Məhkəmə qərarları › İş №e-2(033)-329/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-329/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-329/2024 21.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X1 Cavabdeh iştirakı ilə, İddiaçı Zaqatala rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Zaqatala rayon İcra və Probasiya Şöbəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsaitin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yasamal rayon Məhkəməsinin 1(004)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 23 avqust 2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-ci il tarixdə saxlanılmış və başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(024)-38/2023 saylı qərarı ilə məhkum Cavabdeh barəsində həbs qətimkan tədbiri seçilmişdir. 12 dekabr 2023-cü il tarixdə Qax RPŞ-nin MSY-nə ENV-nin məhkumdan təhvil alınması məqsədi ilə gedilmiş, lakin yalnız elektron qolbaq təhvil alına bilmişdir.(yararsız vəziyyətdə). Digər hissələr məhkum tərəfindən itirilmişdir. Mobil qurğuya tərəflərindən baxış keçirilmiş, eyni zamanda Ədliyyə Nazirliyindən təqdim olunmuş müvafiq rəyə əsasən həmin nəzarət vasitəsinin zədələnərək yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Hesab edirik ki, hazırki iş üzrə Cavabdeh yetəri qədər məsuliyyətli olmadığına görə ona təhkim edilmiş elektron nəzarət vasitəsində mobil nəzarət qurğusu yararsız hala düşmüş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən, həmin mobil nəzarət qurğusunun xüsusi proqram ilə təminatı ilə dəyəri 2277 manat 40 qəpik təşkil edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən mobil qurğu, adapter və kabro itirilmişdir. Cavabdeh ilk dəfə quraşdırılmış qolbağın zədə alması barədə onlara müraciət etmiş və tərəflərindən qolbağa baxış keçirilərkən onun işlək vəziyyət olması müəyyən edilmişdir. Daha sonra həmin qolbağı cavabdehdən kəsib götürərkən onun zərbədən qırılmış vəziyyətdə olduğunu və təkrar istifadəyə yarasız olduğunu görmüşdür. Cavabdeh məhkəmə iclasında iddia edir ki, atası tərəfindən mobil qurğu ona təqdim edilmişdir. Lakin belə hal olmamışdır. Əgər qurğu ona təqdim olunmuş olsa idi bu barədə akt tərtib olunardı. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, Yasamal rayon Məhkəməsinin 1(004)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. 23 avqust 2022-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin probatoru tərəfindən cəzanın icrası məqsədi ilə o qeydiyyata alınmış və ayağına elektron nəzarət cihazı bağlanmaqla həmin cihaza nəzarət edilməsi üçün bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq ona təhvil verilmişdir. Daha sonra o, təkrar oğurluq cinayəti törətmiş və Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(024)-38/2023 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona quraşdırılmış qolbaq ot çalarkən çatlamış və o, bu barədə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə bildirmişdir. Qolbaq ondan kəsilib götürülmüşdür. Mobil qurğu və kabro isə atası tərəfindən Zaqatala rayon İcra və Probasiya Şöbəsində təqdim edilmişdir. Hazırda iddianı qəbul edir. Lakin aldığı 80 manat pensiyası banka iki yerdə olan kredit borcuna yönəldilmişdir. Ondan tutulmalı olan hazırkı iddia üzrə pulun da pensiyasına yönəldilməsini istəyir. İddia tələbinin təmin edilməsinə etiraz etmir. İşin halları İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli 1(004)-313/2022 saylı hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövrü həbsdə saxlanıldığı 01 gün müddət (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh üzərində Zaqatala rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli azadlığı məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitəsinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, ”İdrak” şirkətinin istehsalı olan (nömrəsi 3352PC2) 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü Cavabdeh təhvil verilərək, elektron qolbaq onun ayağına taxılmış, məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, eyni zamanda üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah olunmuşdur. Protokol Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş 19 iyun 2023-cü il tarixli azadlığı məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitəsinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, ”Attenti” şirkətinin istehsalı olan nömrəsi 356 30355 olan 1 ədəd mobil nəzarət qurğusu Cavabdeh təhvil verilərək, CE 09362 nömrəli 1 ədəd elektron qolbaq ayağına taxılmışdır. Məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, eyni zamanda üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah olunmuşdur. Protokol Cavabdeh tərəfindən imzalanmışdır. İş materialların aəlavə edilmiş 12 dekabr 2023-cü il tarixli elektron nəzarət vasitələrinin təhvil verilməsi haqqında aktdan görünür ki, məhkum Cavabdeh ”Attenti” markalı 356 30 355 nömrəli elektron qolbaq təhvil götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli izahatından görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, o Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli 1(004)-313/2022 saylı hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə yaşayış yerini saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun ərazi hüdudlarının tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. 24 noyabr o. işlədiyi Zaqatala rayonu Prokuror küçəsində yerləşən maşın təmiri mağazasında maşın yuyurdu, maşını yuyan zaman qurğu siqnal vermiş və o, əlini atıb qurğuya baxmışdır. Qurğunu geri cibinə qoymaq istəyərkən suya düşmüş və o dərhal qurğunu sudan götürmüşdür. Qurğu 2 dəqiqə yanılı qaldıqdan sonra sönmüşdür. Qurğu bərk sahəyə dəyməmiş, suyun içinə düşmüşdür. Qurğu kabro içərisində olmamış, onun cibində olmuşdur. O. işləyəm zaman rahat iş geyimindən istifadə etmiş və ona görə də qurğunu cibində gəzdirmişdir. Mənfi rəy gəldiyi halda ona dəymiş zərəri ödəməli olduğunu bilir. Bütöv məbləği tam şəkildə ödəyə biləcək imkanı yoxdur. Hiss-hissə ödəniş edə bilər. Baş vermiş hadisə ehtiyatsızlıqdan olmuşdur. Lakin nəticədə qurğu sönmüş və ona cəza müddətinin sonuna kimi yeni dəst ayrılmalıdır. İş materiallarına əlavə edilmiş Evrodizayn QSC-nin xx.xx.2023-cü il tarixli, ED 000442 saylı texniki rəyində göstərilmişdir ki, Attenti sadə qolbağın komlektasiyası pozulmuş, komplektə daxil olmuş V6 mobil qurğu, kabura və adapter aşkarlanmamışdır. Qolbaq zərbədən qırılmışdır. Bu cihazın komplketi təkrara istifadəyə yararsızdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Maliyyə və Təminat idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Aslan Muradov tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış 06 avqust 2021-ci il tarixli D-8/181 nömrəli məktubundan görünür ki, Sadə elektron qolbaq mobil nəzarət qurğusunun(stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 03 aprel 2024-cü il tarixli ərizədən görünür ki, o. maddi ziyan tələbi haqqında iddianı qəbul edir. Elektron nəzarət vasitəsini itirdiyi üçün onun dəyəri olan 2277 manat 40 qəpik məbləğində vəsaitinin ondan tutularaq Ədliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsinə etiraz etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Yasamal rayon Məhkəməsinin 1(004)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 23 avqust 2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokola əsasən bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq Cavabdeh quraşdırılaraq təhvil verilmiş və sonuncu protokolu imzalamışdır. Həmin protokoldan görünür ki, elektron nəzarət vasitəsi tətbiq edilərkən cavabdehə həmin vasitəni hər hansı üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, 24 noyabr 2023-cü il tarixdə işlədiyi maşın təmir mağazasında maşın yuyarkən qurğunu suya salmış və qurğu sönmüşdür. Qurğunun dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, nəzarət subyekti Cavabdeh təhvil verilmiş Attenti sadə qolbağın komlektasiyasının pozulduğu, qolbağın zərbədən qırıldığı, komlektə daxil olan V6 mobil qurğunun, kabura və adaptorun aşkarlanmadığı müəyən olunmuşdur. xx.xx.2021-ci il tarixli, D-8/181 nömrəli məktubundan görünür ki, sadə elektron qolbaq mobil nəzarət qurğusunun(stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manatdır. İddiaçı həmin məbləğin cavabdehdən alınmasını xahiş edir. Göründüyü kimi, Cavabdeh təhkim edilmiş mobil nəzarət qurğusu yararsız hala düşmüş, Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən müəyyən edilmişdir ki, Attenti sadə qolbağın komlektasiyasının pozulduğu, qolbağın zərbədən qırıldığı, komlektə daxil olan V6 mobil qurğunun, kabura və adaptorun aşkarlanmadığı müəyən olunmuşdur. Elektron nəzarət cihazına qulluq göstərilməsi və işlək vəziyyətdə saxlamalı olduğuna dair məlumat Cavabdeh icra məmuru tərəfindən verilmişdir. Həmin cihazları zədələdiyi halda dəymiş zərərin ondan tutulacağına dair xəbərdar edilmişdir. Lakin, onun səhlənkarlığı səbəbindən ona təhkim edilmiş elektron nəzarət qurğusu yararsız vəziyyətə düşmüşdür. Bu halları cavabdeh də təsdiq edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təqsirli hərəkəti nəticəsində elektron nəzarət qurğusunun tam yararsız hala düşməsi müəyyən olunduğundan, Cavabdeh vurulmuş maddi ziyana görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən Zaqatala rayon İcra və Probasiya İdarəsi dövlət rüsumu ödəməkdən azad olunur. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı Zaqatala rayon İcra və Probasiya İdarəsinin iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 42,77 (qırx iki manat yetmiş yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. (M/H AZ41NABZ********************, VÖEN:**********, Kod:210005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********2107131, VÖEN**********, Büdcə səviyyəsinin kodu 1, Büdcə təsnifatının kodu 142330). Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar