Məhkəmə qərarları › İş №e-2(033)-53/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-53/2025

19.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-53/2025 19.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi Vəkil1 Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən payların naturada ayrılması” tələbi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə Zaqatala rayonu Danaçı kəndində yerləşən ümumi birgə paylı mülkiyyətlərində olan 0.49 ha və 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 5/12 hissə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və Cavabdeh Zaqatala rayonu, Danaçı kəndində yerləşən ümumi birgə mülkiyyətlərində 0.49 ha kənd təsərrüfatı təyinatlı və 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh 7/12 hissə, onun 5/12 hissə payı müəyyən edilməklə **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh 7/12 hissə, onun 5/12 hissə payları müəyyən edilməklə **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, “Çıxarış”lar verilmişdir. Hal-hazırda cavabdehlə ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Danaçı kəndində yerləşən torpaq sahələrinin naturada ayrılmasını istəyir. Cavadehlə razılıq əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Cavabdeh 13 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun qardaşıdır. O, yurdda 47 il çalışıb çox əziyyət çəkmişdir. O, üç nəfər xəstəyə, anasına, atasına və qardaşına baxmışdır. İddiaçının toyunu özü etmişdir. Lakin sonuncu evləndikdən sonra ona qarşı olmağa başlamışdır. İddiaçı gərək arvadına görə ona etdikləri yaxşılıqları unutmayardı. Mübahisələndirilən torpaq sahələrini özü həmişə istifadə etmişdir. Lakin iddiaçı saxta sənəd düzəltdirərək həmin torpaqları adına sənədləşdirmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yazılı sübutlar Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 7/12 hissə olmaqla Cavabdeh, payı 5/12 hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 7/12 hissə olmaqla Cavabdeh, payı 5/12 hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 yanvar 2024-cü il tarixdə verilmiş reyestr nömrəsi **********48, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0.3227 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/2 hissə olmaqla X2, payı 1/2 hissə olmaqla X6 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 03 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0.49 ha və 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İddiaçı Seyidəhəməd oğlunun payına düşən 5/12 hissə payın Cavabdeh payına düşən 7/12 hissədən ayrılaraq naturada bölünməsi mümkündür. Həmin torpaq sahəsinin mümkün olan bölgüsü mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 aprel 2025-ci il tarixli 10/1312 nömrəli rəyindən görünür ki, Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0.49 ha və 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İddiaçı Seyidəhəməd oğlunun payına düşən 5/12 hissə payın Cavabdeh payına düşən 7/12 hissədən ayrılaraq naturada bölünməsi mümkündür. Həmin torpaq sahəsinin mümkün olan bölgüsü mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. 10 may 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri paylı mülkiyyət hüququ üzrə payları 5/12 hissə olmaqla İddiaçı və 7/12 hissə olmaqla Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ilkin məhkəmə tikinti-texniki ekspertiza üzrə ekspert və mütəxəssis rəyləri ilə iddiaçının torpaq sahələrindəki 5/12 hissəsinin yerquruluşu planına uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylərlə razılaşır və iddiaçının 0,49 ha və 0,64 ha torpaq sahələrindəki 5/12 hissə payının Cavabdeh 7/12 hissə payından naturada ayrılmasının mümkün olması barədə həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ vardır və payların naturada ayrılması mümkündür. Odur ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Danaçı kəndində yerləşən tərəflərin paylı mülkiyyətində olan 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçının payına düşən 5/12 hissə naturada ayrılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, payın naturada ayrılması iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə 03 fevral 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumunu tələb etmədiyinə görə, dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 17 aprel 2024-cü il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 17 aprel 2024-cü il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 5/12 hissə, Cavabdeh payına düşən 7/12 hissədən ayrılsın. İddiaçının payının naturada ayrılması, 03 fevral 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılsın. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar