Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-14/2024 05.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 , İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş təxminən 13800 (on üç min səkkiz yüz) manat pul vəsaitinin ödənilməsinə, dəymiş zərərin dəqiqləşdirilməsi üçün Ədliyyə Nazirliyində qeydiyyatdan keçən mal-mülkləri və əşyaların qiymətləndirilməsi üzrə eksperti məhkəmə tərəfindən dəvət edilməsinə, ödənilmiş dövlət rüsumunun əvəzi olan 132 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X20 iddianın həcminin azaldılması barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş zərərin təxminən 13800 manat pul vəsaitinin ödənilməsinə və ödəmiş olduğu 132 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı X16 iddianın həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkar kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş qayda və normalar çərçivəsində fermerlik fəaliyyəti göstərir. Yəni xırdabuynuzlu davarların bəslənilməsini, çoxaldılmaqla satışını və sairə işlərini icra edir. Fermerlik fəaliyyətinin əsas prinsiplərindən biri də, fəaliyyət istiqamətlərini düzgün müəyyən etmək, zamanı çatmış işlərin icrasını yerinə yetirməkdən ibarətdir. Məsələn döl vermiş qoyunları sürüdən ayıraraq xüsusi rejim altında bəslənilməsini, o cümlədən yemlənilməsini təmin etmək. Elə bu baxımdan da, arpa yeminə üstünlük verilir. Yuxarıda qeyd etdiyi kimi döl vermiş qoyunları balaları ilə birgə qoyun sürüsündən ayıraraq xüsusi rejim altında yemlənilməsini təşkil etmişdir. Arpa yeminə olan ehtiyacın ödənilməsi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 adına rəsmiləşdirilmiş satış mağazasından onun həyat yoldaşı Cavabdeh1 08 mart 2022ci il tarixdə 1800 (bir min səkkiz yüz) kiloqram arpa dəni almışdır. Arpanı alarkən arpanın rənginin dəyişdiyini müşahidə etmiş (arpanın sarılığı itmişdir) və Cavabdeh1 demişdir ki, bu arpanın rəngi xoşuna gəlmir. Cavabdeh1 öz növbəsində onu əmin etmişdir ki, arpa sağlamdır və onun sağlamlığının cavabdehliyini daşıyır. Beləliklə arpanın pulunu verərək yük daşınması fəaliyyətini yerinə yetirən Qazel markalı nəqliyyat vasitəsinin sürücüsü Aydın Yusibov adlı şəxs vasitəsi ilə lazım olan yerə aparmışdır. Bundan sonra həmin yemlə ayrıca bəslənilməkdə olan quzulu qoyun sürüsü binə çobanı Məhərrəm Mahmudov adlı şəxs tərəfindən yemlənmişdir. Arpa ilə yemlənən quzulu qoyun sürüsünün yemlənilməsinin ertəsi günü 70 başı tam, 20 başı isə qismən iflic olmuşdur. Baş vermiş təfərrüatlarla əlaqədar olaraq dərhal Azərbaycan Respublikasının X3ynar xəttinə məlumat vermişdir. Agentliyin rayon şöbəsi tərəfindən komissiya təşkil edilərək hadisənin baş verdiyi yerə ezam edilmişdir. Azərbaycan Respublikasının X6 nümayəndələri gələnə qədər ölməyə başlamışlar və 60 baş quzulu qoyunları ilə birgə ölmüşlər. Hadisə yerinə gəlmiş komissiya üzvləri tərəfindən müəyyən olunmuşdur ki, qoyun və quzular arpadan zəhərlənmənin nəticəsində ölmüşdür. Zəhərli arpa ilə qoyunlar tələf olduqdan sonra qalmış arpa qalığını gətirmiş Aydın Yusibov ilə geriyə qaytarmışlar. Quzulu qoyunların quzuları ilə birgə ölüm faktını Azərbaycan Respublikasının Qida X5 baytarlıq labaratoriyasının Qax Regional bölməsi və Azərbaycan Respublikasının Qida X5 baytarlıq labaratoriyası tərəfindən təsdiq edilmişdir. Faktın təsdiqindən sonra Azərbaycan Respublikasının X13 tərəfindən məhkəməyə müraciət olunmuş və Şəki Apeyasiya Məhkəməsinin qərarı ilə cavabdeh inzibati qaydada cərimələnmişdir. Məhkəmə çəkişməsində o, ona sahibkar kimi yetirilmiş zərərin ödənilməsi barədə məsələ qaldırılmasını anlamadığından bu günədək cavabdehin məsuliyyətsizliyi baxımından ona vurulmuş zərər ödənilməmişdir. Dəymiş zərərin miqdarının müəyyənləşdirilməsi üçün o bu sahədə ixtisaslaşmış ekspertləri müəyyən etməyə çalışsa da buna nail ola bilməmişdir. Lakin bazar qiymətlərinə görə quzulu ana qoyun quzusu ilə bir yerdə təxminən 220-250 manat dəyərindədir. Bu isə orta hesabla 60 baş x 230 manat = 13800 manat deməkdir. Beləliklə də cavabdeh tərəfindən ona vurulmuş zərərin ödənilməməsi ona maddi və mənəvi təsir göstərməklə paralel olaraq, qanunvericiliklə təsbit olunmuş bir sıra hüquqlarının pozulması deməkdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, heyvanların tələf olduğu vaxt video görüntü qeydə alınıb və həmin görüntülər mövcuddur. Tələf olmuş heyvanlara baxışı və sınağı X6 nümayəndələri keçirib və onları məhkəməyə mütəxəssis qismində dəvət etmək olar. Heyvanlar faktiki cavabdehlərə məxsus mağazadan alınmış yemdən zəhərlənib. Cavabdehlərin həmin məhsuldan başqa zəhərlənmə hallarının baş verməməsi ilə bağlı fikrinə münasibətdə qeyd edir ki, məhsulun bir hissəsində zərərli maddələrin olması ola bilər. Bu bir ton məhsulda da bir kisə məhsulda da aşkar edilə bilər. Göbələk yemin bir hissəsində ola bilər. Əslində həmin yem məhv edilməli idi. Yoxlama aparan dövlət orqanı çəkiliş aparıb və 70 qoyun təsdiq olunur. Yemi aldıqdan 4 gün sonra həmin yemi heyvanlara verib. Arpanın rənginin xoşuna gəlməməsini o, Mahirə demiş lakin Mahir ona narahat olmamasını bildirmişdir. Onun 98 baş heyvanı tələf olub lakin o iddiada 70 baş göstərib. 200 baş heyvana 1 kisə Mahirdən alan yemi verib və bundan sonra heyvanların heç biri ayağa qalxmayıb. Daha sonra onlardan 98 baş tələf olub. Orda tələf olan tək öz qoyunları yox çobanlara məxsus da qoyunlar olub həmin qoyunların əvəzini o çobanlara ödəyib. Sürüdə heyvanlar doğum ardıcıllığına görə qruplaşdırılır. Çoban Mahirdən alınan arpanı vermək istədiyini bildirəndə ona birinci doğulmuş heyvanlara arpa verə biləcəyini, lakin arpanın bir kisəsindən götürülərək verilməsini və yaratdığı effekti müşahidə etməyi çobana demişdir. Səhər çoban ona zəng vuraraq 240 baş heyvan olan sürüdən 130 baş heyvanın yatıb qalxmamasını bildirmişdir. O da bu sahədə təhsil aldığı üçün və Amerika və Almaniya kimi ölkələrdə təcrübədə olmağına görə vəziyyətin nə ilə əlaqədar ola biləcəyini bilmiş, bu barədə X8 məlumat vermişdir. Kütləvi zəhərlənmənin olduğunu o, dərk etmiş və buna görə müraciət etmişdir. 240 baş heyvandan 50 baş qışlaqda tələf olmuşdur, həmin arpanın bir hissəsini isə evə gətirmiş və evdə heyvanları yemləmişdir. Evdəki heyvanlardan 14 baş tələf olub. İnfeksiyadan şübhələnib və laboratoriyada bu da yoxlanılıb. Lakin 3 dəfə tədqiqat aparılmasına baxmayaraq infeksiya aşkar edilməmişdir. Heyvanın özünü də laboratoriyaya aparıb. Lakin infeksiya göstəriciləri aşkar edilməyib. 15-20 gün araşdırma aparılmışdır. Nəticədə 75 baş heyvan və evdə olan 14 baş heyvan tələf olub. Arpanın saxlanma şəraiti və qaydaları var və ona reayət edilmədiyində zəhərlənmə və iflic hallarının baş verməsi mümkündür. Məhkəmədən iddianın təmin edilməsini və 13800 manatın cavabdehlərdən alınaraq ona verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddianı qəbul etmir, iddiaçının qaytardığı məhsulu o, başqa müştəriyə satıb və həmin yemdən şikayət olmayıb. İddiaçı arpanı alanda arpanın rənginin pis olduğunu bildirmiş və o cavabında tək ona satmadığını, başqa adamlara da satdığını problem olmadığını demişdir. Satdığı arpanı indi də satır və iddiaçı tərəfindən qaytarılmış arpanı da satıb və həmin məhsulda heç bir problem olmayıb. Ekspert rəyi də mövcuddur və rəyə uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 çıxış edərək bildirdi ki, iddiaçının tələf olan heyvanlarının Cavabdeh1 aldığı yemdən zəhərlənməsinə dair bir sübut yoxdur. X6 əməkdaşları cavabdehə məxsus obyektdə qanun pozuntularına yol vermişdir və əsassız olaraq Cavabdeh2 inzibati məsuliyyətə cəlb etmişdir. Həmin qərardan şikayət verilmiş və Zaqatala Rayon Məhkəməsi tərəfindən X11 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilmişdir. Lakin Zaqatala Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti yanlış olaraq və apelyasiyanın qərarından şikayət mümkün olmadığından Zaqatala Rayon Məhkəməsinin qərarını ləğv edərək, inzibati xəta haqqında qərardan Cavabdeh2 tərəfindən verilmiş şikayəti təmin etməmişdir. Cavabdeh2 məsuliyyətə cəlb olunması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə də ziddir. İddiaçının tələf olan qoyunların sayı ilə bağlı sabit bir fikri də mövcud deyil, iddiada həmin qoyunların sayı dəfələrlə dəyişib. Tələf olan heyvanların sayı, şəkli və sair sənədləri iddiaçı tərəf təqdim edə bilmir. Cavabdeh X11ndən bütün materiallarını tələb edib və həmin sənədlərdə də tələf olmuş qoyunların sayına dair məlumat mövcud olmayıb. Məhsulun yoxlaması aparılarkən həmin yem məhsulunun Mahirin mağazasından götürülməsi də heç bir sənədlə sübut olunmur. Yoxlama aparmış şəxslərlə bağlı Şəki Apellyasiya Məhkəməsi tərəfindən intizam məsuliyyətinə cəlb edilmələri üçün yuxarı orqanlarına təqdimat da verilib. Agentlik götürmə aktının saxtalaşdırıb. İddia əsassızdır və iddiada qeyd edilənlər heç bir şeylə sübut olunmur. Mötəbər sübutlar mövcud deyil. X6 ilk götürdüyü yem nümunəsində heç bir problem olmayıb. İddianın təmin edilməməsini xahiş edir. Tədqiq edilmiş sənədlər X6 Heyvan sağlamlığı şöbəsinin müdiri tərəfindən Qida Zəncirinə nəzarət Şöbəsinə ünvanlanmış üzərində qeydiyyat nömrəsi və tarixi olmayan məktubdan görünür ki, X17 Yuxarı Tala kəndində fəaliyyət göstərən mağazadan aldığı arpanı qəbul etdikdən sonra şəxsi təsərrüfatına məxsus 40 baş xırdabuynuzlu heyvanın tələf olmasıyla bağlı daxil olmuş şikayətinə əsasən vətəndaşa məxsus təsərrüfatda tələf olmuş heyvanın patoloji materialı və vətəndaşın aldığı arpa yemindən nümunə götrülərək Azərbaycan X13nun müvafiq laboratoriyalarında müayinə olunmuşdur. Sınaq protokoluna əsasən tələf olmuş heyvanın patoloji materialında Paeruginosa və P.multocida (Pasterelyoz) infeksiyası törədicisi, həmçinin arpa yemi nümunəsində isə № 2 falhmu /LABO5-220O2-T-002 nömrəli Sınaq protokoluna əsasən Clostridium periferıngens (Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir. Sınaq protokolunun nəticələrini nəzərə alaraq arpa yemi heyvanların tələf olmasına səbəb ola bilər. Azərbaycan Qida Təhlükəsizliyi X10 Laboratoriyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə arpa nümunəsinin sınağına dair nəticələrdən görünür ki, nümunələrdə Clostridium periferıngens (Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(107)-274/2022 nömrəli qərarından görünür ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası X6 Şəki Regional Bölməsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(033)-196/2022 saylı qərarı ləğv edilmiş, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsi təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilməsi barədə səlahiyyətli orqan Azərbaycan Respublikasının X6 Şəki Regional Bölməsi tərəfindən qəbul edilmiş MN xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi üzrə şikayətinin təmin edilməməsi qərara alınmışdır. Zaqatala Mal bazarı tərəfindən verilmiş arayışdan görünür ki, Zaqatala rayon Əliabad qəsəbə həftəlik Mal bazarında 2022-ci ilin mart ayında 1 baş ana qoyunun qiyməti 200- 230 manat arasında dəyişilir. Quzunun qiyməti 140-160 manat arasında dəyişilir. 2023-cü ilin mart ayında 1 baş ana qoyunun qiyməti 270-300 manat arasında dəyişir. Bir baş Quzunun qiyməti 220-250 manat arasında dəyişilir. Azərbaycan Respublikası X11 X9 tərəfindən Cavabdeh1 ünvanlanmış 17 iyul 2023cü il tarixli məktubdan görünür ki, 2022-ci ilin 14 mart tarixində vətəndaş X16 Azərbaycan Respublikasının X6 1003 “Çağrı Mərkəzi”nə Yuxarı Tala kəndində fəaliyyət göstərən mağazadan aldığı arpanı qəbul etdikdən sonra şəxsi təsərrüfatına məxsus 40 baş xırdabuynuzlu heyvanın tələf olmasıyla bağlı daxil olmuş şikayətinə aidiyyəti üzrə Agentliyin Şəki (hal hazırda X9) regional bölməsində baxılmışdır. Müraciətdə qeyd olunan məsələnin yerində araşdırılması və mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün Şəki regional bölməsinin əməkdaşları tərəfindən Zaqatala rayonu Çökək kənd sakini vətəndaş X18 məxsus təsərrüfatda tələf olmuş heyvanın patoloji materialı və vətəndaşın aldığı arpa yemindən nümunə götrülərək Azərbaycan Qida Təhlükəsiziliyi İnstitutunun müvafiq laboratoriyalarına müayinə olunması üçün göndərilmişdir. AQTİ-nin X2 xx.xx.2022-ci il tarixli №2 falhmu/LAB04-22001-T-001 nömrəli Sınaq protokoluna əsasən tələf olmuş heyvanın patoloji materialında P.aeruginosa, və P.multocida (Pasterelyoz) infeksiyası törədicisi, həmçinin arpa yemi nümunəsində isə AQTİ-nin X1 xx.xx.2022-ci il tarixli №xxxxxxx/LAB05-22002-T-002 nömrəli Sınaq protokoluna əsasən Clostridium periferingens Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir. Qeyd edilmiş faktla əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2022-ci il tarixli KY221730573 nömrəli Çıxarışa və Agentliyin Şəki regional bölməsinin yoxlamanın aparılması haqqında xx.xx.2022-ci il tarixli ŞRB-124 nömrəli Qərarına əsasən Cavabdeh2 məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən yemlərin satış mağazasında sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunması, o cümlədən bu sahədə insanların həyat və sağlamlığının qorunmasının təmin edilməsi məqsədi ilə yoxlama həyata keçirilmişdir. 19 aprel 2022-ci il tarixli yoxlama zamanı Cavabdeh2 məxsus Yemlərin satış mağazasında məhsulun saxlanması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə 19 aprel 2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmiş, qeyd edilmiş arpa yemindən AQTİ-nin müvafiq laboratoriyasında müayinə olunması üçün nümunə götürülmüşdür. 19 aprel 2022ci il tarixli plandankənar yoxlama zamanı götürülmüş məhsul nümunəsində AQTİ-nin X1 xx.xx.2022-ci il tarixli xxxxxxx/LAB05-22001- T-001 nömrəli sınaq protokoluna əsasən şikayətçi tərəfin məhsulunda aşkar edilmiş nəticələrin eynisi yəni Clostridium periferingens (Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir. Plandankənar yoxlama zamanı götürülmüş məhsul nümunəsində aşkar edilmiş uyğunsuzluğa əsasən Cavabdeh2 istehlakçı hüquqlarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsi ilə 25 may 2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq Zaqatala rayonu Çökək kənd sakini vətəndaş X18 məxsus təsərrüfatda arpa yemi nümunəsində aşkar edilmiş nəticələrin (Clostridium periferingens (Enterotoksemiya) infeksiya törədicisi və Kif- maya göbələyi) heyvanlarda tələfata səbəb ola biləcəyi istisna edilmədiyi kimi, tələf olmuş heyvanın patoloji materialında P.aeruginosa, və P.multocida (Pasterelyoz) infeksiyası törədicisinin aşkarlanması halı təsərrüfatda epizootolji vəziyyətin qeyri sabit olduğu və təsərrüfatda tələfata səbəb ola biləcək xəstəlik olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası X11 Azərbaycan X13 X22 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, xırdabuynuzlu heyvan ölümü ilə bağlı həyata keçirilən mikrobioloji laboratoriya müayinələri nəticəsində arpa yeminin tərkibində Clostridium perfringens və kif - maya göbələyi, heyvan patoloji materialında isə Pastrella multocida və Pseudomonas aeruginosa aşkar edilmişdir. Nəzərə almaq lazımdır ki, laborator heyvanları üzərində həyata keçirilən toksikoloji müayinələr xırdabuynuzlu heyvanların ölümünə səbəb olması iddia olunan arpa yeminin toksiki xüsusiyyətlərə malik olmadığını göstərmişdir. Belə ki, sınaq nəticəsində laboratoriya heyvanları arasında letallıq aşkar olunmamışdır. Patoloji materialın müayinələri nəticəsində aşkar edilən Pastrella multocida xırdabuynuzlu heyvanlarda Pasterelyoz xəstəliyinin törədisi kimi tanınır. Törədicinin virulentliyi və orqanizmə daxilolma yolundan asılı olaraq xəstəliyin gedişatı müxtəlif (ildırımvari, iti, yarımiti və xroniki) ola bilər. Xəstəlik dövründə orqanizmə sirayət etmiş digər ikincili infeksiyalar xəstəliyin ağır keçməsində rol oynayır. Xəstəliyə qarşı zəruri profilaktiki və müalicəvi tədbirlər görülmədiyi təqdirdə xəstə heyvanların qısa müddətdə tələf olması mümkündür. Baş vermiş heyvan ölümünün etioloji amillərinin müəyyənləşdirilməsində laborator müayinə nəticələri ilə yanaşı, heyvanların ölümqabağı kliniki müşahidə nəticələri, eyni zamanda tələf olmuş heyvanların orqanizmində baş vermiş patoloji-anatomik dəyişikliklərin kompleks şəkildə nəzərə alınması mühüm əhəmiyyət kəsb etdiyi halda, məktubda bu barədə məlumatlar verilməmişdir. Yalnız sözügedən heyvanlar barədə zəruri kliniki-diaqnostik və baytarlıq-ekspertiza məlumatları təqdim olunduğu təqdirdə, baş vermiş heyvan ölümünün etiologiyası barədə qənaətə gəlmək mümkündür. 10 mart 2022-ci il tarixli Acınohur qış otlaq sahəsində şahidlərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, sahibkar İddiaçı Yuxarı Tala kəndindəki, taxıl satışı mağazasından Mahir adlı şəxsdən 1800 kq arpanı qoyunları yemləmək üçün satın almışdır. Həmin arpanı binə çobanı Mahmudov Məhərrəm 8 mart 2022-ci il tarixində Mehdiyev Yusif otaran quzulu-qoyun sürüsünə yem kimi vermişdir. Arpa verəndən sonrakı gün həmin sürüdəki qoyunların 70 başı tam, 20 başı isə qismən iflic olmuşdur. Qoyunların zəhərlənməsinə dair Azərbaycan Respublikası X3ynar xəttinə məlumat verilmişdir. Agentliyin rayon şöbəsi tərəfindən komissiya yaradılmış və komissiya mövcud vəziyyəti yerində araşdırmış, yem və digər nümunələr götürülərək analiz üçün X8 rəsmi qaydada göndərilmişdir. Nümayəndə gələnə qədər binədə 40 baş ana quzulu-qoyun tələf olmuş və komissiya getdikdən sonra da ölüm halları davam etmişdir. Ümumilik 60 baş ana qoyun arpa zəhərlənməsindən tələf olmuşdur. X11 qoyunların arpadan zəhərlənməsini təsdiq edən analiz göstəricilərini rayon şöbəsinə göndərmişdir Tələf olmuş qoyunlar yalnız arpa verən sürüdən olduğu üçün tam ehtimal olunur ki, arpada qoyunları zəhərləyən birləşmələr mövcud olmuşdur. Tələf olan qoyunlar yalnız sahibkar İddiaçı yox həmçinin binədə çalışan çobanlara da məxsusdur. Qoyunların arpa zəhərlənməsindən öldüyünü sübut edən dəlillər və şahidlər vardır.Ona görə də dəymiş zərərin və itirilən gəlirin taxıl satan Yuxarı Tala kənd sakini Mahir adlı şəxsdən tutularaq zərərdəymışlərə ödənilməsini hüquq-mühafizə orqanlarında xahiş edirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-4/1566 nömrəli, 05 mart 2024-cü il tarixli rəyindən görünür ki, Cl.perfringens və kifmaya göbələkləri ilə sirayətlənmiş yemlərin heyvanların yemləndirilməsində istifadəsi yolverilməzdir. Əks təqdirdə heyvan sağlamlığı ilə bağlı problemlərin, o cümlədən xəstəliklərin və toksikozların baş verməsi üçün şərait yarana bilər. Cl.perfringens və kifmaya göbələkləri ilə sirayətlənmiş yem ilə qidalanmanın heyvan ölümü ilə nəticələnməsi ehtimal olunduğu halda, heyvan ölümünün baş verməsi müxtəlif amillərdən (o cümlədən yemin mikrobioloji sirayətlənmə həddi, qəbul edilən yemin miqdarı, heyvanın fizioloi vəziyyəti, heyvan orqanizminin immun statusu və s.) asılı olaraq, qeyri-müəyyən müddətlərdə qeydə alına bilər. Cl.perfringens və kif-maya göbələkləri, həmçinin P.aeruginosa və P.multocida mənşə etibarilə müxtəlif taksonomik mikroorqanizm qruplarına mənsub olduğundan, yemlərin tərkibində aşkar edilən bir mikrorqanizm növünün (Cl.perfringens və ya kif- maya göbələkləri) heyvanlarda digər mikroorqanizm növünün (P.aeruginosa və ya P.multocida) aşkar edilməsinə səbəb olması mümkün hesab olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iddiaçı tələbində 60 baş quzulu qoyunları ilə birgə öldüyünü iddia etmiş, daha sonra tələf olmuş heyvanların 98 baş olduğunu, tək öz qoyunları deyil, çobanlara məxsus qoyunların da tələf olduğunu, həmin qoyunların əvəzini çobanlara ödədiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Yanaşı yoхlanılmış xx.xx.2022-ci il tarixli aktda isə yalnız 60 baş ana qoyunun arpa zəhərlənməsindən tələf olduğu, tələf olmuş qoyunların yalnız arpa verən sürüdən olduğu üçün arpada zəhərləyən birləşmələrin mövcud olduğunun tam ehtimal olunduğu, tələf olan qoyunların yalnız sahibkar iddiaçıya deyil, binədə çalışan çobanlara da məxsus olduğu göstərilmişdir. Aktdan görünür ki, onu tərtib edənlər o cümlədən iddiaçı, 98 baş deyil, 60 baş qoyunun iddiaçı ilə yanaşı digər şəхslərə məхsus olduğunu təsdiq edirlər. Məhkəmə, onu tərtib edənlərin tələf olmuş qoyunların yalnız arpa verən sürüdən olduğu üçün arpada zəhərləyən birləşmələrin mövcud olduğunun tam ehtimal etmələrini, eləcə də bu sahədə хüsusi biliklərinin mövcud olmasının təsdiq olunmadığını və mübahisənin həllində maraqlı olmalarını nəzərə alaraq, həmin aktı qoyunların sayı və arpadan zəhərlənmələri hissəsində mötəbər sübut saymır. Yanaşı yoхlanılmış X6 Heyvan sağlamlığı şöbəsinin Qida Zəncirinə nəzarət Şöbəsinə ünvanladığı tarix və qeydiyyat nömrələri olmayan məktubdan isə görünür ki, iddiaçı yalnız 40 baş xırdabuynuzlu heyvanın tələf olması ilə bağlı şikayət etmişdir. İş üzrə sübutlarla, tələf olmuş qoyunların neçəsinin iddiaçıya məхsus olması, bununla da ona dəymiş zərərin miqdarını, eləcə də binədə çalışan çobanlara da məxsus heyvanların ölümü ilə bağlı onlara dəymiş zərərin əvəzinin özünə ödənilməsini tələb etmək hüququnun iddiaçıya keçməsi halı təsdiq edilməmişdir. İddiaçı eyni zamanda yemləmənin ertəsi günü qoyunların 70 başının tam, 20 başının isə qismən iflic olduğunu iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi bu halın təsdiqi üçün sübut təqdim etməmişdir. İddiaçı eyni zamanda sürüdəki qoyunların sayı barədə məlumat verməsə də, onun bildirdiklərindən görünür ki, sürüdə ən azından 90 baş qoyun olmuşdur ki, onlardan da yalnız X6 Heyvan sağlamlığı şöbəsinə ünvanladığı şikayət ərizəsində göstərdiyi sayda 40 başı tələf olmuşdur. Onlardan neçəsinin iddiaçıya məхsus olması isə bəlli deyil. Cavabdehdən alınan arpa ilə qidalanan eyni sürüdəki qoyunların yalnız bir hissəsinin tələf olması, digərlərinin isə tələf olmaması, qoyunlar arasında baş vermiş tələfatın qidalandıqları arpadan zəhərlənmələri ilə bağlı olmadığını, tələfatın başqa səbəblə əlaqəli olduğunu təsdiq edir. Belə ki, yanaşı yoхlanılmış Azərbaycan Respublikası X11 X4 17.07.23-cü il tarixli məktubunda təsərrüfatda epizootolji vəziyyətin qeyri sabit olduğu və təsərrüfatda tələfata səbəb ola biləcək xəstəliyin aşkar edildiyi göstərilir. Cavabdehdən alınan eyni arpa ilə qidalanan heyvanların yalnız bir hissəsinin tələf olması, digərlərinin isə salamat qalmaları, onların təsərrüfatdakı qeyri sabit epizootolji vəziyyət və tələfata səbəb ola biləcək xəstəlik səbəbindən tələf olmalarını təsdiq edir. Bundan başqa, yanaşı yoхlanılmış Azərbaycan Respublikası X11 Azərbaycan X13 X22 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xırdabuynuzlu heyvan ölümü ilə bağlı həyata keçirilən mikrobioloji laboratoriya müayinələri nəticəsində arpa yeminin tərkibində Clostridium perfringens və kif - maya göbələyi, heyvan patoloji materialında isə Pastrella multocida və Pseudomonas aeruginosa aşkar edilmişdir. Yanaşı yoхlanılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-4/1566 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə isə, yemlərin tərkibində aşkar edilən bir mikrorqanizm növünün (Cl.perfringens və ya kif- maya göbələkləri) heyvanlarda digər mikroorqanizm növünün (P.aeruginosa və ya P.multocida) aşkar edilməsinə səbəb olmasının mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı heyvanların tələf olmasına cavabdehlərdən aldığı arpa məhsulunun səbəb olduğunu iddia etsə də, yanaşı yoхlanılmış sübutlarla arpa yeminin tərkibində Clostridium perfringens və kif - maya göbələyi, heyvan patoloji materialında isə Pastrella multocida və Pseudomonas aeruginosa olduğu müəyyən edilmişdir ki, bu da heyvan tələfatının səbəbinin heyvan patoloji materialında aşkar edilməmiş Clostridium perfringens və kif - maya göbələyinin olmadığını təsdiq edir. Beləliklə iş üzrə sübutlarla qoyunların tələf olmalarına tərkibində Cl.perfringens və ya kif- maya göbələkləri aşkar edilmiş arpa məhsulunun səbəb olması, bununla da iddiaçının qoyunlarının ölməsi ilə bağlı zərərə uğramasında cavabdehlərin təqsirli olmaları, onların hərəkətləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu təsdiq edilməmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, tələf olmuş qoyunların neçəsinin iddiaçıya məхsus olması, bununla da ona dəymiş zərərin miqdarını, eləcə də binədə çalışan çobanlara da məxsus heyvanların ölümü ilə bağlı onlara dəymiş zərərin əvəzinin özünə ödənilməsini tələb etmək hüququnun iddiaçıya keçməsi, qoyunların cavabdehlərdən satın alınmış arpadan zəhərlənib tələf olmaları, qoyunların tələf olmaları ilə bağlı iddiaçının zərərə uğramasında cavabdehlərin təqsirli olmaları, onların hərəkətləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu sübut edilmədiyindən, iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aiddir və cavabdehlərdən onun хeyrinə tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-14/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-14/2024
05.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver