Məhkəmə qərarları › İş №e-2(033)-167/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-167/2023

23.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-167/2023 23.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı X1 və onun nümayəndəsi – Vəkil Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 000 manat borcun, illik 5 faiz dərəcəsi ilə hesablanmış 1150 manat dəbbə pulunun və iddia ərizəsi üçün ödənilmiş 162,45 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin yay aylarından 02 sentyabr 2021-ci ilədək olan müddətdə Zaqatala rayon Faldarlı kənd sakini Cavabdeh faktiki olaraq özünə məxsus olmasını bildirdiyi Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,45 ha torpaq sahəsi və üzərində olan yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən bütün zəruri sənədləri hazırlayıb həmin daşınmaz əmlakı satacağını vəd edərək ondan 23.000 (iyirmi üç min) manat pul almış, lakin vədinə əməl etməyərək nə notarial alqı-satqı üçün mülkiyyət hüququnu təsdiq edən sənədləri hazırlatmamış, nə də aldığı 23.000 manat pulu qaytarmışdır. Buna görə o, Cavabdeh verdiyi 23.000 manatın qaytarılması üçün 21 may 2022-ci il tarixdə ərizə ilə Zaqatala Rayon Prokurorluğuna və Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin orqanlarda aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatlarından göründüyü kimi o, 2021-ci ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində ondan 23000 manatı (iyirmi üç min manat) aldığını etiraf etmiş və pulu qaytaracağına söz vermişdir. Buna baxmayaraq, tərəfindən verilmiş pul hələ də ona qaytarılmamışdır. Cavabdeh 23000 (iyirmi üç min) manat alması faktı onun öz şəxsi etirafından başqa araşdırma zamanı şahidlərin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə Zaqatala RPŞ-nin müstəntiqi polis kapitanı Surac Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, Cavabdeh 23000 manatı almasına dair iddiaçı G.Cəbrayılovaya verdiyi qəbz və onlar arasında “Votsap” şəbəkəsi vasitəsilə əlaqə zamanı Cavabdeh göndərdiyi səs yazıları ilə tam təsdiq edilir. Buna görə də, o pulun qaytarılması tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin satmaq üçün təqdim etdiyi əmlakın özünə aid olması barədə sənədləri hazırlamadan, bu halda daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almadan, həmin çıxarış əsasında notarial alqı-satqı aparılmamış, yalan vədlərlə aldadıb tələb edərək əvvəlcədən əmlakın bütün dəyərini alması cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hesabına əsassız varlanmasıdır. Cavabdeh Qoşqar sənədləşmə alınmadığı halda həmin məbləği 2021-ci ilin sentyabr ayında qaytarmalı idi. Həmin vaxtdan dəfələrlə tələb etsə də göstərilən məbləğ iddiaçıya qaytarılmamışdır. Ötən dövr ərzində həmin məbləğin minimum illik 5 faizi həcmində dəbbə pulunu da ödəməlidir. İddiaçı əsl iddiaçı olaraq X4 ilə əvəz edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, məhkəmə prosesində əlavə olaraq göstərmişdir ki, evə dair verilmiş 23000 manat pul vəsaiti ona məxsus olmuşdur, o, müəllimə işləməklə kurslarda şagirdlərə özəl dərs tədris edir. Ailələrində olan razılığa əsasən yay aylarında dincəlmək üçün Zaqatala rayonunda ev almaq qərarına gəlmişlər. İnternet vasitəsi ilə Cavabdehla tanış olduqdan sonra Zaqatala şəhərinə gələrək evə baxıb bəyənmişlər. Qoşqarın verdiyi vədə əsasən torpağın sənədlərini rayon bələdiyyəsindən aldıqdan sonra aralarında alqısatqı müqaviləsi bağlanmalı idi, lakin onlar tərəfindən evin pulunun tam verilməsinə baxmayaraq evə dair heç bir sənəd hazır olmayıb. Onlar artıq aldandıqlarını başa düşdükləri üçün pulların qaytarılmasını tələb etməyə başlamışlar. Pulun onun tərəfindən cavabdehə verilməsi xx.xx.2021-ci il tarixli qəbzlə təsdiq olunur. İddiaçı X1 nümayəndəsi – Vəkil məhkəmə iclasında oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, özünə məxsus fərdi yaşayış evini 25 000 manata satmaq üçün “tap.az” internet səhifəsinə elan yerləşdirmiş və həmin evə iddiaçı Nəzrin Yaqubova müştəri çıxmışdır. Tərəflər həmin evə görə 23000 manat verilməsinə razılığa gəlmişlər. Cavabdeh iddiaçıya Faldar kəndində evlərin əksəriyyətinin sənədlərinin olmadığını və ona məxsus evin də sənədinin olmadığını bildirmişdir. İddiaçı cavabdehə evin sənədi olmasa da almaq istədiyini bildirmiş və ona 500 manat beh pul vermişdir. Bu danışıqdan 3-4 ay keçdikdən sonra iddiaçı evin sənədlərini istəmiş, lakin sonuncu evin dəyərini tam ödəmədiyindən evin sənədlərini qaydasına salıb iddiaçıya verməmişdir. İddiaçı ona hissə-hissə olmaqla evin tam dəyərini ödəmişdir. O, iddiaçıdan aldiği 23 000 manat pulu qaytarmağa razıdır. Lakin dəbbə pulu kimi hesablanmış 1150 manat pulu ödəməyə razı deyil. Göstərilənlərin nəzərə alınmasını xahiş edərək iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək cavabdehin izahatına oxşar məzmunda izahat verdi. İşin halları İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, o, özünə məxsus həyətyanı torpaq sahəsində yerləşən evini ailəsinin razılığı ilə 02 sentyabr 2012-ci ildə 23 000 manata satmışdır. İş materiallarında olan Zaqatala RPŞ-ın İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 11 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin materialı üzrə verdiyi izahatında Cavabdeh bildirmişdir ki, o, İddiaçı 2021-cı ilin sentyabr ayında tanımışdır. Belə ki, o özünə məxsus olan, Zaqatala rayonu Faldarlı kəndində yerləşən, bir mərtəbəli, 0,45 ha həyətyanı sahəsi olan fərdi yaşayış evini satmaq üçün «Tap-az» səhifəsində elan yerləşdirmişdir. 01 sentyabr 2021 -ci il tarixdə ona İddiaçı zəng edərək evi almaq istədiyini deyib ətraflı evlə maraqlanmışdır. Onlar telefonla danışdıqları zaman o, İddiaçı həyətyanı sahənin və evin hüquqi sənədlərinin olmadığını bildirmiş, lakin İddiaçı onları qane etdiyini demişdir. 02 sentyabr 2021-ci il tarixdə İddiaçı yanında olan qızları Nəzrin və Günay Yaqubovalarla, eləcədə qardaşı Samir Yaqubovla birlikdə ona məxsus evə baxmağa gəlmişlər. İddiaçı evə baxdıqdan sonra evi çox bəyənmiş və 23.000 manata razılığa gəlmişlər. Onların danışıqları zamanı o bildirdirmişdir ki, kənd yerlərində əksər evlərin sənədləri olmur. İddiaçı buna əmin olmaq üçün bir neçə qonşularla söhbətlər etdi və sənəd olmamağına baxmayaraq evi almaq istədiyini bildirdi. Daha sonra İddiaçı ona 500 manat beh verdi və o, razılıq əldə etmələri barədə ona yazılı qəbz təqdim etmiş, lakin razılığa gəlmişlər ki, İddiaçı pulun tamamını bir ay ərzində ödəyəcəkdir. Belə razılıq əldə etmələrinə baxmayaraq Gülarə Orucova onun evinin pulunu hissə-hissə 7 ay ərzində 22500 (iyirmi iki min beş yüz) manat ödədi. İddiaçı ona pulu 7 aydan sonra ödədikdən sonra ondan həyətyanı sahəyə və evə dair hüquqi sənədləri tələb etməyə başladı, lakin o sonuncuya bildirmişdir ki, ilkin razılaşma zamanı o evi ona sənədsiz satmış, lakin buna baxmayaraq sənədlərin hazırlanmasında lazımı köməkliklər edəcəkdir. Hazırda isə o, lazımı idarələrdən müvafiq sənədlər toplamış və yaxın günlərdə çıxarışı alaraq İddiaçı ilə rəsmi qayda da alqı-satqı müqaviləsi bağlayacaqlar. O, İddiaçı hissə-hissə almış olduğu pulla özünə Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində ev inşa etmiş və həmin pulları da həmin evin inşası zamanı xərcləmişdir və bu səbəbdən İddiaçı pulunu qaytara bilmir, lakin İddiaçı israrla evi almaqdan imtina edərək pulunu geri tələb edirsə o, evi yenidən satışa çıxarıb sataraq onu pulunu qaytara bilər. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qandax Bələdiyyəsi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli 68 saylı məktubdan görünür ki, Cavabdeh məxsus evin yerləşdiyi torpaq sahəsinə sənəd düzəltmək üçün ilkin müraciət olunmuşdur. İş davam edir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 02 fevral 2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, o, iddianı qismən qəbul edir. İddiaçı ona verdiyi 23 000 manatı evi satdıqdan sonra hissə-hissə qaytaracaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (maddələr düzdürmü) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəisə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh özünə məxsus Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,45 ha torpaq sahəsi və üzərində olan yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən bütün zəruri sənədləri hazırlayıb həmin daşınmaz əmlakı satacağını vəd edərək iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə 23.000 manat pul almış, lakin vədinə əməl etməyərək nə notarial alqı-satqı üçün mülkiyyət hüququnu təsdiq edən sənədləri hazırlatmamış və iddiaçıdan aldığı 23.000 manat pulu ona qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 23 000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməldir. Məhkəmə iddia tələbinin illik 5 faiz dərəcəsi ilə hesablanmış 1150 manat dəbbə pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Göründüyü kimi cavabdehin öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, təsdiq edilmədiyindən, eləcə də tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma bağlanmadığından iddiaçı dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 162,45 manat dövlət rüsumunun 159 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, qalıq 3,45 manat isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23000 (iyirmi üç min) manat alınaraq iddiaçı X3 verilsin. İddiaçı tərəfindən ödənilmiş 162,45 (bir yüz altmış iki manat qırx beş qəpik) manat dövlət rüsumunun 159 (bir yüz əlli doqquz) manat Cavabdeh alınaraq iddiaçı X3 verilsin, qalıq 3,45 (üç manat qırx beş qəpik) manat isə iddiaçı X1 özünə aid edilsin. İddia qalan hissədə təmin eidlməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar