Məhkəmə qərarları › İş №e-2(033)-301/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-301/2022

20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-301/2022 20.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 521,95 (beş yüz iyirmi bir manat doxsan beş qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı Azərişıq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “Azərişıq" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00044 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 521,95 (beş yüz iyirmi bir manat doxsan beş qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 521,95 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASCyə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdehnın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi, tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürüdüyü öhdəlikləri pozur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi S.N.Ağayevin məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 027598 nömrəli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti-“Enerjitəchizatı müəssisəsi”, Cavabdeh-“Məişət abonenti” olmaqla onlar arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi 26.11.2020-ci il tarixdə bağlanmışdır. Abonent kodu **********00044. Həmin müqavilənin 3-cü bəndinə əsasən məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin müqavilənin 4-cü bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,07 manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu nəzərə alınır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. 21.05.2021-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə 08.05.2021-ci il tarixə yaranmış 516,30 manat borc barədə məlumatlandırılmış və həmin borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. X3 Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş 22 noyabr 2016-cı il tarixli 007308 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq keçirilmiş reyd zamanı məlum olmuşdur ki, elektrik sayğacının möhürü pozulmuşdur. X3 Cəmiyyətinin nümayəndəsinin məhkəməyə göndərdiyi ərizədən görünür ki, Cavabdeh hesabında qeydə alınmış 521,95 manat borc məbləğinin 463,61 manatı fərdi yaşayış evində elektrik sayğacının möhürü pozulduğu üçün itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə akt əsasında hesablanmışdır. Yerdə qalan 58,34 manat borc isə elektrik enerjisindən istifadəyə görə sayğac göstəricisi əsasında yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları» 1.2-ci bəndinə əsasən bu Qaydalar «Enerji resurslarından istifadə haqqında», «Elektroenergetika haqqında», «Energetika haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən (elektrik enerjisindən istifadəyə görə sayğac göstəricisinə əsasən hesablanmış borcun tutulması hissəsində) təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni istehlakçı olan cavabdehi elektrik enerjisi ilə təmin etmiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və məişət abonenti olan istehlakçı X2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğac göstəricilərinə əsasən aparılmış hesabata əsasən elektrik enerjisindən istifadəyə görə borc ödənilmədiyindən enerjitəchizatı müəssisəsi hazırki iddia tələbi ilə müraciət etmişdir. İddiaçı elektrik enerjisindən istifadəyə görə sayğac göstəricisinə əsasən hesablanmış borcu cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh-istehlakçı X4 dəfələrlə məhkəmə iclasına dəvət olunsa da, məhkəmə iclasına gəlməmiş, iddiaçı elektrik enerjisindən istifadəyə görə sayğac göstəricisinə borcunun olmaması ilə bağlı hər hansı sübutunu təqdim etməmiş və bu hal məhkəmə araşdırılmasında da müəyyən edilmədi. Göstərilənlər onu deməyə əsas verir ki, sayğac göstəricisinə əsasən hesablanmış 58,34 manat (521,95 – 463,61) borc cavabdehdən tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Bundan başqa, göründüyü kimi, tərtib edilmiş aktla X2 ona məxsus Zaqatala rayonu Car kəndi ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacının möhürünün pozulduğu aşkarlanmış və 22 noyabr 2016-cı il tarixli 007308 nömrəli akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmişdir. İşdən görünür ki, müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin qapısından bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin mübahisələndirilən akt tərtib edilən zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən abonentə məlumat verilməmiş, onun iştirakı təmin edilmədən əməkdaşlar tərəfindən akt tərtib olunmuşdur. Həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. Aktda “xanım özünü təqdim etmədi” qeydi yazılmaqla kifayətlənilmişdir. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən elektrik sayğacının möhürünün pozulduğu üçün hesablanma aparılaraq dəymiş ziyan hesablanmışdır. Akt əsasında dəymiş ziyanın məbləği 463,61 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, elektirik enerjisinin istifadə edilməsi üçün abonentlə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında alqı satqı müqaviləsi bağlanılmalı, abonent tərəfindən elektrik enerjisinin istifadə qaydaları pozulduqda elektrik enerjisinin verilişini təmin edən təşkilat tərəfindən məişət abonentinin və 2 nəfər hal şahidinin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Hazırki işdə olan aktdan da görünür ki, 22 noyabr 2016-cı il tarixli 007308 saylı akt tərtib olunarkən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Bundan başqa qeyd olunan “Qaydalar”ın 8.32-ci bəndindən görünür ki, hesablaşma sayğacın qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara görə, məişət abaonenti, o vaxt məsuliyyət daşıyır ki, mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud piləkən meydançasında deyil, bilavasitə məişət abonentinin yaşadığı mənzilin daxilində quraşdırlmış olsun. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla elektrik sayğacında müdaxilə izlərinin səbəbləri, elektrik sayğacının möhürünün pozulduğuna görə cavabdehin mülki məsuliyyət daşıması sübuta yetirilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 №-li Qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin nizamnaməsinin 1.2-ci bəndindən görünür ki, Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi MPM-in 77.1-ci maddəsində hər bir tərəfindən öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, qeyd olunmalıdır ki, tərəflərdən birinin dövlət orqanı və müəssisəsi olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət orqanı, müəssisə, idarə və ya təşkilat həyata keçirməlidir. Belə olan halda hazırki iş üzrə cavabdehdən dövlətə məxsus iddiaçı hüquqi şəxs tərəfindən hesablanmış debutor borcların tutulmasını tələb etməsinə baxmayaraq, bu halda sübut etmə vəzifəsi cavabdehin deyil, iddiaçı Azərişıq ASC-nin, yəni debutor borcları hesablamış dövlət müəssisəsinin üzərinə düşür. Lakin, iş üzrə iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə öhdəliyinin olmaması baxımından həmin aktda qeyd olunan pozuntunun mövcud olduğu qəbul edilsə belə, bunda istehlakçının təqsirli olub-olmaması müəyyənləşdirilmədiyindən, həmin pozuntu ilə əlaqədar məsuliyyətin istehlakçının üzərinə qoyulmasının hüquqi əsası yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən tələb edildiyindən və iddia qismən təmin edildiyindən 20 manatı onun xeyrinə cavabdehdən tutulmalı, 10 manatı özünə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə sayğac göstəricisinə əsasən hesablanmış 58,34 manat (521,95 – 463,61) borc və 20 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 58,34 (əlli səkkiz manat otuz dörd qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. 10 (on) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar