Məhkəmə qərarları › İş №e-2(033)-39/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-39/2025

19.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-39/2025 19.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən iddiaçının payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən iddiaçının payının naturada ayrılması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2024-cu il tarixdə qeydiyyata alınaraq verilmiş çıxarış əsasən Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0.3227 ha torpaq sahəsindən onun, yəni İddiaçı ½, Cavabdeh ½ hissədə paylarının birlikdə naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Zaqatala şəhəri, Çökəkoba kəndində yerləşən 0.3227 ha torpaq sahəsinə dair hüquqları xx.xx.2024-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli torpaq sahəsində mülkiyyətçilərdən onun - İddiaçı torpaq sahəsində ½, Cavabdeh torpaq sahəsində ½ hissədə payları müəyyən edilmişdir. Mülki iş üzrə Cavabdeh ilə payların naturada ayrılmasına dair razılıq əldə edə bilmədiyindən torpaq sahəsindən istifadə edə bilmir. Qeyd edilənlərə əsasən əmlakla bağlı mülkiyyət hüquqları pozulur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Ali Məhkəmənin müvafiq qərarına əsasən torpaq üzərində paylı mülkiyyət hüququ müəyyən edilmişdir və həm payın naturada ayrılmasını istəyir. Ekspert rəyində də torpaq sahəsinin naturada bölünməsinin mümkün olduğu göstərimişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, mübahisələndirilən torpaq sahəsi 30 sotdan ibarət 15 metr dar uzun bir yerdir. Lakin ekspert rəyində torpaq sahəsinin naturada bölünməsi mümkün olduğu qeyd edilmişdir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Yazılı sübutlar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 yanvar 2024-cü il tarixdə verilmiş reyestr nömrəsi **********48, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0.3227 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/2 hissə olmaqla İddiaçı, payı 1/2 hissə olmaqla Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən ½ hissəinin Cavabdeh payına düşən ½ hissədən ayrılaraq naturada bölünməsi mümkündür. Həmin torpaq sahəsinin iddiaçı və cavabdehin pay normasına uyğun bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 10/8569 nömrəli rəyindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən ½ hissəsinin Cavabdeh payına düşən ½ hissədən ayrılaraq naturada bölünməsi mümkündür. Həmin torpaq sahəsinin iddiaçı və cavabdehin pay normasına uyğun bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. 09 fevral 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Zaqatala rayonunun Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ½ hissə olmaqla İddiaçı və payı ½ hissə olmaqla Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ilkin məhkəmə tikinti-texniki ekspertiza üzrə ekspert və mütəxəssis rəyləri ilə iddiaçının torpaq sahəsindəki 1/2 hissəsinin yerquruluşu planına uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylərlə razılaşır və iddiaçının torpaq sahəsindəki ½ hissə payının Cavabdeh ½ hissə payından naturada ayrılmasının mümkün olması barədə həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ vardır və payların naturada ayrılması mümkündür. Odur ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Çökəkona kəndində yerləşən tərəflərin paylı mülkiyyətində olan 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1/2 hissə naturada ayrılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, payın naturada ayrılması iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə 15 avqust 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumunu tələb etmədiyinə görə, dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********1 qeydiyyat nömrəli, 22 yanvar 2024-cü il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən ½ hissə, Cavabdeh payına düşən ½ hissədən ayrılsın. İddiaçının payının naturada ayrılması, 15 avqust 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılsın. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar