Məhkəmə qərarları › İş №e-2(033)-149/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-149/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-149/2023 15.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh1 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 oğlu və Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh2 oğlundan ona məxsus 13 baş iribuynuzlu malın (inək), mövcud olmadıqda onların naturada dəyəri olaraq 15000 (on beş min) manat pulun və ödənilmiş 135 (yüz otuz beş) AZN məbləğindəki dövlət rüsumunun alınaraq ona verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 2020-ci ildə 15 baş iribuynuzlu malları (inək) var idi. Həmin malları X1 dağda yaylaq ərazidə olan binəsində saxlayırdı. X2 həmin mallarına artıq baxa bilmədiyini bildirdikdə başqa adam tapıb ona məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra cavabdeh Elxan və qardaşı yanına gələrək malları satın ala biləcəklərini dedilər. Onlar yaylaqdan düşdükləri üçün üstlərində pul olmadıqlarını və iki il ərzində pulu verə biləcəklərini dedilər. O da onlara notarial müqavilə bağlamağı təklif etsə də, onlar bir həftəyə yenidən gəlib müqavilə rəsimləşdirəcəklərini bildirdilər. O, həmin 15 baş maldan 2 başını özünə saxlamış, geri qalan 13 baş malı (inəyi) isə cavabdehlərə 12000 (on iki min) manata satmağa razılaşmışdır. Bundan sonra onlar çıxıb getmişlər. Bundan bir neçə gün sonra Ceyhun Yusifzadə zəng edərək ona bildirmişdir ki, Elxan və qardaşı malları götürməyə gəlib. O da ver demişdir. Onlarla danışmışdır. Düşünmüşdür ki, yəqin götürüb sonra müqavilə bağlamağa gələcəklər. Çünki onların da bildirdiyi kimi malları Ceyhunun olduğu yaylağa yaxın yerdə yerləşirdi. Müxtəlif vaxtlarda zəng edib pulu verməyi və ya müqavilə bağlamağı təklif etsə də hər dəfə müxtəlif bəhanələrlə yayınırdı. Cavabdehlər uzun müddət pulunu vermədiyi üçün polis şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Polis şöbəsinə yalnız Cavabdeh1 dəvət edilmiş və onun izahatı alınmışdır. Bundan sonra Qax rayon Polis şöbəsinin müstəntiqi Zöhrab Abdullazadə tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarında işin mülki xarakterli olması və buna görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və Cavabdeh1 polis şöbəsində verdiyi izahatdan göründüyü kimi, cavabdeh ondan 13 baş inək aldığını etiraf etmişdir. Amma o izahatında yalan danışaraq malların qiymətinin 8000 (səkkiz min) manat olmasını və 6000 (altı min) manat ona verdiyini demişdir. Cavabdehin yalan danışması iş üzrə sənədlərlə öz təsdiqini tapır. Belə ki, işə əlavə etdiyi arayışdan göründüyü kimi, 2020ci ilin yay aylarında bir inəyin qiyməti təxminən 1300-1500 manat arasında dəyişirdi. Həmin ildə mal ətinin bir kiloqramı 9,50-10,5 manat arasında idi. Onun inəklərinin ət çəkisi 120 kq-dan çox idi. İnək malının bazarda satışı zamanı onun ət qiyməti ilə yanaşı bala verməsi kimi əsaslar da nəzərə alınır. Yəni 100 kq əti olan inəyin bazar qiyməti 1200-1300 manat təşkil edir. Belə olan halda onun 12 baş inək üçün cavabdehlə 8000 manata razılaşmağı mümkünsüz idi. Hətta Elxana malları verdikdən sonra həmin mallardan 6 bala götürmüşdür. O malları verərkən 6-sı boğaz idi. Boğaz malların qiyməti isə daha yüksək olur. Cavabdeh bu günə kimi malların pulunu və ya apardığı malları qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 2020-ci ilin iyul ayında özünə məxsus olan 15 baş itibuynuzlu mal-qaranı pula ehtiyacı olduğundan, şəraiti olmadığından, həmin heyvanlara baxa bilmədiyindən satmaq qərarına gəlmişdir. Bundan sonra heyvanların satışı ilə bağlı Cavabdeh1la razılaşmış, ona 13 baş iribuynuzlu mal-qaranı 12000 manata sata biləcəyini bildirmişdir. Elxan onunla razılaşmış, 2 il ərzində pulunu qaytaracağını bildirmişdir. Lakin, keçən müddət ərzində Elxan ona aldığı malqaranın pulunu verməmişdir. Onun cavabdeh Asif adlı şəxslə arasında hər hansı razılıq olmamışdır. Asif Elxanın yanında olduğundan ona qarşı da iddia qaldırmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının verdiyi izahata uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, tərəflər arasında şifahi əqd bağlanmışdır. Bu əqd üzrə tərəflərin alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri yaranmışdır. Hüquqlarını müdafiə etdiyi iddiaçı üzərinə götürdüyü öhdəlikləri icra etmiş, yəni mülkiyyətində olan 13 baş inəyi cavabdehlərə vermiş, lakin cavabdehlər malların dəyərini ödəməməklə öhdəliklərini icra etməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçını 2016-cı ildən tanıyır. Onunla heyvanları dağa çıxaran zaman tanış olmuşdur. İddiaçı ilə aralarında 12 baş iribuynuzlu heyvanın nisyə alqı-satqısına dair razılıq olub. Belə ki, iddiaçı heyvanlara baxa bilmədiyini bildirərək mal-qaranı satmaq istədiyini ona bildirmişdir. O iddiaçıya məxsus 12 baş heyvanı 5 baş ana-bala və 2 buzovu götürmüşdür. Razılığa əsasən ana-balanın birlikdə qiyməti 1400 manat və hər buzov üçün 500 manat olmaqla ümumilikdə 8000 manat iddiaçıya ödəməli idi. Bu qiymətlə bağlı aralarında razılaşma olmuşdur. 2020-ci ilin sentyabrında həmin puldan 6000 manatı iddiaçıya ödəmiş, onun iddiaçıya 2000 manat borcu qalmışdır. 2000 manatı isə 2023-cü ildə ödəməli idi. İddiaçıya pul ödədiyi zaman ikisindən başqa heç kim olmamışdır. O malları iddiaçının tapşırığı ilə Ceyhun adlı şəxsdən götürüb və iddiaçı ilə o özü razılaşıb. Bu razılaşma əldə edilərkən qardaşı iş üzrə digər Cavabdeh2 oğlu razılaşmada olmayıb. Onun alqı-satqı ilə bağlı iddiaçıya 2000 manat borcu qaldığından iddianın həmin hissədə təmin edilməsinə etiraz etmir. Cavabdeh2 oğlu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Qax RPŞ-nin İQ-nun müstəntiqi X4 tərəfindən qəbul edilmiş 24 may 2022-ci il tarixli “Material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqında” qərardan görünür ki, HK-1/41 saylı material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, əlavə araşdırma zamanı izahatı alınmış X2 vermiş olduğu izahatında Qax rayonu, Zərnə kənd sakini İddiaçı 2018-ci ildən tanıdığını, onunla heç bir düşmənçiliyinin və ədavətinin olmadığını, 2020-ci ilin iyun ayında İddiaçı özünə məxsus 12 baş iribuynuzlu mal-qaranı ona satmaq istədiyini dediyini, həmin heyvanlara baxdığını, heyvanların hamısının baxımsız, zəif heyvanlar olduğunu, ondan həmin heyvanları almaq istəmədiyini dediyini, lakin İddiaçı təkidlə həmin heyvanları ona verdiyini, pulunu “3 ilə ödəyərsən” dediyini, onunla razılaşdığını, Qazıməhəmmədlə konkret qiymət danışmadığını, Qazıməhəmmədin ona qiymət demədiyini, hər dəfəsində bir şey danışdığını, bir müddət sonra Qazıməhəmmədə zəng edərək ondan aldığı heyvanlara baxa bilmədiyini, gəlib götürməsini dediyini, Qazıməhəmmədə adam tapıb xəbər edəcəyini dediyini, bir müddət sonra tanıdığı Elxan adlı şəxsin onun yanına gəldiyini, həmin şəxsin Qazıməhəmmədlə danışdığını, heyvanları götürmək üçün gəldiyini dediyini, Elxanın ondan 12 baş iribuynuzlu mal-qaranı götürdüyünü, bu barədə Qazıməhəmmədə zəng edib bildirdiyini, Qazıməhəmmədin ona “problem yoxdur, götürsün” dediyini, Elxanın onunla razılaşdığını bildirdiyini, bundan sonra baş verənlərdən heç bir məlumatının olmadığını göstərmişdir. Fiziki şəxs X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə həftəlik Mal bazarında 2020-ci ilin iyun-avqust aylarında 1 baş iribuynuzlu malın (cavan inək) qiyməti 1300-1500 manat arasında dəyişir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 329.2 və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı 2020-ci ildə Cavabdeh1 oğluna 12 baş iribuynuzlu heyvanı nisyə satmışdır. Cavabdeh isə həmin heyvanları qəbul edərək onların dəyərini daha sonra ödəməyi vəd etmişdir. Cavabdeh1 oğlu iddiaçıya məxsus 12 baş iribuynuzlu heyvanları yaylaqdan Ceyhun Yusifzadədən götürərək aparmışdır. İddiaçı 13 baş iribuynuzlu heyvanların və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh1 oğlu iddia tələbini qismən qəbul edərək iddiaçı ilə aralarında olan razılığa əsasən 12 baş iri buynuzlu heyvanları iddiaçıdan 8000 manata aldığını, həmin heyvanların dəyərinin 6000 manat hissəsini ona ödədiyini və iddiaçıya 2000 manat borcunun qaldığını bildirir. Cavabdeh2 oğlu iddia tələbinə qarşı münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 oğlunun iddiaçı qarşısında 12 baş iribuynuzlu heyvanların dəyərini qaytarmalı olması ilə bağlı öhdəlik götürdüyü sübuta yetirildiyindən iddia tələbi 12 ədəd iribuynuzlu heyvanların, mövcud olmadıqda isə dəyərinin ödənilməli hissəsində təmin edilməlidir. İşin şərh olunan hallarından göründüyü kimi, İddiaçı 2020-ci ilin iyul ayında şifahi nisyə alqı-satqı müqaviləsi əsasında özünə məxsus 12 baş iribuynuzlu heyvanı Cavabdeh1 oğluna satmış və cavabdeh həmin 12 baş iribuynuzlu heyvanı yaylaqdan Ceyhun Yusifzadədən təhvil almışdır. Lakin Cavabdeh1 oğlu şifahi nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü heyvanların dəyərinin ödənilməsi ilə bağlı vəzifələrini yerinə yetirməmiş və onun iddiaçı qarşısında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin bu hissədə təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh1 oğlunun İddiaçı 12 ədəd iribuynuzlu heyvan olan malı götürməsi və həmin heyvanların dəyərini iddiaçıya verməməsi öz təsdiqini tapdığından iddiaçı həmin heyvanların və ya onların dəyərinin Cavabdeh1 oğlundan alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla o da müəyyən olunur ki, Cavabdeh1 oğlunun iddiaçıdan cəmi 12 baş iribuynuzlu mal-qara alması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh özü də etiraf edir ki, həqiqətən yuxarıda qeyd olunan nisyə alqı-satqı müqaviləsini bağlamaqla iddiaçı ilə razılığa gəlmişdir. Lakin Cavabdeh1 razılıq əsasında müəyyən edilmiş 8000 manat puldan 6000 manatını iddiaçıya verdiyini və pulun ödənildiyi zaman ancaq ikisinin olduğunu bildirir. İddiaçı isə cavabdehin ona hər hansı məbləğdə pul ödəmədiyini bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi əsasında əldə olunmuş mal-qaranın dəyərini həqiqətən iddiaçıya ödəməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəmə iclası zamanı da bunu sübuta yetirə bilməmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iri buynuzlu heyvanların dəyəri Cavabdeh1 oğlu tərəfindən mübahisələndirilsə də, onun tərəfindən heyvanların dəyərinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilmiş iribuynuzlu heyvanların dəyərini iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş fiziki şəxs X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilən iri buynuzlu malın dəyərinin aşağı həddinə uyğun və iddia tələbi həcmində müəyyən edilməsini əsaslı hesab edir. Ona görə ki, iddiaçıya qaytarılmalı olan 12 baş mal-qaranın dəyəri məhkəmə iclasında tədqiq olunmuş arayışa əsasən 12x1300=15600 manat təşkil edir. Lakin iddiaçı tərəf iddiasında cavabdehdən 15000 manat tələb edir. Məhkəmə də, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, iddia tələbi malqaranın dəyərinə münasibətdə iddiada göstərilən həcmdə təmin edilməlidir. Həmçinin iddiaçının cavabdehə 12 baş deyil, 13 baş iribuynuzlu mal-qaranı verməsi öz təsdiqini tapmamış, bununla bağlı iddiaçı tərəf məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə daha sonra iddia tələbi ilə bağlı digər Cavabdeh2 oğluna münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı iddia ərizəsində Cavabdeh1 oğlu ilə birlikdə onun qardaşı olan digər Cavabdeh2 oğlunun da 2020-ci ilin iyul ayında əldə etdikləri razılaşmada (şifahi bağlanmış nisyə alqı-satqı müqaviləsində) iştirak etdiyini və razılaşmanın predmeti olan iribuynuzlu heyvanların Ceyhun Yusifzadədən təhvil alınmasında iştirak etməsini qeyd etsə də, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə baxışı zamanı əldə edilmiş sübutların tədqiqi nəticəsində Cavabdeh2 oğlunun iddiaçı qarşısında öhdəliyinin yaranması qənaətinə gəlmək mümkün deyil. Ona görə də, iddia tələbi Cavabdeh2 oğluna münasibətdə təmin edilə bilməz. İddia tələbi qismən təmin edildiyindən İddiaçı dövlətə ödədiyi 135 manat dövlət rüsumu Cavabdeh1 oğlundan alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh1 oğlundan 12 baş iribuynuzlu mal (inək), mövcud olmadıqda isə onların dəyəri olan 15000 (on beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh1 oğlundan 135 (bir yüz otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar