Məhkəmə qərarları › İş №e-2(033)-271/2023

Zaqatala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(033)-271/2023

14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-271/2023 14.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Lahıc kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Cavabdeh 83000 manat pul və 339 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və onun əri X3 onun tanışlarıdır. Belə ki, o təxminən 7-8 il əvvəl özünə məxsus Zaqatala 2 saylı Bazar ərazisində yerləşən paltar mağazasını onlara icarəyə vermişdir və onlarla münasibəti yaranmışdır. Təxminən 2018-ci ilin iyun-iyul ayları ərzində Sevda və Asif birlikdə ondan hissə-hissə, cəmi 40000 manat pul götürmüşdürlər. Aralarında olan şifahi razılaşmaya əsasən onlar 40000 manat pul əvəzinə 65000 manat pul qaytarmalı idilər. Onlar həmin pulu qısa vaxt sonra qaytarmalı idilər. Lakin Sevda və əri üzərinə düşən öhdəlikləri yerinə yetirmədilər və həmin pulu deyilən vaxtda geri qaytarmadılar. O, bir neçə dəfə Sevda və Asifdən pulu geri qaytarmalarını xahiş etmişdir. Bir müddət sonra Sevda onun yanına gələrək ondan aldığı pula görə dilindən öz xətti ilə kağız yazaraq ona vermişdir. Ondan pulu qaytarması üçün bir az da müddət istəmiş və o da razılaşmışdır. Bundan başqa onun Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 7 mərtəbəli yeni tikilinin 7-ci mərtəbəsində 55 nömrəli iki otaqlı mənzili vardır, o, Zaqatalada baş verən zəlzələ hadisəsindən sonra həmin evi satmaq qərarına gəlmişdir. Sevda və əri Asif dəfələrlə onun yanına gələrək evi almaq istədiklərini bildirmişdirlər. Lakin onların əlində nağd şəkildə tam pul olmadığından, onlarla münasibəti olduğu üçün həmin evin pulunu hissə-hissə ödəmək şərti ilə 33000 manat pula onlara satmaq qərarına gəlmişdir. Asif və Sevda hissə-hissə ümumilikdə 23000 manat pulu ona vermişdirlər, lakin geri qalan 10000 manat pulu ödəmədilər. Sonra Sevda onun yanına gələrək ondan pulu qaytarmaq üçün vaxt istəmiş və 10000 manatın əvəzinə 18000 manat pul qaytaracağı barədə öz xətti ilə könüllü şəkildə kağız yazıb vermişdir. Sevda və əri Asifin ona ümumilikdə 83000 manat pul borcu vardır. Hər iki borcunu, yəni 83000 manat pulu xx.xx.2021-ci il tarixədək qaytaracağına söz verərək iltizam yazıb imzaladılar. Qeyd etdikləri iddiaya əlavə etdiyi sənədlər və disklərdə olan danışıqlarla bir daha təsdiq olunur. O dəfələrə onlardan pulunu geri istəmiş, lakin onlar müxtəlif bəhanələr edərək pulunu qaytarmamışlar. Hesab edir ki, 83000 manat pul Cavabdeh alınıb ona verilməlidir. Buna görə də o, məhkəməyə müraciət edərək 83000 manat pulu Cavabdeh tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və məhkəmə mülki işə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-271/2023 nömrəli qərardadına əsasən qiyabi icraat qaydasında baxılmasına qərar vermişdir. İşin halları xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh və X2 qarşı pul tələbinin mülki xarakterli olduğu üçün material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı tanıyır, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. Belə ki, təxminən 8 il əvvəl o İddiaçı məxsus bazarda yerləşən mağazanı icarəyə götürüb 3 il işlətmiş, icarə haqqını vaxtı-vaxtında ödəmişdir. Lakin sonradan İddiaçı icarə haqqını qaldırdığı üçün o mağazanı İddiaçı geri vermişdir. O, ticarətlə məşğul olduğu üçün arabir mal gətirmək üçün İddiaçı faizə pul götürmüş və vaxtı vaxtında pulu faizi ilə geri qaytarmışdır. Təxminən 2018-ci ildə İddiaçı məxsus Zaqatala rayonu 7 mərtəbəli yeni tikilidə yerləşən 2 otaqlı mənzili 33000 (otuz üç min) manata satdığını eşitmişdir. Onlar həmin vaxt Zaqatala rayonu Lahıc kəndində yaşamışdır, onlar həmin evi almaq qərarına gəlmiş, əri Asif İmanov özünə məxsus avtomaşını girov qoymuş, pul götürmüşdür və həmin evin pulunu hissə-hissə olmaqla tam şəkildə İddiaçı vermişdir. Bundan başqa o, İddiaçı faizlə aldığı pulları tam şəkildə ona qaytarmışdır. Onlar evi aldıqdan təxminən 2 il sonra Azərbaycan Respublikasında və bütün dünyada pandemiya başlamış və bu onların ticarətinə mənfi təsir göstərmişdir. Həmin vaxt onların borcları olduğu üçün evi satmaq qərarına gəlmişlər. Evi 48000 (qırx səkkiz min) manata satmışlar. Həmin pulla onlar borclarını ödəmişlər. İddiaçı onların evi nisbətən baha qiymətə satdıqlarını eşidib onlardan 10000 (on min) manat pul tələb etmişdir. Lakin o və əri Asif İmanov buna razı olmamışdır. Bundan sonra İddiaçı onlardan polisə şikayət edəcəyini bildirmişdir. Həmçinin Cavabdeh izahatında göstərmişdir ki, əri X4 Cavadovaya bıçaq çəkməmiş və ona hədə-qorxu gəlməmişdir. İddiaçı onlardan artıq pul almaq üçün onlar barəsində polisə həqiqətə uyğun olmayan şikayət etmişdir. Sadə yazılı formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o İddiaçı aldığı 65 manat borc götürdüyü pulu ona qaytarmağa söz vermişdir. Əlavə aldığı evin pulun qalığı olan 18 min manatı pulu xx.xx.2021-ci il tarixdə verəcəyini qeyd etmişdir. Sadə yazılı formada Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, borc götürdüyü 65 min manat pulu 2 ilə hissə-hissə İddiaçı qaytaracağına dair söz verir. İddiaçı aldığı evin qalıq pulu olan 18 min pulu 12 aprel 2021-ci il tarixədək verəcək. Sadə yazılı formada Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, İddiaçı hissə-hissə qaytarmaq şərti ilə 65000 manat məbləğində pul borc götürmüşdür. Əlavə olaraq ondan aldığı evə görə 18000 manat pul borcu var. xx.xx.2021-ci il tarixdə qaytaracaq. Qaytara bilmədiyi təqdirdə evini və mağazasını ona verəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılığa əsasən iddiaçıya 65000 manat borc vermişdir. Bu hal cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli qəbzlərlə də öz təsdiqini tapmışdır. Cavabdeh 65000 manat borcu 2 il ərzində qaytarmağı vəd etmişdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik yaranmışdır. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə satılmış evin dəyərinin 18000 manat hissəsini Cavabdeh xx.xx.2021-ci il tarixədək İddiaçı xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 65000 manat borcu və 18000 manat pulu qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılsa da o məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı etirazını təqdim etməmişdir. Onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. İş materialları ilə də müəyyən olunur ki, borclu Cavabdeh yazılı borc müqaviləsinə (qəbzə) əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. İddiaçı cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli qəbzi təqdim etməklə Cavabdeh ondan 65000 manat pulu götürdüyünü, eyni zamanda cavabdeh tərəfindən ona əlavə olaraq 18000 manat borcun olmasını sübut etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya borcunun olmasını etiraf etmişdir. Həmçinin cavabdeh məhkəmə tərəfindən iclaslar dəfələrlə təxirə salınmasına baxmayaraq məhkəməyə gəlməyərək yazdığı qəbzlərin həqiqətə uyğun olmaması və ya onun tərəfindən yazılmaması barədə hər hansı sübutlarını təqdim etməmiş, qarşılıqlı sübutetmə yükünü həyata keçirməmişdir. Məhkəmə işdə olan Cavabdeh yazaraq imzaladığı qəbzi və iddiaçı tərəfin təqdim etdiyi sübutları borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 65000 manat borcu və 18000 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, tərəflər arasında borc hüquq münasibətləri yaranmışdır və iddiaçının etdiyi xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən borc indiyədək qaytarılmamışdır. Ona görə də Cavabdeh iddiaçıya olan 83000 manat borcunu tamamilə qaytarmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin işdə iddianın rədd edilməsi qənaətinə gəlinməsi üçün hər hansı sübutlar mövcud deyil. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 83000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən Cavabdeh 339 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 83000 (səksən üç min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 339 (üç yüz otuz doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar