Məhkəmə qərarları › İş №e-2(033)-326/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-326/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-326/2025 27.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddiası üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi məbləğinin və 32,50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 1282.50 (bir min iki yüz səksən iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə “VAZ 21214” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X1 yüngül xəsarət yetirmiş və “Kia Rio” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1330 (bir min üç yüz otuz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Zaqatala RPŞ DYPB-nin Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21214” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Cavabdeh 1330 (bir min üç yüz otuz) manat sığorta ödənişi məbləğindən 80 (səksən) manat ödəmiş, lakin qalıq məbləğ olan 1250 (bir min iki yüz əlli) manat bugünədək ödənilməmişdir. Qeyd olunanlara əsasən o sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişindən qalıq məbləğ olan 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildirirlər ki, Cəmiyyətləri tərəfindən Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli, AS-24/450 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 11 dekabr 2024cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. Zaqatala RPŞ-in DYPB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə «VAZ-21214» minik markalı 99BZ085 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə barəsində xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə PAA ********** saylı sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "VAZ 21214” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-cu il tarixli, 21-05279/10/AA-4491/21 nömrəli sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21063” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 55000 manat məbləğində sığortalanmasına dair icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. Sığorta hadisəsi xx.xx.2021-cil tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində baş vermiş, Yasamal RPİ DYPŞ tərəfindən qeydə alınmışdır. Əmlaka dəymiş zərər 1588 manat məbləğində hesablanmış, üçüncü şəxs (faydalanan şəxs) X3 edilən sığоrta ödənişinin məbləği 1588 manat təşkil еtmişdir. xx.xx.2021-ci il tarixli hesablama aktına əsasən “VOLKSWAGEN JETTA” markalı, **- HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1588 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən PAA ********** sığorta müqaviləsi üzrə 580 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir . xx.xx.2024-cü il tarixli geriyə tələb (subroqasiya) məktubuna əsasən iddiaçı cavabdehə “VAZ 21214” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən həyata keçirilən 1330 manat sığorta ödənişini 10 gün müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. İşin müəyyən еdilmiş hallarından görünür ki, “VAZ 21214” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığоrtalanmışdır. Zaqatala RPŞ-in DYPB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə cavabdеh tərəfindən törədildiyi müəyyən еdilmiş hərəkət “xx.xx.2023-cü il tarixdə «VAZ-21214» minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması” оlmuşdur. İşin müəyyən еdilmiş halları həmçinin оndan ibarətdir ki, iddiaçı baş vеrmiş sığоrta hadisəsi ilə bağlı Cavabdeh oğluna «VAZ-21214» minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1250 manat, sığоrta ödənişi vеrmiş, hazırkı iddia üzrə 32.50 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh oğluna «VAZ-21214» minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1250 manat sığоrta ödənişi vеrmiş, iddiaçının yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə və hadisə yerindən yayındığına görə cavabdеhə qarşı verdiyi sığorta ödənişi məbləğində subroqasiya qaydasında tələb hüququ yarandığından, sığоrta ödənişinin və dövlət rüsumunun əvəzi cavabdеhdən iddiaçının хеyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 284-6, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 1250 (bir min iki yüz əlli) manat məbləğində sığorta ödənişi və 32.50 (otuz iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar