Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-474/2022 16.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zaqatala rayonu Yuxarı Tala kənd sakini Cavabdeh onun xeyrinə 28200 (iyirmi min iki yüz səksən) manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Zaqatala şəhər sakinidir. Rəsmi olaraq heç yerdə işləmir. Cavabdeh 20 ildir ki tanıyır. 2019-cu ilin noyabr ayında Vaqif ona iş qurmaq istədiyini bunun üçün maddi dəstəyə ehtiyacı olduğunu və ona əgər maddi dəstək verərsə şərik olaraq iş qura biləcəyini demişdir. İşi ondan ibarət olacaqdı ki, dam örtükləri inşaat tikinti materiallarını sifarişlə gətirəcək və rayon ərazisində müştərilərə satacaqdı və bundan onların xeyri olacaqdı. O da Vaqifi uzun müddət tanıdığı üçün ona inanmış, güvənmiş və müxtəlif vaxtlarda müəyyən məbləğlərlə cəmi 28200 (iyirmi səkkiz min iki yüz) manat məbləğində pulu Vaqifə vermişdir. Vaqifdən isə verdiyi pulun müqabilində və ya onun gördüyü işin müqabilində hər hansı pul görməmişdir. Əksinə ziyana düşmüşdür. O artıq Vaqif tərəfindən tam aldadıldığını hiss etdikdən sonra Vaqifdən heç olmasa verdiyi məbləği, yəni 28200 (iyirmi səkkiz min iki yüz) manatı geri tələb etsə də, Vaqif bugünədək həmin məbləği ona geri qaytarmamışdır. 20 ilin tanışı olduğu üçün aralarındakı pul mübahisəsinin məhkəmədən kənar həll etmək cəhdləri nəticəsiz qalmışdır. Məcburiyyət qarşısında qalıb məhkəmədə iddia qaldırmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, məhkəməyə ərizə təqdim edərək cavabdehin 2700 manat məbləğində pulu ödədiyini və ondan 25500 manat məbləğində pulun pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini,xx.xx.2022-ci il tarixdə sadə əl yazması şəklində yazılmış borca dair qəbzin onun tərəfindən yazılaraq imzalandığını, borcunu qısa müddət ərzində ödəyəcəyini bildirmiş və iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin halları Sadə yazılı formada Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh şəriki İddiaçı dam örtükləri üçün (alqı-satqı) götürdüyü 10000, 12000, 1700, 4500 (28200 manat) pulu ayrı məqsədlər üçün xərcləmiş, pulu geri qaytara bilmir və söz verir ki 16000 manatı xx.xx.2022-ci il tarixində verəcək və qalanını isə az-az 5 ay ərzində ödəyəcək. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdeh 2700 manat məbləğində pulu ödədiyi üçün cavabdehdən 25500 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Cavabdeh dam örtüklərinin alqı satqısı biznesi ilə məşğul olmaq məqsədi ilə İddiaçı müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 28200 manat məbləğində borc pul almışdır. Bu hal onun tərəfindən sadə yazılı formada tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli qəbz və onun məhkəmə hazırlıq iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Cavabdeh söz vermişdir ki, 16000 manatı xx.xx.2022-ci il tarixində verəcək və qalan borcunu isə az-az 5 ay ərzində ödəyəcəkdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik yaranmışdır. Cavabdeh həmin pulu qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək iddia tələbində qeyd edilən məbləğin 2700 manat hissəsinin ödənildiyini bildirir və cavabdehdən 25500 manat məbləğində pulun tutulmasını xahiş edir. İddiaçı cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli qəbzi təqdim etməklə Cavabdeh ondan 28200 manat pulu götürdüyünü sübut etmiş və cavabdeh həmin sübutları təkzib etmək üçün mötəbər sübutlar təqdim etməmiş əksinə cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatla da iddia ərizəsində qeyd edilənləri təsdiq edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Məhkəmə hesab edir ki, tərəflər arasında borc hüquq münasibətləri yaranmışdır və iddiaçının etdiyi xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcunun bir hissəsini 2700 manatı qaytarsa da, həmin borcun 25500 manat hissəsini indiyədək qaytarmamışdır. Ona görə də Cavabdeh 2019-cu ilin müxtəlif vaxtlarında hissə-hissə olmaqla ona verilmiş 28200 manat məbləğində pulun qaytarılmamış hissəsi olan 25500 manat hissəsini iddiaçıya tamamilə qaytarmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin işdə iddianın rədd edilməsi qənaətinə gəlinməsi üçün hər hansı sübutlar mövcud deyil. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 25500 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən tələb edilmədiyindən onun iddia ərizəsi ilə bağlı ödədiyi 174 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 25500 (iyirmi beş min beş yüz) manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-474/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-474/2022
16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver