Məhkəmə qərarları › İş №e-2(033)-328/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-328/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-328/2024 01.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızı katibliyi İddiaçı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (Probasiya üzrə) X1 iştirakı ilə İddiaçı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277 manat 40 qəpik məbləğində pulun ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıda göstərilən hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Zaqatala rayonu Çökək kəndində qeydiyyatda olan Uvuzov X5 rayon məhkəməsinin 1(033)- 2/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 17 mart 2022-ci il tarixdə şöbənin probasiya üzrə sabiq böyük icra məmuru X4 və məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün adapter və bir ədəd kabro hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Mobil qurğuya tərəfimizdən baxış keçirilmiş, eyni zamanda Ədliyyə Nazirliyindən təqdim olunmuş müvafiq rəyə əsasən həmin nəzarət vasitəsinin zədələnərək yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Hesab edirik ki, hazırki iş üzrə Cavabdeh yetəri qədər məsuliyyətli olmadığına görə ona təhkim edilmiş elektron nəzarət vasitəsində mobil nəzarət qurğusu yararsız hala düşmüş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən, həmin mobil nəzarət qurğusunun xüsusi proqram ilə təminatı ilə dəyəri 2277 manat 40 qəpik təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (Probasiya üzrə) X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala rayonu Çökək kəndində qeydiyyatda olan məhkum Uvuzov X5 Rayon İcra və probasiya Şöbəsi tərəfindən ona tətbiq olunmuş elektron nəzarət vasitəsinə onlara məlumat vermədən yapışkan kley tökməklə mobil qurğunu elektron nəzarət vasitəsini tam yararsız vəziyyətə salmışdır. Məhkumun cəza müddəti başa çatdıqdan sonra həmin qurğu ondan təhvil alınarkən texniki rəy verilməsi məqsədi ilə şirkətə göndərilmiş və şirkət tərəfindən verilən rəydə qurğunun tam yararsız olması, onun plastik qapaqlarına yapışdırıcı vurulması qeyd edilmişdir.Bunlara əsasən onlar həmin qurğunun dəyəri olan 2277,40 manatın cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 1(033)-2/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmiş, təqsirləndirilən şəxs Cavabdeh 04 may 2021-cu il tarixdən 06 may 2021-cu il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təqsirləndirilən şəxs Cavabdeh ona təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Cavabdeh üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış 13 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, ona təhvil verilmiş mobil nəzarət qurğusuna dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. Cavabdeh Zaqatala Rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o plastik qapaqlar arasına yapışqan vurduğunu, yapışqan vurarkən məqsədinin qurğuya zərər vurmaq olmamasını, əksinə qurğunun işlək olması üçün bunu etdiyini bildirmişdir. İlkin fərdi söhbətin aparılmasına dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi ona taxıldıqdan sonra onu daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Protokol onu tərtib edən şəxs və Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Probasiya Xidməti tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli 21/3-1149 nömrəli məktubdan görünür ki, 1 ədəd sadə elektron qolbağ mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) qiyməti 2277,4 manat təşkil edir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, Nəzarət subyekti Cavabdeh təhvil verilmiş 35630352 seriya nömrəli Atenti V6 qurğusunun plastik qapaqlarına yapışdırıcı vurulması, qurğunun təmirininmümkün olmaması, qurğunun istifadəyə tam yararsız olması müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli qərarı 7.5-ci maddəsinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, məhkum Uvuzov X5 Rayon Məhkəməsinin 1(033)-2/2022 nömrəli xx.xx.2022-ci il tarixli il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan saat 06:00-dək yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi Zaqatala Rayon İcra Probasiya daxil olduqdan sonra Məhkum Cavabdeh Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan keçmiş, izahatı alınmış və ona cəzanın icrası qayda və şərtləri ona izah edilmişdir. Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilərək üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı bir daha izah edilmişdir. Məhkum cəzası bitdikdən sonra elektron qolbaq məhkumun üzərindən açılaraq mobil nəzarət qurğusu ilə birlikdə təhvil götürülmüş və aidiyyəti üzrə Elektron Monitorinq idarəsinə təhvil verilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəydən müəyyən edilmişdir ki, mobil nəzarət qurğusunun plastik qapaqlarını yapışdırıcı vurulmuş və qurğu yararsız vəziyyətdədir. Elektron nəzarət vasitəsinin 1 ədəd sadə elektron qolbağ mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) qiyməti 2277,4 manat təşkil edir.İddiaçı həmin məbləğin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini xahiş edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. İş materiallarından da göründüyü kimi, Cavabdeh təhkim edilmiş mobil nəzarət qurğusu yararsız hala düşmüş, Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyə əsasən “Mobil qurğu”ya baxış nəticəsində nəzarət subyektinə təhkim edilmiş mobil nəzarət qurğusunun plastik qapaqlarına yapışqan vurulması, müdaxilə ehtimalının olması, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız hala düşməsi müəyyən edilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, Probasiya üzrə böyük icra məmuru tərəfindən ona Elektron nəzarət cihazına qulluq göstərilməsi və işlək vəziyyətdə saxlamalı olduğuna dair məlumat verilmişdir. Həmin cihazları zədələdiyi halda dəymiş zərərin ondan tutulacağına dair xəbərdar edilmişdir. Lakin, o, Mobil qurğunun qapaqlarını kleyləmiş, müdaxilə etmiş və nəticədə qurğu istifadəyə tam yararsız vəziyyətə düşmüşdür. Bu hallar işə olan sənədlərlə də öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh tətbiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məxsus “Attenti" markalı (nömrəsi 35630352 olan) 1 ədəd mobil nəzarət qurğusunun qapaqlarına yapışdırıcı vurulması, müdaxilə ehtimalının olması, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız hala düşməsi nəticəsində iddiaçıya 2277.40 manat maddi zərər dəyməsi tam təsdiq olunduğundan və iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğundan, cavabdeh isə vurduğu zərərin əvəzini ödəməyə borclu olduğundan, dəymiş zərərin əvəzi cavabdehdən tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Cavabdeh 42,78 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh ona təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul vəsaiti alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 42.78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar