Məhkəmə qərarları › İş №e-2(033)-179/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-179/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-179/2024 29.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurduğu 5600 manat maddi ziyanın, 76 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh torpaq sahəsini icarəyə götürmək məqsədi ilə 5600 manat məbləğində pul vermişdir. Lakin aralarında olan torpaq icarəsinə dair iş alınmamışdır. O, pulunun qaytarılması ilə bağlı Cavabdeh dəfələrlə müraciət etmiş və ona vurduğu ziyanı ödəməsini bildirmişdir. Lakin cavabdeh hər dəfə bir bəhanə ilə pulu ödəməkdən boyun qaçırmışdır. Ona görə də o, Zaqatala rayon Prokurorluğuna şikayət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Zaqatala rayon Prokurorluğuna ərizə yazaraq ona vurduğu 5600 manat pulu 10 gün ərzində ödəyəcəyini öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. Lakin həmin vaxtdan 3 ay vaxt keçməsinə baxmayaraq sözünə əməl etməmiş və pulu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh pulu ona könüllü olaraq qaytarmadığı üçün o, məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, oğlu Anar qarğıdalı əkmək məqsədi ilə torpaq sahəsini icarəyə götürmək üçün maklerə müraciət etmiş və makler ona cavabdehdə məhsuldar torpaq sahəsinin olduğunu bildirmişdir. Onlar cavabdehə məxsus Əliabad qəsəbəsində yerləşən 7 ha torpaq sahəsinə baxış keçirlmişlər və həmin torpaq sahəsini bəyənərək icarəyə götürmüşlər. Torpaq sahəsinə görə onlar cavabdehə 5600 manat pul vermişlər, lakin aralarında icarə müqaviləsi bağlanmamışdır. Torpaq sahəsinə əkmək üçün qarğıdalı toxumu almışlar və oğlu Anar torpaq sahəsini əkmək istəyərkən görmüşdür ki, həmin torpaq sahəsinin yarısı artıq əkilmişdir. Buna görə onlar həmin torpaq sahəsini əkməmişlər və cavabdehə verdikləri pulu geri götürmək qərarına gəlmişlər. Cavabdeh pulu bankdan götürüb qaytaracağını bildirsə də, bunu etməmiş və o, məcbur olub hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Onun da hazırda başqa şəxsə borcu vardır. Cavabdeh ona borcunu qaytarmalıdır ki, o da öz növbəsində borcunu ödəyə bilsin. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 24 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini qəbul edir. O özünə məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 7 ha torpaq sahəsini iddiaçının oğlu Anara 5600 manat müqabilində icarəyə vermişdir. Onların arasında icarə müqaviləsi bağlanmamışdır. Lakin sonradan Anar fikrini dəyişmiş və ona icarəyə verilmiş torpaq sahəsində nə qarğıdalı, nədəki tütün əkmişdir. May ayının 5-də Anar ondan vermiş olduğu 5600 manat pulu geri istəmiş, lakin o həmin pulu artıq xərclədiyindən qaytara bilməmişdir. May ayının 25-də o, həmin torpaq sahəsində tütün şitilləri əkmiş və sonradan İddiaçı ona zəng edərək həmin torpaq sahəsində qarğıdalı əkmək istədiyini bildirmişdir. O, iddiaçıya artıq həmin torpaq sahəsinin əkildiyini bildirmiş və oradan xeyir götürüb onlara olan borcunu ödəyəcəyini demişdir. Lakin sonradan onun səhhətində ciddi problemlər yarandığından onun əkdiyi tütün sahəsi batmış və o, borcunu qaytara bilməmişdir. İddiaçıya olan borcu fevral ayının sonunadək ödəyəcəyinə söz verir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 23 avqust 2023-cü il tarixdə Zaqatala rayon Prokurorluğuna verilmiş ərizədən görünür ki, o, İddiaçı vurduğu 5600 manat maddi ziyanı ödəməyi planlaşdırır və növbəti 10 gün ərzində bunu ödəyəcəkdir. Əgər ödəməsə barəsində ən ciddi tədbirlər görülməsinə razıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, iddia tələbini qəbul edir. 5600 manat pulu fevral ayının sonunadək ödəyəcəyinə söz verir. Mülki işin ayın sonuna təxirə salınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ********** saylı 27 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 76,40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin faktiki hallarından görünür ki, cavabdeh tərəf iddianı qəbul edir. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 76 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat pul və 76 (yetmiş altı) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar