Məhkəmə qərarları › İş №e-2(033)-46/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-46/2025

25.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-46/2025 25.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X3 Əli qızının katibliyi ilə, İddiaçı Cavabdeh və cavabdeh tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs qarşı “birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin naturada bölünməsi, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin naturada bölünməsi, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada bölünməsi, 1/2 hissənin ona verilməsinə, həmin torpaq sahəsindən ona düşən hissədən cavabdehin çıxarılmasına və həmin hissədə inşa edilmiş tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu, Göyəm kəndində onun cavabdehlə birgə nikahda əldə etdikləri 0,06 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsinə Reyestr Xidmətindən ********** qeydiyyat nömrəli və xx.xx.2024 qeydiyyat tarixli çıxarış da verilmişdir. Onun cavabdehlə olan nikahı məhkəmə qaydasında pozulmuşdur və onlar ayrı yaşayırlar. Lakin birgə nikahdan əldə etdikləri torpaq sahəsindən cavabdeh özü istifadə edir, ona düşən hissədən də istifadə edərək həmin torpaq sahəsində qanunsuz olaraq tikililər inşa etmişdir. Torpaq sahəsi naturada bölünmədiyindən o hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məqsədi torpaq sahəsini naturada böldürməkdir. 11 iyun 2024-cü il tarixdə Maraqlı şəxs cavabdeh tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları 12 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Zaqatala rayonu, Göyəm kəndində onun cavabdehlə birgə nikahda əldə etdikləri 0,06 ha torpaq sahəsi vardır. Onun cavabdehlə olan nikahı məhkəmə qaydasında pozulmuşdur. Lakin birgə nikah dövründə əldə edilmiş həmin torpaq sahəsindən cavabdeh özü istifadə etmiş, ona düşən hissədən də istifadə edərək həmin torpaq sahəsində üçüncü şəxslə birlikdə qanunsuz olaraq tikililər inşa etmişlər. Həmin tikililər o, hələ cavabdeh ilə birgə nikah dövründə olarkən inşa edilmişdir, lakin yaşayış üçün hazır vəziyyətdə olmamışdır. Həmin tikililəri cavabdehlə birgə qazancları hesabına tikmişlər. Cavabdeh torpaq sahəsindən özünə çatan payı qardaşı olan üçüncü şəxs Ramin Soltanova bağışlamışdır. O, həmin hissənin Ramin Soltanova bağışlanmasına razı deyildir. Belə ki, torpaq sahəsinə görə mübahisə onunla cavabdeh arasındadır və həmin torpaq sahəsi onların bərabər paylı mülkiyyətində olmuşdur. Hazırda mübahisləi torpaq sahəsində yerləşən yaşayış evində Maraqlı şəxs yaşayır. Maraqlı şəxs bilirdi ki, onunla cavabdeh arasında mübahisə vardır və bunu bildiyi halda mübahisəli torpaq sahəsində tikililər tikmiş və fərdi yaşayış evində yaşamağa başlamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən tərəflərin birgə nikahı dövründə əldə edilmiş 0,06 ha torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində hazırda Maraqlı şəxs yaşayır. Mübahisəli torpaq sahəsində başqa tikililərdə vardır. Torpaq sahəsi 2016-cı ildə bağışlanma yolu ilə Maraqlı şəxs mülkiyyətinə verilmişdir və orada yerləşən tikililər sonuncu tərəfindən inşa edilmişdir. Daha sonra məhkəmə tərəfindən bağışlanma müqaviləsi etibarsız hesab edilmişdir və torpaq sahəsi iddiaçı və cavabdehin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək onların hər birinə ½ hissə pay müəyyən edilmişdir. Maraqlı şəxs torpaq sahəsində payı olmasa da həmin torpaq sahəsində yerləşən tikililərə onun hüququ vardır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan yekunlaşmasına etiraz etmədiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, onların nümayəndəsi Vəkil məhkəməyə hər dəfə ərizə ünvanlayaraq mülki işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh, üçüncü şəxs və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Zaqatala rayonu Göyəm Bələdiyyəsinin 27 aprel 2007-ci il tarixli 04 saylı qərarın surətindən görünür ki, Zaqatala rayonu Göyəm Bələdiyyəsi tərəfindən Cavabdeh 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdehla Göyəm Bələdiyyəsi arasında 0.06 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 528066 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala rayon Göyəm Bələdiyyəsinin 27 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə 600 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. 04 aprel 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsini Maraqlı şəxs bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/2 hissə olmaqla İddiaçı, payı 1/2 hissə olmaqla Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və ********** olan, qeydiyyat tarixi xx.xx.2024 və xx.xx.2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/2 hissə olmaqla İddiaçı, payı 1/2 hissə olmaqla Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. 16 aprel 2024-cü il tarixli MŞŞ/MT018/2024-00619 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:00-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. 17 avqust 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Məmmədov X2 rayonu Göyəm kəndi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus ½ hissəsini Maraqlı şəxs bağışlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/6555 nömrəli rəyindən görünür ki, mübahisəli torpaq sahəsi bir tərəfdən yol (küçə), bir tərəfdən qrunt yol, iki tərəfdən isə qonşu sahələr ilə əhatə olunmaqla hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikili mövcuddur. Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə görə, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəkildə aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Zaqatala rayonu, Göyəm kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.06 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəyə bölünməsinin yalnız həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. 18 aprel 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Zaqatala rayonunun Göyəm kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ½ hissə olmaqla İddiaçı və payı ½ hissə olmaqla Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ilkin məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi ilə Zaqatala iddiaçının torpaq sahəsindəki 1/2 hissəsinin yalnız həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan bölünməsi mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxsin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır və iddiaçının torpaq sahəsindəki ½ hissə payının Maraqlı şəxs ½ hissə payından həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan naturada ayrılmasının mümkün olması barədə həmin rəylə müəyyən edilənləri işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ vardır və payların tikililər nəzərə alınmamadan naturada ayrılması mümkündür. Odur ki, iddia tələbi həmin hissəsə təmin olunmalı, ünvan 1ində yerləşən tərəflərin paylı mülkiyyətində olan 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1/2 hissə naturada ayrılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, payın naturada ayrılması iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə ekspert rəyinə əlavə edilmiş sxemə uyğun aparılmalıdır. Məhkəmə iddia tələbinin iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh və üçüncü şəxs tərəfindən zəbt olunması, onların iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr törətmələri tam təsdiq olunduğundan, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, iddiaçının torpaq sahəsini cavabdeh və üçüncü şəxsin qanunsuz sahibliyindən geri tələb etmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst, maneəsiz istifadə və sahiblik etmək hüquqları olduğundan, cavabdeh və üçüncü şəxs mübahisəli yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin iddiaçının payına düşən hissəsindən çıxarılmalı, zəbt olunmuş ərazidə mövcud olan tikililər sökülməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumunu tələb etmədiyinə görə, dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və ********** olan, qeydiyyat tarixi xx.xx.2024 və xx.xx.2024-cü il olan çıxarışda qeyd edilmiş 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən ½ hissə, üçüncü şəxs Maraqlı şəxs payına düşən ½ hissədən naturada ayrılaraq ona verilsin. İddiaçının payının naturada ayrılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/6555 nömrəli rəyinə əlavə edilmiş sxemə uyğun aparılsın. İddiaçı payına düşən ½ hissədə mövcud olan tikililər sökülsün və Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs həmin hissədən çıxarılsınlar. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar