Məhkəmə qərarları › İş №e-2(033)-415/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-415/2023

22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-415/2023 22.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı “X5” Publik hüquqi şəxsin Cavabdeh qarşı xırdabuynuzlu heyvanların natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı “X5” Publik hüquqi şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 11314 birka nömrəli bir (bir) baş qoç və 11687, 11754, 11581, 11362, 11475, 11660, 11784, 11539, 11459, 11695, 11546, 11720, 11770, 11530, 11466, 11460, 10424, 11421, 11416, 11682 birka nömrəli 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 20 iyun tarixli aktla vətəndaş Cavabdeh “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası” nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 10 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022ci il 21 dekabr tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 11314 birka nömrəli 1 (bir) baş qoç və 11687, 11754, 11581, 11362, 11475, 11660, 11784, 11539, 11459, 11695, 11546, 11720, 11770, 11530, 11466, 11460, 10424, 11421, 11416, 11682 birka nömrəli 20 (iyirmi) baş qoyun aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 28 dekabr tarixli **********7 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəmiz təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Qanunvericilik dəymiş zərərin əvəzinin ödənilməsi məsələsini dəqiq tənzimləmək məqsədilə Mülki Məcəllənin 1115.1-ci maddəsində qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Məsələ ilə əlaqədar əlavə olaraq qeyd olunmalıdır ki, “Məşğulluq haqqında” Qanunun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaçının nümayəndəsi Hüseynov X6 Rayon Məhkəməsinin elektron ünvanına müraciət edərək iş üzrə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Cavabdeh Cəlil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar Cavabdeh eyni növlü və keyfiyyətli (2- 3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 baş qoyunun natura şəklində Agentliyə qaytarılmasını tələb edirlər. Həmin heyvanların dəyərini tələb etmirlər. Müqavilə əsasında cavabdehə verdikləri qoyunların natura şəklində qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, özünüməşğulluğa kömək göstərilməsi məqsədi ilə iddiaçı təşkilata müraciət etmişdir. Təşkilatla onun arasında 20 iyun 2022-ci il tarixli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən ona 13 baş yaşlı və 8 baş cavan xırdabuynuzlu heyvan olan qoyun verilmişdir. Qoyunlardan biri erkək cinsli, 20-i dişi idi. Həmin heyvanların əksəriyyəti çox yaşlı və xəstə idi və bu barədə o X3 məlumat vermişdir. Heyvanlar yaşlı olduğundan o həmin heyvanları satmış və əvəzində 1 baş iribuynuzlu heyvan almışdır. Heyvanları satması və əvəzində iribuynuzlu heyvan alması barədə X3 məlumat verməmişdir. 21 dekabr 2022-ci il tarixdə X2 əməkdaşları heyvanları yoxlamaq məqsədi ilə monitorinq keçirmiş və bu zaman onlara heyvanları satdığını bildirmişdir. Hazırda iddia tələbinin predmeti olan heyvanların onda olmamasının nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı təhvil-təslim aktında göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək (3.3.1); əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemlendirilməsi), habelə əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün bu Müqaviləyə Əlavə 2-də gösterilən təlimata riayət etmək (3.3.2);əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək (3.3.3); Müqavilə əsasında verilmiş Əmlakdan 1 (bir) il ərzində üzürlü səbəb olmadan istifadə etmədikdə həmin Əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq (3.3.4), monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin Əmlaka qəsdən ziyan vurduğu, o cümlədən bu Müqavilənin 3.3.1-3.3.3-cü yarımbəndlərınə nəzərdə tutulmuş vəzrfəiən yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək (3.3.5) və s. özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələridir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Filiala qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. 20 iyun 2022-ci il tarixli Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən Cavabdeh 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2-3.5 yaş arası qoç və 400 kq paketlənmiş qarışıq yem verilmişdir. 21 dekabr 2022-ci il tarixli Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, monitorinq Bəhmətli kəndində Cavabdeh ünvanında keçirilmiş və 20 baş xırdabuynuzlu heyvan olan qoyunun və 1 baş qoçun satıldığı aşkar edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, Agentlik tərəfindən 20 iyun 2022-ci il tarixində 2022/ÖM- 04278 nömrəli müqavilə əsasında ona təqdim olunmuş əmlakları 30 gün ərzində Agentliyə geri qaytarması, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun Agentliyin xəzinə hesabına (əlavə olunur) pul vəsaiti şəklində köçürməsi Cavabdeh tələb olunmuş və əks təqdirdə vurulmuş ziyanın əvəzinin ödənilməsinin məhkəmə vasitəsilə tələb ediləcəyinə dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərdən ibarətdir. 24.3-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. 24.4-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.7-ci maddələrinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası” 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqaviləsinə əsasən özünüməşğulluq istiqamətinin təşkili üçün müqavilənin tərkib hissəsi olan Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktında qeyd olunan 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2-3.5 yaş arası qoç və 400 kq paketlənmiş qarışıq yem Cavabdeh verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh 1 (bir) il müddətində qeyd olunan əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə Cavabdeh üzərinə əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək, müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq, monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin Əmlaka qəsdən ziyan vurduğu, o cümlədən müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək vəzifələri qoyulmuş və vəzifələrin icra edilməməsi halında onun Cavabdeh məsuliyyəti müəyyən olunmuşdur. 21 dekabr 2022-ci il tarixdə Cavabdeh fəaliyyəti yoxlanmış və monitorinq zamanı 20 iyun 2022-ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqavilə əsasında ona təhvil verilmiş 20 baş xırdabuynuzlu heyvan olan qoyunun və 1 baş qoçun cavabdeh tərəfindən satıldığı aşkar edilmişdir. Cavabdeh 20 iyun 2022-ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən iddiaçı “X5” Publik hüquqi şəxsi müqavilənin tərkib hissəsi olan təhvil təslim aktı ilə Cavabdeh verilmiş xırdabuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını tələb edir. Cavabdeh müqavilə əsasında ona verilmiş heyvanların yaşlı və xəstə olduğunu və buna görə də həmin heyvanları sataraq əvəzində bir iri buynuzlu heyvan aldığını və iddianın predmeti olan xırdabuynuzlu heyvanların onda olmamasını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçıların ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh 20 iyun 2022-ci il tarixində 2022/ÖM/04278 nömrəli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və müqavilə əsasında ona verilmiş və iddiaçıya məxsus onun mülkiyyətinə verilməmiş 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2-3.5 yaş arası qoçu satmaqla iddiaçıya maddi zərər vurmuşdur. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin zərərvurandan tam həcmdə tutulması nəzərdə tutulmuşdur. Eyni zamanda mülki qanunvericilikdə zərərin ödənilməsi təmin edilərkən zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliklərindən birinin işin hallarından asılı olaraq məhkəmə tərəfindən zərərvuranın üzərinə qoyulması nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı “X5” Publik hüquqi şəxs tərəfindən cavabdehdən tələb olunan 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2- 3.5 yaş arası qoç cavabdeh tərəfindən satılmışdır və həmin heyvanlar hazırda cavabdehin istifadəsində deyil və həmin heyvanlarla eyni növlü və keyfiyyətli xırdabuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya verilməsi qeyri mümkündür. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanmış 20 iyun 2022-ci il tarixində 2022/ÖM/04278 nömrəli müqavilədə tərəflərin məsuliyyəti müəyyən edilərkən müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə özünüməşğulluğa cəlb olunmuş Cavabdeh tərəfindən həmin əmlakı qaytarması dəymiş zərərin ödənilməsinin yeganə üsulu kimi göstərilməmiş və dəymiş zərərin ödənilməsinin digər üsulu kimi əmlakın dəyərinin bazar qiymətinə uyğun olaraq qaytarılması imkanı da nəzərdə tutulmuşdur. Məhkəmə sonda qeyd edir ki, iddiaçı “X5” Publik hüquqi şəxsi iddia verərkən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın və tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilənin tələblərini, yəni “özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı (əmlak onun sahibliyində olduğu halda) və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır” və “özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir” müddəalarını nəzərə almamış, cavabdehdən xırdabuynuzlu heyvanların natura şəklində qaytarılmasını tələb etməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan, eyni zamanda dəymiş zərərin əvəzinin (pul vəsaitinin) cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olması iddiaçı tərəfə izah edildiyindən, iddiaçı tərəf isə hazırki iddia tələbini müdafiə etdiyindən, həmçinin iddia tələbində qeyd edilən 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilə əsasında Cavabdeh istifadəsinə verilmiş eyni növlü və keyfiyyətli (2-3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 (iyirmi) baş qoyun cavabdehin mülkiyyətində və istifadəsində olmadığından, yəni satıldığından iddiaçı “X5” Publik hüquqi şəxsin cavabdeh X4 qarşı xırdabuynuzlu heyvanların natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı “X5” Publik hüquqi şəxsin cavabdeh X4 qarşı xırdabuynuzlu heyvanların natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar