Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-226/2023 22.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Mustafayev Mustafa Hacımahmud oğlunun hüquqi varisi Məmmədova Nigar Mustafa qızının Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu İsgəndərova Gözəl İsgəndər qızının iştirakı ilə İddiaçı Mustafayev Mustafa Hacımahmud oğlunun hüquqi varisi Məmmədova Nigar Mustafa qızının cavabdehlər Abdullayev Aqif Arif oğlu və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı “notariusun icra qeydinin qanunsuz olması ilə əlaqədar ləğv edilməsi və notariusun barəsində xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Mustafayev Mustafa Hacımahmud oğlunun hüquqi varisi Məmmədova Nigar Mustafa qızı cavabdehlər Abdullayev Aqif Arif oğlu və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı “notariusun icra qeydinin qanunsuz olması ilə əlaqədar ləğv edilməsi və notariusun barəsində xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin 10 mart 2022ci il tarixli icra qeydinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, məhkəmə xərclərinin cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisindən tutulması barədə qətnamə qəbul edilməsini və Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev ona zəng edərək, bildirmişdir ki, Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu tərəfindən qəbul edilmiş 10 mart 2022-ci il tarixli icra qeydi İcra Şöbəsinə daxil olmuş və onun əsasında icraata başlanmaq haqqında qərar qəbul edilmişdir. O, kredit müqaviləsi üzrə borclu olan şəxs Mustafayev Mustafa Hacımahmud oğlunun hüquqi varisi olaraq, icra məmurundan notarius tərəfindən qəbul edilmiş və icra olunması üçün İcra Şöbəsinə göndərilmiş icra qeydinin surətinin verilməsini xahiş etmişdir. Sözügedən icra qeydinin surətini aldıqdan və onun forma və məzmunu ilə tanış olduqdan sonra, ona məlum olmuşdur ki, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu nəinki “Notariat haqqında” AR-sı Qanununun nəinki 76-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulan müddətə əməl etmədiyindən hətta bu Qanunun 77-ci maddəsinin 8-ci bəndində göstərilənlərə əməl etmədiyindən icra qeydi məhkəmə qaydasında ləğv edilməli, habelə notariusun barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi qanuna müvafiq olardı. Belə ki, iddia ərizəsinə əlavə etdiyi 12 iyun 2018-ci il tarixli “Kredit Müqaviləsi”nin 2-ci bəndindən görünür ki, “Borc alan” krediti xx.xx.2018-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 7-ci bəndinə əsasən-Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Tələbkarın icra qeydi ilə bağlı notariusa müraciət etməsi müddəti Azərbaycan Respublikası MM-nin 373-cü maddəsində nəzərdə tutulmuş müddətə riayət edilməklə verilə bilər. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. “Notariat haqqında” AR-sı Qanununun 76-cı maddəsinin 3-cü hissəsinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməyibsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən AR-sı MM-nin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Kredit müqaviləsinin 2-ci bəndindən görünür ki, tələbkarın icra qeydi ilə bağlı notariusa müraciətinin iddia müddəti xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixədək borclunun olduğu yer üzrə müvafiq notariusu verilə bilərdi. Tələbkarla cinayət əlaqəsinə girmiş notariusun 10 mart 2022-ci il tarixli icra qeydindən görünür ki, o, AR-sı MM-nin 373.2-ci və “Notariat haqqında” AR-sı Qanununun 76-cı maddəsinin 3-cü hissəsinin tələblərinə zidd olaraq, iddia müddəti 6 ay keçdikdən sonra icra qeydini tərtib edərək icra olunması üçün Zaqatala rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Digər tərəfdən notarius icra qeydlərinin məzmunundan bəhs edən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 77ci maddəsinin 8-ci bəndində göstərilən tələblərə əməl etməmişdir. Belə ki, icra qeydinin surətindən görünür ki, icra qeydində icra qeydini aparan notariusun imzası və möhürü yoxdur. Orada yalnız onun tarixi və nömrəsi ilə bağlı künc ştampı görünür. Habelə sözügedən maddənin birinci bəndinə notarius əməl etməmişdir. Belə ki, sözügedən Qanunun 77-ci maddəsinin birinci bəndinin tələblərinə əsasən icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı əks etdirilməlidir. Ona görə də hesab edir ki, icra qeydi məhkəmə qaydasında ləğv edilməklə yanaşı, işə baxan hakim notariusun əməllərində cinayətin əlamətlərini aşkar edərsə Azərbaycan Respublikası MPM-in 265.4cü maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqda da haqlı olar. Göstərilənlərə əsasən tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Mustafayev Mustafa Hacımahmud oğlunun hüquqi varisi Məmmədova Nigar Mustafa qızı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O. izahatında əlavə olaraq göstərdi ki, atası Mustafa Mustafayev ilə cavabdeh Aqif Abdullayev arasında borc müqaviləsi bağlanmışdır. O, atası öldüyündən onun borclarını özü ödəmişdir. O. Aqifə nə qədər pul verməsini yazıb qəbzə qol çəkdirmişdir. Aqif əvvəlki məhkəmədə etiraf etmişdir ki, onların ona cəmi 5000 manat borcları vardır. Onun hesabı ilə onun Arifə 3000 manat borcu qalmışdır. Notariat Ofisinin notariusu qanunsuz olaraq onun xəbəri olmadan icra qeydi vermişdir. Bu icra qeydini qanunla müəyyən edilmiş müddət bitdikdən sonra vermişdir. Belə ki, borc müqaviləsinin müddəti 12 avqust 2021-ci ildə bitmişdir. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərmişdir ki, o, tərəflərin heç birini tanımır. İcra qeydi tərəfindən verilsə də onun tərtibində işçisinin səhvi olmuşdur. Həmin icra qeydinin ləğv edilməsinə etiraz etmir. Cavabdeh Abdullayev Aqif Arif oğlu məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə təyin olunmuş məhkəmə iclasına səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəkdir. Mustafayev Mustafa Hacımahmud oğlunun ona olan borcunun qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Bu günə qədər heç bir borc ödənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Zaqatala rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq gəlməməsinin üzürlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş 12 mart 2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu İsgəndərova Gözəl İsgəndər qızı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Abdullayev Aqif Arif oğlunun Mustafayev Mustafa Hacımahmud oğlundan müddət üçün vaxtında ödənilməmiş 15000 ABŞ dolları tutulsun. İcra qeydi 10 mart 2022-ci il tarixdə aparılmışdır. Reyestrdə 8İ-2733 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu 2 saylı notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova tərəfindən Mustafayev Mustafa Hacımahmud oğluna ünvanlanmış 21 yanvar 2021-ci il tarixli 81 saylı məktubdan görünür ki, ünvan tariat ofisində 12 iyun 2018-ci il tarixdə təsdiq edilmiş 3M-509 reyestr nömrəli borc müqaviləsinə əsasən Abdullayev Aqif Arif oğlu 12 avqust 2018-ci il tarixdə qaytarmaq şəri ilə 15000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Abdullayev Aqif Arif oğlu ona müraciət edərək həmin 15 000 ABŞ dolları pul məbləğinin ödənilmədiyini bildirmişdir. Borc verən tərəf borcun ödənilməsini, işin məhkəmə icrasına yönəldilməsini tələb edir. Bununla bağlı notariat ofisinə müraciət etməsi xahiş olunmuşdur. Əgər bir ay müddətində məktuba cavab verilməzsə iş icraata yönəldiləcəkdir. İş materiallarına əlavə edilmiş borc verən Abdullayev Aqif Arif oğlu tərəfindən 28 dekabr 2021-ci il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisinə verilmiş ərizədən görünür ki, Mustafayev Mustafa Hacımahmud oğlunun ödəniş müddətinin keçirilməsini nəzərə alaraq borcun icra qeydi əsasında alınmasına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 12 iyun 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Abdullayev Aqif Arif oğlu tərəfindən 12 avqust 2018-ci il tarixdə qaytarmaq şərti ilə Mustafayev Mustafa Hacımahmud oğluna 15 000 ABŞ dolları məbləğində borc pul vermişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.1982-ci il tarixdə doğulmuş Mustafayeva Niğar Mustafa qızının atası Mustafayev Mustafa Hacımahmud oğludur. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə; Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən Mustafayev Mustafa Hacımahmud oğlu Abdullayev Aqif Arif oğlundan xx.xx.2018-ci il tarixədək qaytarması şərti ilə 15000 ABŞ dolları borc almış, lakin öhdəliyini icra etməmişdir. Borc verənin xx.xx.2021-ci il tarixədək borcun qaytarılmasını tələb etmək hüququ olsa da, icra qeydi iddia müddəti keçdikdən 6 ay sonra 10 mart 2022ci il tarixdə tərtib edilmişdir. İcra qeydində qeydi aparan notariusun vəzifəsi, soyadı, adı və ata adı göstərilməmişdir. Məhkəmə hesab edir ki, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin 10 mart 2022-ci il tarixli icra qeydinin aparması zamanı qanunvericiliyin tələbləri pozulduğundan, həmin qeyd ləğv edilməlidir. Məhkəmə bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, Abdullayev Aqif Arif oğlu 10 mart 2022-ci il tarixli icra qeydin ləğv edilməsi barədə iddiaya cavab verməli olmayan şəxs olduğundan tələb ona münasibətdə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, işə baxılarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarılmadığından, iddia tələbi Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu barəsində xüsusi qərardad çıxarılmasına dair hissədə də rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı iddiaçıya aid edilməli, qalan 50 manat isə cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu İsgəndərova Gözəl İsgəndər qızından tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Zaqatala rayonu 2 saylı Notariat Ofisinin 10 mart 2022-ci il tarixli icra qeydi ləğv edilsin. İddia Abdullayev Aqif Arif oğluna münasibətdə və qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı iddiaçıya aid edilsin, qalan 50 (əlli) manat isə cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu İsgəndərova Gözəl İsgəndər qızından tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-226/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-226/2023
22.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver