Məhkəmə qərarları › İş №e-2(033)-18/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-18/2024

09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-18/2024 09.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə içlasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3590 manat vurduğu zərərin, 55,90 manat dövlət rüsumunun və 50 manat vəkilə ödənilmiş xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mercedes markalı ** BK *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə ilə oğlu X4 idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ona məxsus Mercedes Benz-230 minik markalı ** BK *** dövlət nömrə nişanlı avtomobillə oğlu Zaqatala rayonu Mosul kəndi ərazisində kənd yolu ilə hərəkətdə olan zaman arxadan gələn Cavabdeh idarə etdiyi VAZ 2121 NİVA markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğlunun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı avtomobilin arxa hissəsi, eyni zamanda arxa sol hissəsi tamamilə yararsız hala düşmüşdür. Belə ki, avtomobilə 3590 manat miqdarında ziyan dəymişdir. Avtomobilə dəymiş ziyanla bağlı Zaqatala rayonunda fəaliyyət göstərən Avtoservisdən akt alınmışdır. Həmin aktda açıq-aydın olaraq göstərilmişdir ki, avtomobilin hansı hissələri yararsız hala düşmüş, onların dəyəri neçə manat təşkil edir, eyni zamanda avtomobili təmir etmək üçün usta xərcləri neçə manat təşkil edir. Avtomobilə dəymiş zərər cəmi 3590 manat təşkil edir. Həmin zərər cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o bir ildən çoxdur ki, maşınsız qalmışdır. Hər yerə piyada getməli olur. Cavabdehin məqsədi işi illərlə süründürməkdən ibarətdir. O, dəfələrlə cavabdehə təklif edib ki, hansı ustada istəyirsənsə avtomobili düzəltdir, hansı miqdarda pula düzəltdirməyinin ona heç bir adiyyəti yoxdur, təki avtomaşın düzəlsin. Lakin cavabdeh onun bu təklifi ilə razılaşmayaraq avtomobili düzəltirməkdən imtina etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında vəsatət təqdim edərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Mülki iş üzrə iki dəfə ekspertiza təyin edilsə də, ekspert rəylərində suallar tam cavablandırılmamışdır. Belə ki, o, vəsatətdə ehtiyat hissələrinin amortizasiyası nəzərə alınmaqla nə qədər təşkil olunduğunu sualını qeyd etsə də həmin suala ekspert tərəfindən hər iki rəydə cavab verilməmişdir. Odur ki, mülki iş üzrə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İşin halları İş materiallarına əlavə edilmiş AC N 734403 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz-230 minik markalı ** BK *** dövlət nömrə nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı Mövlud oğlunun mülkiyyətində 1996-cı il buraxılışı olan Mersedes Benz 230 markalı d.n.n 62BK931 olan avtomobil var. İş materiallarında olan AE seriyalı 712166 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 “BC” kateqoriyalı sürücüdür. Vəsiqənin etibarlılıq müddəti 27 noyabr 2024cü il tarixdə bitir. İşə əlavə edilmiş 27 noyabr 2014-cü il tarixli ƏN-İV № 999469 nömrəli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan Mercedes Benz 230 MİNİK markalı ** BK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 27 noyabr 2024-cü il tarixədək idarə etməyi X2 etibar etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RPŞ-in polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Zaqatala rayonu Mosul kəndi ərazisində Mercedes Benz-230 minik markalı ** BK *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi ilə nəticələnmiş yol nəqdliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan Zaqatala rayonu “AVTOSERVİS 100” sexinin 02 yanvar 2023cü il tarixli 1 saylı aktından görünür ki, İddiaçı məxsus Mercedes Benz-230 minik markalı ** BK *** dövlət nömrə nişanlı avtomobilə 3590 manat dəyərində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2023-cü il tarixli 9/3261 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “100” avtoservis mərkəzi tərəfindən tərtib edilmiş 02 yanvar 2023-cüil tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes Benz 230” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 2930 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli 9/7342 saylı əlavə rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “100” avtoservis mərkəzi tərəfindən tərtib edilmiş 02 yanvar 2023-cüil tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes Benz 230” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 2930 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə əmtəə ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Zaqatala rayon Vəkil Bürosunun hesabına 50 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 56,30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, istinad edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, cavabdehin idarə etdiyi VAZ 2121 NİVA markalı ** CR *** qeydiyyat nişanlı avtomobillə 01.01.23-cü il tarixdə saat 17 radələrində Zaqatala rayonu Mosul kəndi ərazisində törətdiyi inzibati xəta nəticəsində, Mercedes Benz-230 minik markalı ** BK *** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı iddiaçıya maddi zərər dəymişdir. İddiaçı, avtomobilinin zədələnməsi ilə bağlı ona 3590 manat zərər dəydiyini iddia etmiş, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün “AVTOSERVİS 100”-ün 02.01.23-cü il tarixli 1 saylı aktını təqdim etmiş, lakin aktı tərtib etmiş şəxsin fəaliyyətinin əsas vəzifəsinin zərərin həcmi ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasına dair sübut təqdim etməmişdir. Zərərin həcmini müəyyənetmə sahəsində xüsusi biliyi olan ekspertlər isə 9/3261 saylı 04.07.23-cü il tarixli və 9/7342 saylı 17.11.23-cü il tarixli rəylərində, 02.01.23-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes Benz 230” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcinin hadisə baş verən tarixə təxminən 2930 manat olduğunu müəyyən etmişlər. Cavabdeh sıradan çıxdığı iddia edilən ehtiyat hissələrini, onların sayını mübahisələndirməmiş, yalnız dəymiş zərərin həcminin, ehtiyat hissələrinin amortizasiyası nəzərə alınmaqla müəyyən edilməli olması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə, iddiaçının “AVTOSERVİS 100”-ün fəaliyyətinin əsas vəzifəsinin zərərin həcmi ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasına dair hər hansı sübutu təqdim edə bilməməsini, eləcədə 9/3261 saylı 04.07.23-cü il tarixli və 9/7342 saylı 17.11.23-cü il tarixli rəyləri vermiş şəxslərin fəaliyyətlərinin əsas vəzifəsinin zərərin həcmi ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olduğunu, ekspertlərin rəyləri verərkən sıradan çıxdığı iddia edilən ehtiyat hissələri və onların sayı hissəsində “AVTOSERVİS 100”-ün 02.01.23-cü il tarixli 1 saylı aktının cavabdeh tərəfindən mübahisələndirilmədiyini nəzərə alaraq həmin rəylərlə razılaşır və 1996-cı il buraxılışlı Mercedes Benz-230 minik markalı ** BK *** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar iddiaçıya 2930 manat miqdarında zərər dəydiyini işin hallarına uyğun sayır. Məhkəmə, eyni zamanda cavabdehin dəymiş zərərin həcminin ehtiyat hissələrinin amortizasiyası nəzərə alınmaqla müəyyən edilməli olması ilə bağlı dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, ekspertlər rəyləri verərkən Mercedes Benz-230 minik markalı ** BK *** qeydiyyat nişanlı avtomobilin 1996-cı il buraxılışlı olduğunu xüsusi olaraq qeyd etmişlər. Bu hal isə, ekspertlərin rəyləri verərkən 1996-cı ildən istismarda olan avtomobilin ehtiyat hissələrinin amortizasiyasını nəzərə aldıqlarını təsdiq edir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ekspertlərin rəyləri verərkən avtomobilin ehtiyat hissələrinin amortizasiyasını nəzərə almamaları halı iddianın rədd edilməsinə əsas ola bilməzdi. Belə ki, bu halda işin müəyyən edilmiş hallarından görünür ki, istismara yararlı vəziyyətdə olmuş, lakin zədələnməsi ilə əlaqədar hazırda istismara yararsız olan Mercedes Benz-230 minik markalı ** BK *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə ehtiyacı var. Bunun üçün də 2930 manat vəsait tələb olunur. Daha az vəsait avtomobilin istismara yararlı vəziyyətə qaytarılması üçün yetərli deyil. Cavabdeh isə hər bir halda, inzibati xəta törətməsəydi mövcud olacaq vəziyyəti, yəni Mercedes Benz-230 minik markalı ** BK *** qeydiyyat nişanlı avtomobilin istismara yararlı vəziyyətini bərpa etməlidir ki, bunun üçün də 2930 manat vəsait tələb olunur. Dəyərləri amortizasiyası nəzərə alınmaqla müəyyən edilməsi və bu halda, ehtiyat hissələrinin dəyərinin 2930 manatdan az təşkil etməsi, avtomobilin istismara yararlı vəziyyətini bərpa etmək üçün zəruri olan vəsaitin çatışmayan hissəsinin zərəri vuran şəxsə deyil, zərərçəkmiş şəxsə aid edilməsi xarakteri daşıyır. Halbuki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini, o cümlədən avtomobilin istismara yararlı vəziyyətini bərpa etmək üçün çəkməli olduğu xərclərin əvəzini tələb edə bilər. Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, cavabdehin inzibati xəta törətməsi ilə əlaqədar iddiaçıya yalnız 2930 manat maddi zərər dəyməsi təsdiq olunduğundan, iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək, inzibati xəta törətməsəydi mövcud olacaq vəziyyəti bərpa etmək vəzifəsi olduğundan, zərərin əvəzi üzrə 2930 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi zərərin əvəzinin tutulması hissəsində qismən təmin edilməlidir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu nəzərə alaraq, iddia tələbinin vəkilə ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən alınaraq xeyrinə qətnamə çıxarılan iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia əksər hissədə təmin edildiyindən, ödənilmiş 56,30 manat dövlət rüsumunun 49,30 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli 7 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməldir. Eyni zamanda 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 2930 (iki min doqquz yüz otuz) manat maddi zərər və 50 (əlli) manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı ödənilsin. Cavabdeh 49,30 (qırx doqquz manat otuz qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin, ödənilmiş dövlət rüsumunun 7(yeddi) manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4) İddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar