Məhkəmə qərarları › İş №e-2(033)-335/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-335/2025

05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-335/2025 05.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Zaqatala rayonu Fadarlı kəndində anadan olmuş və həmin kənddə yaşayan Cavabdeh 2115 manat vurduğu maddi zərərin və 41 man. 55 qəpik ödənilən dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “OPEL ASTRA” markalı **-BG-*** nömrə nişanlı avtomobili var. Cavabdeh məxsus iki baş iri buynuzlu heyvan olan inək kəndin əsas yolunda nəzarətsiz qaldığına görə xx.xx.2024-cü il tarixdə ona məxsus avtomobilin qarşısına çıxaraq ona zərər vurmuşdur. Belə ki, həmin vaxtı o avtomobili ilə Fadarlı kəndinin əsas yolu ilə hərəkət etdikdə. Qəflətən yolun kənarından iki baş inək yola çıxaraq avtomobili ilə toqquşmuşdu. Malların buynuzlarının avtomobilin sol qabaq hissəsinə dəyməsi nəticəsində avtomobilin sol qabaq hissələri əzilərək istifadəyə yararsız hala düşmüşdür. Hadisə nəticəsində inəklər heç bir xəsarət almamışdır. Avtomobilini saxlayaraq yol polisini və malların sahibini hadisə yerinə çağırmışdır. Yol polisi hadisə yerinə gəldi və məlum oldu ki, hadisəyə səbəb cavabdehin mal-qaranı nəzarətsiz buraxmasıdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(033)-320/2024 saylı qərarından da görünür ki, cavabdeh AR İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Cavabdeh mal-qaranı nəzarətsiz buraxdığı üçün hadisə baş vermişdir və baş vermiş hadisə nəticəsində də ona 2115 manat ziyan dəymişdir. Həmin zərər cavabdeh tərəfindən ödənilməlidir. Dəymiş zərərin qiymətləndirilməsi üçün rəy alınmışdır. Avtomobilə dəymiş ziyanla bağlı Zaqatala rayonunda fəaliyyət göstərən X1 məxsus “İsmayıloğulları” avtoservisindən arayış alınmışdır. Həmin arayışdan açıq-aydın olaraq göstərilmişdir ki, avtomobilin hansı hissələri yararsız hala düşmüş, onların dəyəri neçə manat təşkil edir, eyni zamanda avtomobili təmir etmək üçün usta xərcləri neçə manat təşkil edir. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh maddi imkanının olmadığını, xəstə uşağının olduğunu, özünün də müalicəyə ehtiyacının olduğunu bildirmişdir. O, tələb olunan məbləği ödəmək imkanının olmadığını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(033)- 320/2024 nömrəli qərarından görünür ki, 13 sentyabr 2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndi ərazisində ona məxsus iki baş iribuynuzlu heyvan olan inək yolun hərəkət hissəsinə çıxaraq Zaqatala rayonu Faldarlı kənd yolunda hərəkətdə olan, sürücü İddiaçı məxsus «OPEL ASTRA» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə həmin avtomobilə maddi zərər yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi müəyyən edilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-348/2024 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 07 oktyabr 2024-cü il tarixli, 3(033)-320/2024 nömrəli qərarı ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Zaqatala rayonu “İsmayıloğulları” X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli avtomobilə dəymiş zərər aktından görünür ki, “OPEL ASTRA” markalı **-BG- *** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 2115 manat zərər dəymişdir. BD 646803 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OPEL ASTRA” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin müraciətlərini nəzərə alıb, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin faktiki hallarından görünür ki, 13 sentyabr 2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndi ərazisində İddiaçı məxsus «OPEL ASTRA» markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsiri müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hadisə nəticəsində İddiaçı mülkiyyətində olan “OPEL ASTRA” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2115 manat maddi zərər dəymişdir. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan “OPEL ASTRA0” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2115 (iki min bir yüz on beş) manat məbləğində maddi ziyan və hazırki iddianın qaldırılması üçün 41,55 manat dövlət rüsumu iş üzrə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2115 (iki min bir yüz on beş) manat avtomobilə dəymiş maddi zərərin əvəzi və 41,55 (qırx bir əlli beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar