Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-222/2025 21.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 Əli qızının katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hər birinin payına mütənasib surətdə 5000 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70 (yetmiş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC şirkəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış, X12 idarə etdiyi “Vaz 21075” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2018-ci il tarixində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişin X18 vəfat etmişdir. Dəymiş zərərə görə qanunvericiliyə əsasən zərərçəkənin vərəsələrinə "xxxx" ASC tərəfindən PXA47005 saylı sığorta aktı tərtib edilməklə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sığortalı sürücü “Vaz 21075” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X19 avtonəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin polis kapitanı X16 tərəfindən X19 hadisə zamanı öldüyündən 13 fevral 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmışdır. Tərəflərindən müvafiq notariat ofisinə sorğu verilmiş və Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən aldıqları qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən məlum olmuşdur ki, sığortalı nəqliyyat vasitəsinin sürücüsünün vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dır. Zaqatala rayon məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli 2(033)-222/2025 saylı qərardadı ilə iddia tələbi yetkinlik yaşına çatmayan Cavabdeh1 və Cavabdeh2 münasibətdə icraata xitam verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mərhum əri X19 xx.xx.2018-ci il tarixdə idarə etdiyi “Vaz 21075” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toy şənliyindən qayıdarkən Zaqatala rayonu ərazisində avtoqəza hadisəsi törətmiş və hadisə zamanı əri və həmin avtomobildə olan sərnişin X18 vəfat etmişdir. Sığorta şirkəti tərəfindən Amid Şabanovun ailəsinə 5000 manat verilmişdir və hazırda həmin pul məbləği onlardan tələb olunur. Onun digər qaynı da avtoqəza nəticəsində vəfat etmişdir. Avtomobilin satılmasından və kimə satılmasından məlumatı yoxdur. Hazırda onlardan nə üçün pul tələb olunduğunu bilmir. 11 mart 2025-ci il tarixdə Cavabdeh3 məhkəməyə vəsatət ünvanlayaraq hazırkı iş üzrə hadisənin 20 noyabr 2018-ci il tarixində baş verdiyini, sığorta şirkəti sığorta ödənişini 2019-cu ildə etdiyini, 2025-ci ildə isə iddiaçı qismində məhkəməyə müraciət etdiyini, bununla da iddia müddətinin keçdiyini bildirərək sığorta şirkətinin iddiası hüquqi baxımdan əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. 13 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh3 vəsatət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1323-cü maddəsinə əsasən, varislər yalnız mirası qəbul etdikdə miras qoyanın borclarına görə məsuliyyət daşıyırlar. Onlar tərəfindən isə hər hansı miras qəbul edilməmişdir. Bu səbəbdən, hər hansı borc öhdəliyi daşımaları qanunvericiliyə ziddir. Mülki iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, buraxılış ili 2012 olan VAZ 21703 markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilə dair vərəsəlik işi açılmışdır. Lakin mərhum həyat yoldaşı sağlığında həmin nəqliyyat vasitəsini Zaqatala rayonu, Aşağı Çardaxlar kənd sakini X2. Mərhum həyat yoldaşının vəfatından sonra X13 yaşayış ünvanına gələrək avtomobilə dair onunla əri arasında alqı-satqı müqaviləsinin bağlandığını, lakin rəsmiləşdirilmədiyini bildirmişdir. Bu səbəbdən, vərəsəlik işinin açılmasını özü təşəbbüs göstərmiş və o da etiraz etmədən Notariat Kontoruna gedərək sənədləri imzalamışdır. O, əlavə olaraq bildirmişdir ki, qəzalı avtomaşının qayınatası tərəfindən satılması barədə məlumatı yoxdur. Vərəsəlik işinin açılmasından da onun məlumatı olmamışdır. Vərəsəlik işi mərhum ərinin hələ o vəfat etməmişdən əvvəl mülkiyyətində olan qara rəngli “Priora” markalı avtomaşına görə açılmışdır. Həmin avtomaşını əri sağlığında X3, lakin alqı-satqı rəsmiləşdirilməmişdir. X17 Federasiyasına getmiş, daha sonra isə əri vəfat etmişdir. Mərhum ərinin iki avtomobili olmuşdur. Amid Şabanov “Vaz 21075” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzası nəticəsində vəfat etmişdir. Yazılı sübutlar Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X8 13 fevral 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, 20 noyabr 2018-ci il tarixdə saat 22 radələrində X12 ehtiyyatsızlıqdan törətmiş olduğu yol nəqliyyat hadisəsi zamanı onun təqsiri müəyyən edilsə də Azərbaycan Respublikası CPM-in 39.15-ci maddəsinə görə yəni şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi onun barəsində Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmişdir. Reyestrdə 2V-998 nömrə ilə qeyd edilmiş 23 sentyabr 2019- cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 20 noyabr 2018-ci ildə ölmüş X12 vərəsələri arvadı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dır və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Şəki RQİ və TBŞ tərəfindən verilmiş 02 avqust 2017-ci il tarixli AD023913 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA217030C0354461, mühərrikin nömrəsi ******* və buraxılış ili 2012 olan VAZ 21703 MİNİK markalı 62BL768 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. PXA47005 saylı sığorta aktının surətindən görünür ki, sığortalanmış “VAZ-21705” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək aşması nəticəsində sərnişin X18 vəfat etmişdir. AR Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya ETT birliyinin 06 dekabr 2018-ci il tarixli 16 saylı ekspert rəyinə uyğun olaraq 5000 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş 5000 manat X7 müvafiq bank hesabına köçürülmüşdür. Reyestrdə 2V-556 nömrə ilə qeyd edilmiş 24 aprel 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 20 noyabr 2018-ci il tarixdə ölmüş X14 vərəsəsi atası X9r və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Xalq Sığorta ASC-in 09 aprel 2019-cu il tarixli 01/1-396 saylı arayışa əsasən ayrılmış 5000 manat məbləğində pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsi tərəfindən 10 aprel 2025-ci il tarixdə verilmiş məlumatlardan görünür ki, VAZ 21703 MİNİK markalı 62BL768 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi AD023913 nömrəli 02 avqust 2017-ci il tarixli şəhadətnaməyə əsasən X12, AD618587 nömrəli 17 oktyabr 2019-cu il tarixli şəhadətnaməyə əsasən Cavabdeh3 və AD618591 nömrəli 17 oktyabr 2019-cu il tarixli şəhadətnaməyə əsasən X1 olmuşdur. "xxxx" MMC tərəfindən 26 sentyabr 2025-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində “VAZ 21703” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2019-cu il üçün real bazar qiyməti tələblə təklifinin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla nəzəri qaydada təxminən 10 000 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 70 (yetmiş) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış X12 idarə etdiyi “Vaz 21075” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2018-ci il tarixində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişin X18 vəfat etmişdir. "xxxx" ASC tərəfindən PXA47005 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə zərərçəkənin vərəsəsi X10 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Vaz 21075” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X19 avtonəqliyyat vasitəsini sərxoş halda idarə etmiş və baş vermiş yol nəqliyyat hadisəsi üzrə Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin polis kapitanı X16 tərəfindən X19 hadisə zamanı öldüyündən 13 fevral 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmışdır. Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş Reyestrdə 2V-998 nömrə ilə qeyd edilmiş 23 sentyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olmuşdur ki, sığortalı nəqliyyat vasitəsinin sürücüsünün vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dır. İddiaçı hazırda xx.xx.2018-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X10 ödənmiş sığorta ödənişinin əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaya etiraz etmişdir. Cavabdeh Kahayeva X5 Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş Reyestrdə 2V-998 nömrə ilə qeyd edilmiş 23 sentyabr 2019- cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X11 qalmış mirası qəbul etsə də, o, iddiaçı tərəfindən ödənilmiş 5000 manat sığorta ödənişi iddiaçıya qaytarmaqdan imtina etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını sadalanan qanunvericilik normaları baxımından təhlil edərək, belə nəticəyə gəlir ki, xx.xx.2018-cı il tarixdə baş vermiş sığorta hadisəsi zamanı X19 hadisəsinin baş verməsində təqsiri müəyyən edildiyindən, həmin sığorta hadisəsi nəticəsində 5000 manat həcmində zərər dəydiyindən və həmin məbləğ iddiaçı (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsin vərəsəsinə ödənildiyindən, 5000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması qanuni və əsaslıdır. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 5000 manat sığorta ödənişini Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismın təmin edilməli və 5000 manat sığorta ödənişi Cavabdeh3 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi təmin edildiyindən Cavabdeh3 70 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 5000 (beş min) manat sığorta ödənişi və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-222/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-222/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver