Məhkəmə qərarları › İş №e-2(033)-526/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-526/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-526/2023 13.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 784 (yeddi yüz səksən dörd) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 814,40 (səkkiz yüz on dörd manat qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Vaz 2103" markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil Yevlax-Zaqatala- Gürcüstan yolunun 126-cı km ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə "Vaz 21099" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 3(033)-265/2022 saylı qərarla "Vaz 2103" markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Vaz 21099" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 784 (yeddi yüz səksən dörd) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS222483 saylı xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 784 (yeddi yüz səksən dörd) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı "Vaz 2103" markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh ərizə ilə müraciət edərək işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə əlavə edilmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılıb, təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdeh məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-526/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus “VAZ2103” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində PME********** saylı sığorta müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığorta edilmişdir. İAS222483 nömrəli Sığorta Ödənişi Aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “VAZ2103” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2022 – xx.xx.2023-ci il tarixə sığorta müddətində sığorta təminatı almışdır. “VAZ2103” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə 04 sentyabr 2022-cı il tarixdə baş vermiş sığorta hadisəsində zərərçəkən X3 məxsus “VAZ21099” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 784 manat məbləğində müəyyən olunmuş və müvafiq olaraq X3 hesablanan sığorta ödənişi 784 manat miqdarında olmuşdur. 08 sentyabr 2022-ci il tarixli qüsur aktından görünür ki, “VAZ21099” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 784 manat təşkil edir. 13 sentyabr 2022-cı il tarixli ödəniş tapşırığından görünür ki, 784 manat vəsait Meqasığorta ASC tərəfindən X3 ödənmişdir. AB seriyalı 483606 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, VAZ21099” markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. Zaqatala Rayon Məhkəməsinin 3(033)-265/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 04 sentyabr 2022-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 04 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2103” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxs X2 idarə etdiyi və mülkiyyətində olan avtomobilə zərər vurmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 13.1, 13.2 və 13.3-cü maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “VAZ2103” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2022 – xx.xx.2023-cı il sığorta müddətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ2103” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “VAZ21099” markalı ** BG *** minik avtomobilinə ziyan vurmuşdur. “VAZ21099” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər- Zərər aktına əsasən 784 manat həcmində müəyyən edilmiş və həmin məbləğ 13 sentyabr 2022-cı il tarixli ödəniş tapşırığına əsasən həmin nəqliyyat vasitəsinin sahibi X3 ödənilmişdir. İddiaçı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə qarşı mövqeyini öyrənmək mümkün olmamışdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçmişdir və ona görə də, dəymiş zərər həddində iddia tələbi təmin edilməlidir. İşdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 3(033)-265/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını sadalanan qanunvericilik normaları baxımından təhlil edərək, belə nəticəyə gəlir ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ2103” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə “VAZ21099” markalı ** BG *** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq yol nəqliyyat hadisəsini törətmişdir. Həmin hadisə zamanı Cavabdeh hadisənin baş verməsində təqsiri müəyyən edildiyindən, eyni zamanda icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı idarə etmək hüququ olmadığından, həmin sığorta hadisəsi nəticəsində “VAZ21099” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 784 manat həcmində zərər dəydiyindən və həmin məbləğ "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsə ödənildiyindən, yol nəqliyyat hadisəsinə (sığorta hadisəsinə) görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsə ödənilən (sığorta məbləği) 784 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması qanuni və əsaslıdır. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 784 manat sığorta ödənişini «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs və nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs olan Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 784 manat sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən Cavabdeh 30,40 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 784 (yeddi yüz səksən dörd) manat sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 814,40 (səkkiz yüz on dörd manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar