ona baxılması üçün verilmiş 38 baş qoyunu səhlənkarlıq edərək bəzilərini itirmiş, bəziləri məhv olmuş, bəzilərini isə satmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək 38 baş qoyunu naturada və ya dəyəri olan 7600 manat pulun, 80 kq pendirin dəyəri olan 1360 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin 80 kq pendirin dəyəri olan 1360 manat pul hissəsində baxılmamış saxlanılmaını xahiş etmiş və iddia tələbi qeyd edilən hissədə Zaqatala Rayon Məhkəməsinin 2(033)-124/2023 nömrəli 01 fevral 2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş fiziki şəxs X6 tərəfindən verilmiş arayışla Zaqatala rayonu Əliabad qəsəbə həftəlik Mal bazarında xx.xx.2022-ci il tarixə 1 baş xırda buynuzlu qoyunun qiymətinin 200-250 manat arasında dəyişdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçı qarşısında 38 baş xırda buynuzlu heyvanların qaytarılmalı olması ilə bağlı öhdəlik götürdüyündən, lakin həmin heyvanlar hazırda naturada mövcud olmadığından iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından da göründüyü kimi iddiaçıya məxsus 38 baş qoyunun iddiaçıya qaytarılması əsaslı şübhə yaratmayan digər bir sübutla təsdiq edilmədiyindən və həmin qoyunların itirilməsi, tələf olması və satılaraq əldə edilmiş vəsaitin cavabdehin şəxsi ehtiyacları üçün sərf edilməsi tam sübut olunduğundan iddia tələbi həmin qoyunların naturada qaytarılması hissəsində təmin edilə bilməz. İşin şərh olunan hallarından göründüyü kimi, iddiaçı X9 şifahi tapşırıq müqaviləsi əsasında özünə məxsus xırda buynuzlu qoyun sürüsünü saxlaması və baxması üçün Cavabdeh təhvil vermiş, cavabdeh də öz növbəsində iddiaçıya olan borcunun silinməsi qarşılığında həmin heyvanları lazımı qaydada saxlamağı və baxmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh həmin sürünün saxlanması və baxması tapşırığını kifayət qədər vicdanla icra etməmiş və 38 xırda buynuzlu heyvan olan qoyunları itirmişdir. Qoyunların itməsi, tələf olması və satılması nəticəsində iddiaçıya zərər dəymişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış, tərəflər həmin müqaviləyə əsasən öhdəlik götürərək hüquq və vəzifələri müəyyən edilmişdir. Tərəflər arasında olan razılaşma şəxsi iradə əsasında yaranmış əvəzli müqavilə hesab edilməlidir. Belə ki, razılaşmaya əsasən cavabdehin götürdüyü öhdəlik heyvanları lazımi qaydada saxlayıb (bəsləmək) sonradan sahibinə qaytarmaq olmuşdur. Həmin heyvanların dəyəri fiziki şəxs X6 tərəfindən verilmiş arayışa əsasən müəyyən edilərək iddia ərizəsində göstərilən həcmdə təmin edilməlidir. Heyvanların dəyəri ilə bağlı verilmiş arayışı cavabdeh mübahisələndirməmiş, eyni zamanda bununla bağlı başqa sübut da təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin qoyunların dəyərinin qaytarılması hissəsində təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməmişdir. Qeyd olunanlar cavabdehin yazılı şəkildə verdiyi qəbzlə, eyni zamanda özünün və şahidin məhkəmə iclasında verdikləri izahatları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh iddiaçı X2 xırda buynuzlu heyvan olan qoyun sürüsünü götürməsi və səhlənkarlıq edərək həmin sürüdə olan 38 baş qoyunu itirməsi öz təsdiqini tapdığından iddiaçı həmin qoyunların dəyəri olan 7600 manat pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 100 manat vəkilin xidmət haqqının cavabdehdən alınaraq iddiaçıye verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki iddia ərizəsində vəkilin xidmət haqqı olaraq 100 manat iddiaçı tərəfindən tələb edilsə də, onun tərəfindən vəkilin xidmət haqqı olaraq həmin məbləğin ödənilməsinə dair sübut təqdim edilməmişdir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı X3 dövlətə ödədiyi 109,60 manat dövlət rüsumunun 1 manat hissəsi özünə aid edilməli, dövlət rüsumunun 96 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-124/2023 nömrəli qərarı ilə iddiaçı X3 Cavabdeh qarşı qoyunun və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinin “80 kq pendirin dəyəri olan 1360 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində baxılmamış saxlanılması və iddiaçı X3 Cavabdeh qarşı qoyunun və ya dəyərinin ödənilməsi, pul tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 109,60 (bir yüz doqquz manat altmış qəpik) manat dövlət rüsumunun 12,60 (on iki manat altmış qəpik) manat hissəsinin dövlət büdcəsindən iddiaçı X8 geri qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 38 baş qoyunun dəyəri olan 7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X8 verilsin. Cavabdeh 96 (doxsan altı) manat dövlət rüsumu tutularaq iddiaçı X8 verilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-124/2023 nömrəli qərardadı ilə iddiaçı X3 Cavabdeh qarşı qoyunun və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinin “80 kq pendirin dəyəri olan 1360 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində baxılmamış saxlanılması və iddiaçı X3 Cavabdeh qarşı qoyunun və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 109,60 (bir yüz doqquz manat altmış qəpik) manat dövlət rüsumunun 12,60 (on iki manat altmış qəpik) manat hissəsinin dövlət büdcəsindən iddiaçı X8 geri qaytarılması nəzərə alınsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. 1 (bir) manat dövlət rüsumu iddiaçı X3 özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar