Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-394/2025 23.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.235.00 manat, hüquqi xidmətə görə ödənilmiş 300.00 manat və 73.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4.608.00 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun 4.235 manat məbləğində pulunu mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Sevinci xx.xx.2024-cü il tarixdən tanıyır. Belə ki, o, onlayn şəbəkələr vasitəsi ilə kofe və digər malların satışı ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə cavabdeh onun ***-***-**-** nömrəli mobil telefonuna WhatsApp vasitəsi ilə mesaj ataraq onunla əlaqəyə girmiş və xahiş etmişdir ki, ona kofe, kollagen və xrom göndərsin. O, 185.00 manat dəyərində olan həmin malları “Mercedes Benz” markalı taksi avtomaşını ilə (sürücünün adı Mənsur, telefon №-si ***-***-**-**) Sevincin yaşadığı şəhərə-Zaqatalaya göndərmişdir. Bu malları alandan sonra Sevinc onun 5239-1517-5491- 8061 nömrəli kartına 100.00 manat pul köçürmüş, 85.00 manatı isə köçürməmişdir. Bundan sonra, cavabdehlə onların aralarında yaxın münasibət yaranmış və Sevinc onu oğlunun kiçik toyuna dəvət etmişdir. O, həyat yoldaşı X1 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən “Sarı Gəlin” şadlıq sarayında Sevincin oğlunun kiçik toyunda iştirak etmişlər. xx.xx.2024-cü il tarixdə Sevinc ona zəng edib bildirmişdir ki, ona yenə bir qutu kofe lazımdır. Xahiş etmişdir ki, bir nəfər oğlan göndərəcək, kofe məhsulunu həmin oğlana versin, axşam həm kofenin pulunu, həm də əvvəlki mallardan qalmış 85.00 manatı köçürəcək onun kartına. Sevincə inandığına görə 100.00 manat dəyərində olan bir qutu kofeni Sumqayıt Təhsil Şöbəsinin qarşısında vermişəm Sevincin göndərdiyi həmin oğlana, lakin, Sevinc mənə verəcəyi 185.00 manat pulu həmin vaxt onun kartına köçürməmişdir. Bundan sonra, o Sevincə zəng edib xatırlatmışdır ki, ödənişləri var, mümkünsə ona olan borcunu karta köçürsün. Sevinc dedi ki, başı qarışıqdır, yalnız bir neçə gündən sonra pulu köçürə bilər. Avqust ayının axırında Sevinc ona zəng edib xahiş etdi ki, ona 200.00 manat pul göndərsin, axşam və yaxud səhər tezdən ona olan 185.00 manat borcunu və həm də bu 200.00 manatı köçürəcək onun kartına. O xx.xx.2024-cü il tarixdə Sevincin 5239-1517- 2261-3562 nömrəli kart hesabına 200.00 manat pul köçürdür. Ertəsi gün Sevinc ona zəng edib bildirmişdir ki, telefonda onlayn oyun oynayır və onun həmin oyunda çoxlu pulu var. Bu oyuna 500.00 manat pul qoymalıdır ki, həmin pulları çıxarsın. Ona 500.00 manat da pul göndərsin və o, oyundan götürəcəyi pullarla onun bütün borclarını qaytaracaq. O Sevincə inanmış və ona olan borcunu qaytarsın deyə, Sevincin həmin kart hesabına 500.00 manat pul köçürmüşdür. Həmin gün axşam Sevinc həqiqətən onun kartına 650.00 manat pul köçürmüşdür. Təxminən iki gündən sonra Sevinc ona zəng edib bildirmişdir ki, oynadığı oyunda olan 50.000 manatı çıxarmaq üçün ona 5.000 manat pul lazımdır. O demişdir ki, onda o qədər pul yoxdur. Ancaq bir neçə gündən sonra Sevinc onunla WhatsApp vasitəsi ilə danışaraq demişdir ki, xərçəng xəstəliyinə tutulub, vəziyyəti ağırdır, müalicə üçün ona təcili pul lazımdır. Onun Sevincə yazığı gəlmiş və xx.xx.2024-cü il tarixdə “Milliön” aparatı vasitəsi ilə Sevincin pul kartına 1.000 manat, xx.xx.2024-cü il tarixdə kart vasitəsi ilə 1.300 manat, xx.xx.2024-cü il tarixdə 1.200 manat, xx.xx.2024-cü il tarixdə isə **********273335 nömrəli digər kartımla 1.000 manat pul köçürmüşdür. Bundan sonra, onlar – o və həyat yoldaşı xx.xx.2024-cü il tarixdə Sevincin Bakı şəhərində faktiki yaşadığı ünvana (Bakı şəhəri, Nizami rayonu, "xxxx" MTK, bina-99, mənzil-5) gedib Sevinclə görüşmüşlər. Sevinc söz vermişdir ki, xx.xx.2024-cü il tarixədək onun pullarının hamısını qaytaracaq. xx.xx.2024-cü il tarixdə Sevinc həqiqətən onun pul kartına 500.00 manat pul köçürmüş, lakin, qalan 4.235.00 manat pulu bu günə kimi ona qaytarmamışdır. Hesab etmişdir ki, Sevinc onun etibarından sui istifadə edərək onu aldatmış və pullarını mənimsəmişdir. Ona görə də ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir, lakin Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla ona bildirilmişdir ki, ərizədə göstərilən xüsusatlar mülki iş olduğuna görə məhkəməyə müraciət etməyim məqsədə müvafiqdir. Ona görə də cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçı və cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər, İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları xx.xx.2024-cü il tarixli pul vəsaitinin köçürülməsinə dair çıxarışdan görünür ki, 1015 manat SE******* Q******* hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli pul vəsaitinin köçürülməsinə dair çıxarışdan görünür ki, 1200 manat SE******* Q******* hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli pul vəsaitinin köçürülməsinə dair çıxarışdan görünür ki, 1300 manat SE******* Q******* hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli pul vəsaitinin köçürülməsinə dair qəbzdən görünür ki, 1000 manat SE******* Q******* hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli pul vəsaitinin köçürülməsinə dair çıxarışdan görünür ki, 200 manat SE******* Q******* hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli pul vəsaitinin köçürülməsinə dair çıxarışdan görünür ki, 500 manat SE******* Q******* hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 29 avqust 2024-cü il tarixdən 07 sentyabr 2024-cü il tarixlərdə hissə-hissə olmaqla qaytarmaq şərti ilə ümumilikdə 5215 manat məbləğində borc pul almışdır. Bu haliddiaçı tərəfindən təqdim edilmiş pul köçürməsinə dair çıxarışlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik yaranmışdır. Cavabdeh həmin pulun bir hissəsini qaytarmış, lakin qalan 4235 manat hissəsini qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.. İş materialları ilə də müəyyən olunur ki, borclu Cavabdeh şifahiborc müqaviləsinə (qəbzə) əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. İddiaçı pul köçürməsinə dair çıxarışları təqdim etməklə Cavabdeh ondan 5215 manat pulu götürdüyünü sübut etmiş və cavabdeh həmin sübutları təkzib etmək üçün mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə işdə pul köçürməsinə dair çıxarışları borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Göründüyü kimi, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də, iddiaçı müqavilə üzrə yaranmış və cavabdeh tərəfindən ödənməmiş 4235 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh da iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi qisməntəmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4235 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 73 manat dövlət rüsumu cavabdehdən alınaraq ona qaytarılmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 300 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X2rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 300 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 4235 (dörd min iki yüz otuz beş) manat məbləğində borc pul, 73 (yetmiş üç) manat dövlət rüsumu və 300 (üç yüz) vəkilin xidmət haqqı kimi ödənmiş vəsaitin əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-394/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-394/2025
23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver