Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-157/2023 14.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat pulun, 2000 (iki min) manat mənəvi zərərin, rəyin alınması üçün ödənilmiş 25 (iyirmi beş) manatın və iddia ərizəsi üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu Bəhmətli kənd sakini Cavabdeh1 ilə faktiki olaraq ər-arvad münasibətində olmuşdur. Nikahlarını rəsmiləşdirmək üçün “Asan” xidmətdə sənədləşmə işlərini aparsalar da, Cavabdeh1 onu aldadaraq, rəsmi nikahdan yayınmışdır. Evləndikdən sonra Cavabdeh1 yaşadığı Zaqatala rayonu Bəhmətli kəndində yerləşən evə gəlin köçmüşdür. Cavabdeh1 adına 2500 manat dəyərində yataq mebelini kreditə götürmüşdür. İlkin olaraq 400 manat ödəmiş, qalan pulu hər ay 242 manat ödənilməli idi. Bundan başqa Mahmudov X2 bazarında alver edən Rəcəb adlı şəxsdən 700 manat dəyərində pastel dəsti, Zərnişan və Mahirə adlı qadınlardan geyim əşyaları 300 manat, Bəhram adlı şəxsdən isə 200 manat məbləğində nisyə ayaqqabılar almışdır. Eyni zamanda Zaqatala bazarında qızılzinət əşyaları satan Ofelya adlı qadından 700 manat məbləğində qızıl komplekti nisyə almış, 200 manat ödənilmiş, hazırda 500 manat borc qalıq olaraq qalmışdır. Artıq o, Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdən ər-arvad münasibətlərinə son qoymuşdur. Hazırda o, özünə aid əmlaklarını geri götürə bilmir. Cavabdehlər Cavabdeh1 və onun anası Cavabdeh2 əşyalarını mənimsəyiblər. Hesab edir ki, Cavabdeh1 ona qarşı dələduzluq edib. Ən əsası Cavabdeh1 onun qadın hissləri ilə oynamışdır. İlk evliliyi uğursuz olduğu üçün ikinci dəfə ailə qurmuşdur. Böyük ümüdləri var idi. Nəticədə mal sahibləri ondan borclarını tələb edirlər. Cavabdeh1 aldığı əşyaların pullarını ödəməyini bildirsə də, ona hədə-qorxu gəlir. Son bir neçə ayda Cavabdeh1 ona böyük sarsıntı yaşadıb. Həm maddi, həm də mənəvi zərərə düşmüşdür. Hazırda o, cavabdehlərdən aşağıda qeyd olunan əşyalarını naturada və ya dəyərini tələb edir. Mebel yataq dəsti, stol-stul 1 dəst dəyəri 2800 manat, qızıl qolbağı, boyunbağı, üzük (əyar 583) 1 dəst dəyəri 1400 manat, paltar donlar 5 ədəd dəyəri 280 manat, ayaqqabılar 5 cüt dəyəri 160 manat, paltar koftalar 4 ədəd dəyəri 180 manat. Bu barədə Azərbaycan Respublikasının Baş X3 Əliyevə və Zaqatala Rayon Polis Şöbəsinin rəisi X4 müraciət edərək Cavabdeh1 ona qarşı dələduzluq etməsi barədə şikayət etmişdir. Şikayət ərizəsi Azərbaycan Respublikasının Baş Prokurorluqdan baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatına göndərilmişdir. Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə şikayət və tələbinin mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Bundan başqa cavabdeh onu mənəvi zərərə salmışdır. Hazırda cavabdehdən 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat pulu və mənəvi zərərin əvəzi olaraq 2000 manat tələb edir. Ona görə də məhkəməyə müraciət edir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək yalnız Cavabdeh1 5 ədəd donun dəyəri olan 280 manat, 5 cüt ayyaqabının dəyəri olan 160 manat və 4 ədəd koftanın dəyəri 180 manat və rəyin alınması üçün ödənilmiş 25 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə faktiki nikahda yaşamışlar. Onlar iddiaçı ilə faktiki nikahda olduqları dövrdə Bəhmətli kəndində yerləşən onun özünün yaşadığı evdə birgə yaşamışlar. İddia tələbində qeyd edilən mebelin kreditini o özü ödəmişdir. Birgə yaşadıqları dövrdə iddiaçıya iddia ərizəsində qeyd edilən paltarlar alınmış və iddiaçı evdən gedərkən özünə məxsus bəzi paltarları özü ilə aparmışdır. İddia tələbində qeyd edilən paltarların bir qismi onun evində qalmışdır. Həmin əşyaların bəziləri məhv olmuşdur. İddianın qismən təmin olunmasını xahiş etmişdir. İşin halları Zaqatala rayonu Kooperativ Cəmiyyətinin 03 noyabr 2022-ci il tarixli, 32 nömrəli rəyindən görünür ki, mebel yataq dəsti, stol, stul dəstinin qiyməti 2800 manat, 583 əyyar qızıl qolbağ, boyunbağ üzüyün dəyəri 1400 manat, 5 ədəd donun dəyəri 280 manat, 5 cüt ayaqqabının dəyəri 160 manat, 4 ədəd koftaların dəyəri 180 manat, 5 adda əşyaların cəmi dəyəri 4875 manatdır. Zaqatala Rayon Kooperativ Cəmiyyəti tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli, Seriya GAZ 003759 nömrəli kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı qiymətləndirmə üçün rüsum pulu olaraq 25 manat ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən maddəsinin tələblərinə əsasən müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, cavabdehin axtarılması ilə əlaqədar xərclər, qətnamənin icrası ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu 5.1 və 5.1.1-ci maddələrinə əsasən bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 qeyri-rəsmi evlənmişlər. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı ilə Cavabdeh1 bir müddət cavabdehin yaşadığı Zaqatala rayonu Bəhmətli kəndində yerləşən evdə yaşamışlar. Onlar birgə yaşadıqları dövrdə iddiaçıya 280 manat dəyərində 5 ədəd don, 160 manat dəyərində 5 cüt ayaqqabı, 180 manat dəyərində 4 ədəd kofta alınmışdır. İddiaçı həmin əşyaların iddiaçının yaşadığı evdə qaldığını və həmin əşyaların dəyərinin ona ödənilməsini tələb edir. Cavabdeh1 isə iddiaçının həmin əşyaların bir qisminin birgə yaşadıqları evdən gedərkən özü ilə götürdüyünü və iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus 5 ədəd donun, 5 cüt ayaqqabının, 4 ədəd koftanın iddiaçıya verilməsi, iş materialları və tərəflərin izahatları ilə cavabdehdə olması tam sübut olunduğundan iddia tələbi təmin edilməlidir. Lakin, cavabdeh tərəf həmin əşyaların bir qisminin iddiaçının apardığını qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının bu tələbi əsaslıdır və o, həmin əşyaların dəyərinin qaytarılmasını tələb etmək hüququna malikdir. Həmin əmlakların cavabdehdə qalması qanunsuzdur və həmin əşyaların dəyəri mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır. İş materiallarından da göründüyü kimi iddiaçıya məxsus iddia ərizəsində göstərilən şəxsi əşyalar hesab olunan 5 ədəd donun, 5 cüt ayaqqabının, 4 ədəd koftanın iddiaçıya alınması cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur. Həmin əşyaların iddiaçı tərəfindən cavabdehlə birgə yaşadıqları Zaqatala rayonu Bəhmətli kəndində yerləşən evindən götürülməsi əsaslı şübhə yaratmayan digər bir sübutla təsdiq edilmədiyindən və cavabdehdə olması tam sübut olunduğundan məhkəmə hesab edir ki, iddia əsaslıdır. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, cavabdeh məhkəmə iclasında iddiaçıya məxsus əşyaların evdə olmadığını və məhv olduğunu bildirmiş, belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus 5 ədəd donun, 5 cüt ayaqqabının, 4 ədəd koftanın dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qanunvericiliyin mənasına görə hədiyyə verilən daşınar əşyanı bağışlama niyyəti ilə hədiyyə alana verdikdə hədiyyə alan həmin əşyanın mülkiyyətçisinə çevrilir. Tərəflər arasında bağışlama müqaviləsi olmuşdur. Ona görə də, iddiaçı iddia ərizəsində göstərilən 5 ədəd donun dəyəri olan 280 (iki yüz səksən) manat, 5 cüt ayaqqabının dəyəri olan 160 (bir yüz altmış) manat, 4 ədəd koftanın dəyəri olan 180 (bir yüz səksən) manat, cəmi 620 (altı yüz iyirmi) manat pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır və həmin əmlakların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçıya verilməli olan əmlakların qiymətləri cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə bunu nəzərə alaraq, cavabdehdə olan iddiaçıya məxsus əmlakların dəyərinin iddia ərizəsində göstərilən və Zaqatala RKC-nin 03 noyabr 2022-ci il tarixli rəyi əsasında müəyyən edilmiş qiymətlərə istinad etməyi daha doğru hesab edir. Yuxarıda göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddia tələbinə qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə daha sonra qeyd edir ki, məhkəmə xərclərinin aid edilməsində meyar ərz edilən tələbin haqlı olub-olmaması barədə məhkəmənin gəldiyi nəticədir. Məhkəmə tələbin haqlı olub-olmaması (yaxud hansı həddə haqlı olub-olmaması) barədə gəldiyi nəticəni qərarın nəticə hissəsində göstərir və buna uyğun olaraq məhkəmə xərci məsələsini də həll edir. İddia hansı həddə təmin olunursa, həmin həddə iddiaçı haqlı hesab edilir. İddia tələbi dəyişdirilərkən (artırılarkən, azaldılarkən) məhkəmə xərcləri iddiaçının icraat açılan anda olan tələbinə uyğun deyil, qətnamə (qərar) çıxarılan anda müdafiə etdiyi iddia tələbinə uyğun həll edilməlidir. Hazırki işdə isə iddiaçının tələbi təmin olunmuş hesab olunmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində 90 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, artıq ödənilmiş 60 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Daha sonra məhkəmə qeyd edir ki, işə baxılması ilə əlaqədar Məcəllədə göstərilən xərclərin siyahısı qəti deyil. Qanunda sadalananlardan başqa, məhkəmə də zəruri hesab etdiyi hallarda tərəfləri digər xərclərin tutulmasına cəlb edə bilər. Məsələn, sübutların toplanması ilə əlaqədar tutulan xərclər, o cümlədən iddia verilənədək toplanan xərclər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin qiymətləndirmə xərci olan 25 manatın da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddiaçı tərəf haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh1 iddiaçıya məxsus 5 ədəd donun dəyəri olan 280 (iki yüz səksən) manat, 5 cüt ayaqqabının dəyəri olan 160 (bir yüz altmış) manat, 4 ədəd koftanın dəyəri olan 180 (bir yüz səksən) manat, cəmi 620 (altı yüz iyirmi) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh1 30 (otuz) manat dövlət rüsumu, 25 (iyirmi beş) manat qiymətləndirmə üçün ödənilmiş pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun artıq ödənilmiş hissəsi olan 60 (altmış) manat dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-157/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-157/2023
14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver