Məhkəmə qərarları › İş №e-2(033)-480/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-480/2022

28.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-480/2022 28.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2700 (iki min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 57 (əlli yeddi) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** SL *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində, Zaqatala rayonu, Aşağı Tala ərazisində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Lacetti” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Chevrolet Lacetti” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2700 (iki min yeddi yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Zaqatala RPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 “Opel Astra” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmuuna uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərdi ki, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində xx.xx.2021-ci il tarixdə onun tərəfindən idarə edilmiş Opel Astra markalı 99 SL198 dövlət nömrə nişanlı avtomobillə X3 tərəfindən idarə edilmiş Chevrolet Lacetti markalı 99LK 433 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verdiyi zaman avtomobilin sahibi də hadisə baş verdiyi zaman idarə etdiyi 99SL198 nömrəli avtomobildə olmuşdur. Hadisədən sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, o, İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Polis şöbəsinin qərarından hər hansı şikayəti yoxdur. Hazırda iddiaçının tələb etdiyi pulu ödəməyə maddi imkanı yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş edir. İşin halları CM0626/21 saylı işə dair sığorta aktına əsasən xx.xx.2021-ci il tarixdə saat 18:00-da Zaqatala rayonu Aşağı Tala kənd yolunda etibarnamə olmadan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2020 – xx.xx.2021-cı il tarixə sığorta müddətində sığorta təminatı almış Cavabdeh1 tərəfindən idarə edilmiş Opel Astra markalı 99 SL198 dövlət nömrə nişanlı avtomobillə X3 tərəfindən idarə edilmiş Chevrolet Lacetti markalı 99LK 433 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində sığorta hadisəsi baş vermiş və sonuncuya dəymiş zərərin məbləği 2700 manat müəyyən edilmiş və müvafiq olaraq X1 hesablanan sığorta ödənişi 2700 manat miqdarında olmuşdur. xx.xx.2021-ci il tarixdə keçirilmiş 0586/21 nömrəli qiymətləndirmə aktından görünür ki, Chevrolet Lacetti markalı 99LK 433 dövlət nömrə nişanlı avtomobillə dəymiş zərərin məbləği 2700 manat təşkil edir. xx.xx.2021-ci il tarixli 213 nömrəli ödəniş tapşırığından görünür ki, 2700 manat vəsait Qala Sığorta ASC tərəfindən X1 ödənmişdir. Avto Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kənd yolunda xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh2 mülkiyyətində olan Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edilmiş Opel Astra markalı 99 SL198 dövlət nömrə nişanlı avtomobillə X3 tərəfindən idarə edilmiş Chevrolet Lacetti markalı 99LK 433 dövlət nömrə nişanlı avtomobil toqquşmuş, Cavabdeh1 barəsində xx.xx.2021-ci il tarixdə inzibati icraat başlanmışdır. Zaqatala RPŞ tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. AD seriyalı 475202 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Opel Astra markalı 99 SL198 dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh2dır. xx.xx.2021-ci il tarixli Cavabdeh1 ünvanlanmış məktubdan görünür ki, dəymiş zərərin məbləğinin müəyyən edilməsi prosesində iştirak etmək məqsədi ilə 2 (iki) iş günü ərzində “Qala Sığorta" ASC-nin Bakı şəhəri, Azadlıq prospekti 124 B ünvanına yaxınlaşmalı olduğu, göstərilən müddətdə qiymətləndirmə prosesində iştirak etməməyi müəyyən ediləcək zərər məbləği ilə razı olmağı kimi qəbul ediləcəyi ona bildirilmişdir. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununu 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 13.1, 13.2 və 13.3-cü maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırarsa subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 53.1-ci maddəsinə əsasə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “Opel Astra” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2020 – xx.xx.2021-ci il sığorta müddətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh1 22 mart 2021-cı il tarixdə saat 18 radələrində Zaqatala rayonu Aşağı Tala kənd yolunda Cavabdeh2 mülkiyyətində olan Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edilmiş Opel Astra markalı 99 SL198 dövlət nömrə nişanlı avtomobillə X3 tərəfindən idarə edilmiş Chevrolet Lacetti markalı 99LK 433 dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 məxsus Chevrolet Lacetti markalı ** LK *** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. “Chevrolet Lacetti ” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər Qala Sığorta ASC tərəfindən 2700 manat həcmində qiymətləndirilmiş və həmin məbləğ xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən X1 ödənilmişdir. İddiaçı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 isə avtomobili idarə edərkən avtomobilin mülkiyyətçisinin avtomobildə olduğunu qeyd edir. Avtomobilin mülkiyyətçisi olan digər Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaya münasibət bildirməmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən, tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçmişdir və ona görə də, dəymiş zərər həddində iddia tələbi təmin edilməlidir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını sadalanan qanunvericilik normaları baxımından təhlil edərək, belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə yol nəqliyyat hadisəsini törətmişdir. Həmin hadisə nəticəsində “Chevrolet Lacetti ” markalı ** LK *** dövlət nömrə nişanlı avtomaşına 2700 manat zərər dəymiş və yol nəqliyyat hadisəsinə (sığorta hadisəsinə) görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsə ödənilən (sığorta məbləği) 2700 manat məbləğində sığorta ödənişinin Cavabdeh1 tutulması qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin sığorta ödənişinin Cavabdeh2 tutulması hissəsinə münasibət bildirərək hesab edir ki iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Belə ki, nəqliyyat vasitəsinə dair üçüncü şəxslərə etibarnamə verilməsi müstəsna olaraq mülkiyyətçi və ya buna səlahiyyəti olan mükəlləfiyyətli şəxsin subyektiv hüququ ilə bağlı olub, yalnız etibar edənlə onun adından çıxış edən etibar olunan arasındakı mülki münasibətləri tənzimləyir, həmin etibarnamələrin müvafiq qaydada qeydə alınması isə yalnız ictimai maraqlarla bağlı olub, həmin yüksək təhlükə mənbələrinin vurduqları istənilən (mülki, inzibati, cinayət) zərərə görə məsul olan şəxsin kimliyinin müəyyənləşdirilməsinə xidmət edir və bu məsələnin sığorta, eləcə də icbari sığorta qanunvericiliyi ilə tənzimlənən münasibətlərə hər hansı aidiyyatı yoxdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan Opel Astra markalı 99 SL198 dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və belə olan halda 22 mart 2021-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 ödənilmiş vəsait 99 SL198 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 qarşı «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunununun 25-ci maddəsində nəzərdə tutulan subroqasiya hüququnun yaranmasına əsas deyil. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Cavabdeh1 2700 manat sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh1 57 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2700 (iki min yeddi yüz) manat sığorta ödənişi və 57 (əlli yeddi) manat dövlət rüsumu, cəmi 2757 (iki min yeddi yüz əlli yeddi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar