Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-207/2023 29.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 530 (beş yüz otuz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə (ödənilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma olmuş və sonuncuya 1000 (bir min) manat bu məqsədlə pul ödəmişdir. Daha sonradan aralarında olan razılaşma pozulmuş, cavabdeh qeyd olunan pulun 470 manat hissəsini ona geri qaytarmış, lakin yerdə qalan 530 manat pulu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh hərəkətlərindən dəfələrlə Zaqatala Rayon Polis Şöbəsinə şikayət ünvanlamışdır. Lakin, sonuncu pulun ödənilməsindən boyun qaçırmış, Zaqatala Rayon Polis Şöbəsi isə ona yazdığı məktublarda məhkəməyə müraciət etməyini ona tövsiyyə etmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi də iş üzrə Cavabdeh 530 (beş yüz otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etməkdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. O eyni zamanda Cavabdeh tərəfindən ona Zaqatala Rayon Polis Şöbəsində 200 manat da əlavə verildiyini bildirmişdir. Həmin pul məbləğinin isə cavabdehlə birgə fermada işlədikləri dövr üçün hesablanmış və ona verilməmiş pul məbləğinin yerinə qəbul etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, 2015-ci ilin yanvar ayında Əhməd torpaq almaq üçün onun yanına gəlmişdir və torpağı aşağı qiymətə satacağı təqdirdə hamısını alacağını bildirmişdir. O Əhmədə 1 sotu 3 minə satacağını demişdir. Daha sonra onlar razılaşmışlar və Əhməd ona min manat beh vermək istəmişdir. O, isə Əhmədə sənədlər tam hazır olduqdan sonra verməsini bildirmişdir. Lakin Əhməd ona min manat beh əvvəlcədən verərək torpağı heç kimə satamamasını bildirmişdir. Sonra o, Əhmədin torpağın qalan pulunu da verəcəyini fikirləşdiyi üçün evini təmir etdirmək üçün tikinti materialları mağazasından nisyə material almış və Əhməd torpağın pulunu verən zaman ödəyəcəyini bildirmişdir. O sənədlər hazır olduqdan sonra Əhmədi torpağı onun adına keçirmək üçün çağırmış və Əhməd onun yanına gələrək qohumunun xəstə olması səbəbindən ona pul verdiyini və torpağı razılaşdıqları qiymətdən aşağı qiymətə satmasını demişdir. Əhməd ona əgər torpağın bir sotunun 1500 manata satacağı təqdirdə alacağını demişdir. O, Əhmədə əgər pulu azdırsa əlində olanı verməsini və qalan pulu 1-2 ilə az-az ödəməsini demişdir. Əhməd isə ona həmin pulu ödəyə bilməyəcəyini və ona verdiyi min manat behi geri istəmişdir. O isə Əhmədə imkanı olmadığını imkan olan kimi pulu geri verəcəyini demişdir. Ümümilikdə o Əhmədə 500 manat pul vermiş və sənədlərin hazırlanması üçün 200 manat pul xərcləmişdir. O, 2018-ci ildə Zaqatala rayonu Danaçı kənd yolunda yerləşən toyuq fermasında təmir işlərində işlədiyi zaman Əhməd onunla telefon əlaqəsi saxlayaraq qalan 200 manat pulu tələb etmişdir. Həmin vaxt o, Əhmədə Danaçı kənd yolunda yerləşən toyuq fermasında işləyərək orada təmir işləri gördüyünü demişdir. Əhməd həmin vaxt ona işlədiyi fermaya köməyə gəlmək istədiyini deyərək onun yanına fermaya gəlmişdir. Əhməd həmin fermaya gələrək orada onun gördüyü işlərlə maraqlanıb çıxıb getmişdir. Əhmədə olan 200 manat borcunu da Zaqatala Rayon Polis Şöbəsində ödəmişdir. Hazırda onun Əhmədə 200 manat sənədləşmə işlərinə hesabladığı borcu vardır. Onu da sənədləşmə işləri zamanı xərcləmişdir. İddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 rayonu Gözbarax kənd sakini İddiaçı Seyfulla oğlunun Zaqatala RPŞ-yə müraciətinin araşdırılmasının nəticəsinə dair arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Zaqatala rayonu Gözbarax kənd sakini Qurbanov X3 RPŞ-yə ərizə ilə müraciət edərək Zaqatala rayon Göyəm kənd sakini Hidayət adlı şəxsin 2015-ci ildən 2021-ci ilə qədər dövrdə ona ödəməli olduğu 1000 manat pulun qalıq hissəsi 530 manatı və birgə işlədikləri dövrdə olan qazancın ona çatacaq hissəsi 300 manatı ödəmədiyini bildirmişdir. Həmin arayışdan görünür ki, İddiaçı Seyfulla oğlunun müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olması nəzərə alınaraq məhkəməyə müraciət etmək hüququ izah olunmuş və rəsmi məktub yazılaraq bildirilmişdir. Zaqatala Rayon Polis Şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli Zaqatala rayon polis şöbəsinə etdiyi müraciəti araşdırılmış və araşdırma zamanı göstərdiyi xüsusatlar mülki xarakterli olduğu üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. HK-1/49 nömrəli material üzrə 24 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu Gözbarax kəndində yaşayan İddiaçı Seyfulla oğlu ərizə ilə rayon prokurorluğuna müraciət edərək Göyəm kənd sakini Cavabdeh onu aldadıb pulunu ələ keçirərək dələduzluq etdiyini bildirmişdir. O, həmin pulu qaytarılmasına köməklik olunmasını xahiş etmişdir. Həmin qərardan görünür ki, HK-1/49 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı dəfələrlə Cavabdehlə telefon əlaqəsi saxlayaraq pulunu tələb etmiş, lakin Hidayət müxtəlif bəhanələr edərək bugünədək Əhmədə olan pul borcunu qaytarmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 144.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 491.1-ci maddəsinə əsasən Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2—ci maddəsinə əsasən Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında sonuncunun mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısına dair 2015-ci ildə şifahi razılaşma olmuş və İddiaçı tərəfindən cavabdeh X2 1000 manat ödəniş edilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşma pozulmuş və iddiaçı, Cavabdeh tərəfindən ona 470 manatın qaytarıldığını bildirmiş və 530 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək cavabdehə olan borcundan sonuncu 200 manat ödənişi Zaqatala Rayon Polis Şöbəsində iddiaçıya verməklə tam şəkildə ödədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaitinin cavabdehin məhkəmə çıxışında qeyd etdiyi beh kimi verilməsi məsələsinə aydınlıq gətirərək qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə avans kimi ödənilmiş sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında beh müqaviləsi bağlanmadığından iddiaçı tərəfindən cavabdehə ödənilmiş 1000 manat vəsait avans ödənişidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh əsassız varlanmış şəxs olduğundan iddiaçı tərəfindən cavabdehə avans ödənişi kimi ödənilmiş 1000 manat pul vəsaitinin iddiaçıya qaytarılmamış hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öhdəliyini həcmini müəyyən edərkən qeyd edir ki, göründüyü kimi Cavabdeh mülkiyyətində olan torpaq sahəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş və qarşılığında İddiaçı 1000 manat məbləğində pul vəsaiti avans olaraq almışdır. İddiaçı həmin məbləğdən 470 manatın ona ödəndiyini və ödənməmiş qalan hissəsini tələb etdiyini bildirmişdir. İddiaçı eyni zamanda Cavabdeh tərəfindən ona Zaqatala Rayon Polis Şöbəsində 200 manat verildiyini, lakin o həmin məbləğin birgə gördükləri işlə əlaqədar ödəndiyini bildirmişdir. Cavabdeh isə birgə işlədikləri dövrdə iddiaçıya hər hansı borcu olmadığını qeyd etmişdir. Bu vəziyyətdə isə iddaçı tərəf ona ödənilən 200 manatın cavabdehin ona olan borcunun bir hissəsi kimi deyil, işlədikləri dövrdə olan borcunun bir hissəsi kimi ödənilməsini sübut etməlidir. Lakin iddiaçı tərəf də bunu sübut edə bilmir. Bundan başqa, cavabdeh iddia tələbinin dəlillərinə dair etiraz edərək onun iddiaçıya borcunun olmadığını, aldığı 1000 manat pul məbləğini tam şəkildə qaytardığını bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin pulun tam şəkildə həqiqətən iddiaçıya qaytarmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmişdir. Məhkəmə iclası zamanı da bunu sübuta yetirə bilməmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya Zaqatala Rayon Polis Şöbəsində ödənmiş 200 manat iddiaçı tərəfindən cavabdehə verilmiş avans ödənişinin geri qaytarılmamış 530 manat hissəsindən çıxılmalı və 330 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Ona görə ki, cavabdeh həmin vaxtdan keçən dövr ərzində pul vəsaitini qanunsuz olaraq özündə saxlayaraq iddiaçıya qaytarmaqdan boyun qaçırmış və nəticədə əsassız olaraq varlanmışdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın tam şəkildə rədd edilən olması barədə cavabdehin dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı digər bir sübut təqdim etmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 330 manat pul alınaraq İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-207/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-207/2023
29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver