Məhkəmə qərarları › İş №e-2(033)-322/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-322/2023

26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-322/2023 26.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat məbləğində pulun və banka ödədiyi 125.4 manat dövlət rüsumunun, 100 manat vəkil xidmət haqqının, cəmi 12025,40 (bir yüz iyirmi min iyirmi beş manat qırx qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2016-cı ildə ondan 30000 manata ev almışdır və pulun bir qismini, yəni 2000 manatını ayrı-ayrı vaxtlarda azaz ödəmişdir. Qalan 11800 manatı isə indiyə qədər ödəməmişdir Cavabdeh 2016-cı ildə ondan 30000 manata ev aldığını, həmin puldan 2000 manatı ödədiyini və 28000 manat borcun qaldığını öz xətti ilə yazaraq imzalamışdır. Həmin vaxtdan sonra o, hər il müxtəlif vaxtlarda az-az borcundan ödəmişdir. Məsələn, 2017-ci ildə hər ay, 2018-də 8 ay, 2019cu ildə 10 ay, 2020-ci ildə 10 ay, 2021-ci ildə 10 ay, 2022-ci ildə isə cəmi 2 ay hər ay 300 manat olmaqla ödəmişdir. Axırıncı ödəniş 2022-ci ilin fevral ayında 300 manat ödəmişdir. Həmin ödənişlərə dair poçt qəbzləri vardır. Sonda cavabdehin ona 11800 manat borcu qalmışdır. Lakin cavabdeh bu günədək müxtəlif bəhanələr gətirərək borcunu vermir, soruşanda isə deyir ki, borcunu verəcəkdir Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, xx.xx.2016-cı ildə aralarında bağlanmış yazılı qəbzə əsasən X4 ona 28000 manat borcunun qalmasını öz imzası ilə təsdiq etmişdir. Həmin vaxdan sonra cavabdeh hər ay ona müəyyən miqdarlarda pul vermişdir. Lakin aralarında imzalanmış qəbz tərtib olunana qədər 2015-ci ildə 9 ay ərzində hər ay 250 manat və 2016-cı ildə 6 ay ərzində hər ay 300 manat miqdarında pulu cavabdeh onun oğlunun Bakı şəhərində kirayələdiyi ev üçün pul göndərmişdir. Həmin pullar da nəzərə alınaraq cavabdehin borcundan çıxılmalıdır. Cavabdehin məhkəmə prosesində iddia etdiyi kimi ona 10 000 manat pul verməmişdir, bu həqiqətə uyğun olmayan haldı, belə hal olsaydı cavabdeh ona pulu verərkən imza etdirərdi, belə ki, aralarında yaranmış borca görə münasibətlərində sərinlik yaranmışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, onun iddiaçıya hal-hazırda borcu qalmamışdır. O, 2015-cı ildən bu ilin əvvəllərinə qədər iddiaçının oğluna hər ay 300-350 manat pul vermişdir. Bir dəfə isə o, iddiaçıya 10000 manat pulu ödəsə də, sonuncu bunu inkar edərək həmin pulu onun oğluna hədiyyə verdiyini bildirmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 göstərdi ki, iddiaçı ilə ailəvi yaxın olmuşlar. Cavabdeh onun əridir. Cavabdehin iddiaçıya 28 000 manat borcu olduğunu bilirdi. İddiaçı onlara gələrək bildirmişdir ki, cavabdehin onun oğlu Anara verdiyi 10 000 manat pulu o, əmi payı kimi qəbul edir və borcdan silmir. O, verilmiş 10000 manatın nəzərə alınmasını istəyir. Onlar 7 il ərzində hər ay iddiaçıya 350 manat pul ödəmişlər. Aralarında etibar olduğu üçün hər dəfə pul göndəriləndə onun əri Məmməd iddiaçıdan yazılı iltizam almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 göstərdi ki, İddiaçı onun yeznəsi, Cavabdeh isə onun dostudur. Tərəflərin arasında borc öhdəliklərinin olmasını bilir. Belə ki, 2016-cı ildə tərəflər arasında imzalanmış qəbzə əsasən Məmmədin İslama 28000 manat borcu qaldığı təsdiq olmuşdur. Həmin tarixdən sonra Məmməd demək olar ki hər ay iddiaçıya 250 manatdan az olmaqla poçt vasitəsi ilə pul göndərdiyini eşitmişdir. Hətta bir dəfə də o, Məmməddən eşitdi ki, İslama bir dəfəyə 10000 manat pul vermişdir, lakin həmin pul onun yanında verilməmişdir. O, İslamdan həmin pulun həqiqətən də ona verilib verilməməsini həmin vaxt soruşmamısdır, o, bu gün İslamdan eşidmişdir ki, ona bir dəfəyə heç vaxt pul verilməmişdir. Hazırda cavabdehin iddiaçıya nə qədər borcunun qalmasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 göstərdi ki, iddiaçı onun atasıdır. Cavabdeh onun atasına 2016-cı ildə imzalanmış qəbzə əsasən 28000 manat borcu qalmışdır. Həmin vaxtdan cavabdeh borcundan hər ay müəyyən məbləğlər göndərirdi, lakin son bir il ərzində pul ödənmədiyi üçün atası məhkəmədə iddia qaldırmışdır. O, ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, cavabdeh heç vaxt ona 10000 manat miqdarında pul verməmişdir. İşin halları İş materiallarına əlavə edilmiş 02 iyul 2016-cı il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 30000 manat borc pul götürmüş və 2000 manat pulu İddiaçı qaytarmışdır. X7 Abdullayevə 28 000 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, Cavabdeh 2015-ci ildə 09 ay ərzində hər ay 250 manat olmaqla və 2016-cı il ərzində 06 ay ərzində hər ay 300 manat olmaqla cəmi 4050 manat miqdarında pul almışdır. İş materiallarına əlavə edilmiş 30 yanvar 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 125,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 30 yanvar 2023-cü il tarixli 20144 saylı qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Zaqatala rayon Vəkil Bürosuna 100 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə prosesində aparılmış araşdırma nəticəsində müyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə yazılı sənəd tərtib edilərək cavabeh Cavabdeh İddiaçı həmin tarixə 28 000 (iyirmi səkkiz min) manat borcun olduğu müyyən olunur. Həmin tarixdən 2022-ci ilin iki ayı daxil olmaqla aparılmış ödəmələr nəticəsində qalıq borcun miqdarı 11800 (on bir min səkkiz yüz) manat təşkil etmişdir. İddiaçı tərəfindən məhkəmə vaxtı təqdim olunmuş ərizədən müəyyən olunur həmin məbləğdən 4050 (dörd min əlli) manat da 2015-2016-cı illərdə yəni tərəflər arasında yazılı sənəd tərtib olunana qədər cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Beləliklə cavabeh Cavabdeh İddiaçı 7750 (yeddi min yeddi yüz əlli) manat miqdarında borcunun qaldığı müəyyən olunur. Məhkəmə cavabeh Cavabdeh və onun arvadı məhkəmə prosesində şahid qismində ifadə vermiş X1, İddiaçı cavabdehin 10 000 (on min) manat pulun ödəməsinə dair ifadəsinə tənqidi yanaşır və bu halın iş manerialları və digər şahid ifadələri ilə təsdiq olmadığı qənaətinə gəlir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 125,4 manat dövlət rüsumunun 27,9 manatı iddiaçıya aid edilməli, 97,5 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin vəkilə ödənilmiş xidmət haqqı kimi 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7750 (yeddi min yeddi yüz əlli) manat pul vəsaiti və vəkilə ödənilmiş xidmət haqqı kimi 100 (bir yüz) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumunun 27,9 (iyirmi yeddi manat doxsan qəpik) manatı iddiaçıya aid edilsin, qalıq 97,5 (doxsan yeddi manat əlli qəpik) manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar