Məhkəmə qərarları › İş №e-2(033)-578/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-578/2023

10.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-578/2023 10.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Suvagil kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 20 baş qoyun, və ya dəyəri 3200 manat, 1 baş keçi və ya dəyəri 100 manat və 2636 manat borc pulun, 79 manat 36 qəpik dövlət rüsumu və 200 manat vəkil xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayon Suvagil kəndində qoyunçuluq fermer təsərrüfatı ilə məşğul olur. Cavabdeh ilə aralarında xx.xx.2017-ci il tarixdə 5 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək Əmək müqaviləsi bağlanaraq sonuncunu çoban işləmək üçün işə götürmüşdür. Bundan başqa cavabdeh ondan 20 baş qoyun, 1 baş keçi və 2636 manat borc pul götürmüş və işlədiyi müddətdə 20 baş qoyunu, 1 baş keçini və 2636 manat pulu qaytaracağına söz verərək müqaviləyə əlavə öhdəlik olaraq yazılı formada öz imzasıyla təsdiq edərək öhdəlik götürmüşdür. Müqavilənin vaxtı bitəndə cavabdeh işdən çıxmışdır. Lakin ona qaytarmalı olduğu 20 baş qoyunu, 1 baş keçini və 2636 manat pulu qaytarmamışdır. 1 baş qoyunun dəyəri 160 manat olduğundan 20 baş qoyunun cəmi dəyəri 3200 manat təşkil edir. 1 baş keçinin dəyəri manat olduğundan 1 baş keçinin dəyəri 100 manat təşkil edir. Beləliklə, Cavabdeh ona borcu vardır. Cavabdeh ona olan borcunu tez bir zamanda qaytaracağına dair söz vermişdir. Bununla əlaqədar öhdəlik götürməsinə dair sənəd imzalamasına baxmayaraq bu günədək müxtəlif bəhanələr edərək borcu qaytarmaqdan imtina edir. Onun pulundan qanunsuz olaraq istifadə edir. Hesab edir ki, cavabdeh onu aldadaraq pulunu mənimsəmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 30 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdeh onun yanında 20 il çoban işləmiş və hər ay əmək haqqı almışdır. Cavabdeh bir müddət işlədikdən sonra ona yardım kimi əmək haqqından əlavə 10 baş qoyun vermişdir ki, onların artımından gəlir əldə etsin. Cavabdeh həmin qoyunları satmış və pulunu ehtiyacları üçün xərcləmişdir. Daha sonra o, yenidən cavabdehə 10 baş qoyun və bir keçi vermişdir. Lakin cavabdeh həmin heyvanları satmış və pulunu ona qaytarmamışdır. Həmçinin cavabdeh ondan hissə-hissə 2636 manat borc pul götürmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini qəbul edir. O, həqiqətən də iddiaçıdan 2636 manat borc pul götürmüşdür. Lakin imkanı olmadığı üçün həmin borcu qaytara bilməmişdir. İddiaçının ona verdiyi əmək haqqı onun ehtiyaclarını ödəmirdi. Bundan başqa iddiaçı ona 20 baş qoyun, 1 baş keçi vermişdir ki artıraraq pul əldə etsin və ana qoyunları ona qaytarsın. O, iddiaçıya olan borcu hissəhissə qaytaracaqdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İşin halları Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, iddia tələbini qəbul edir. İddiaçıya olan 20 baş qoyun, 1 baş keçi və 2636 manat borcu hissə-hissə ödəməyə razıdır. Mülki işin materiallarında olan 24 aprel 2023-cü il tarixli Əliabad qəsəbə həftəlik mal bazarı tərəfindən verilmiş arayışdan görünür ki, 1 baş qoyunun qiyməti 160 manat, 1 baş keçinin qiyməti isə 100 manatdır. Mülki işin materiallarında olan 01 yanvar 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh qoyunçuluq fermer təsərrüfatında 5 il müddətinə işə qəbul olunmuş və ona 300 manat əmək haqqı təyin olunmuşdur. Həmin müqaviləyə əlavə öhdəlik əlavə olunaraq göstərilmişdir ki, Cavabdeh işlədiyi müddət ərzində əmək haqqından əlavə olaraq qaytarmaq şərti ilə 20 baş qoyun, 1 baş keçi və 2636 manat pul borc olaraq götürmüş, hər iki borcunu işləyərək ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 25 aprel 2023-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı 79,36 manat dövlət rüsumu ödəmişdir. Mülki işin materiallarında olan 25 aprel 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Zaqatala rayonu Vəkil Bürosuna 200 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin faktiki hallarından görünür ki, cavabdeh tərəf iddianı qəbul edir. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 20 baş qoyun və 1 baş keçi hazırda mövcud olmadığından onların dəyəri Əliabad qəsəbə həftəlik mal bazarı tərəfindən verilmiş arayışa uyğun bir baş qoyunun dəyəri 160 manat olmaqla cəmi 3200 və bir baş keçinin dəyəri 100 manat sonuncudan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 79,36 manat dövlət rüsumu və 200 manat vəkilə ödənilmiş xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 20 baş qoyun və 1 baş keçinin dəyəri 3300 (üç min üç yüz) manat, 2636 (iki min altı yüz otuz altı) manat borc pul, 79 (yetmiş doqquz) manat 36 (otuz altı) qəpik dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xidmət haqqı, cəmi 6215,36 (altı min iki yüz on beş manat otuz altı qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar