Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-581/2023 01.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sərraf-M" MMC-nin 10 mart 2023-cü il tarixli, 0080-2/23 nömrəli rəyinin ləğv edilməsi, o cümlədən, tədqiqat obyekti olan Cavabdeh2 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respsublikası Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 - Zaqatala rayonu Əliabad qəsəbəsi Tatyaqub çölündə yerləşən 2,40 ha torpaq sahəsinin satılması üçün ondan götürdüyü 4.000 (dörd min) manat pulun və həmin torpaq sahəsində onun tərəfindən əkilmiş 400 (dörd yüz) ədəd fındıq kolu (ağacı) ilə bağlı çəkilmiş xərcin əvəzi olan 2.800 (iki min səkkiz yüz) manat pulun, o cümlədən, iddianın qaldırılması üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsi (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respsublikası Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2(033)-457/2022 iş nömrəli qətnaməsinə əsasən, iddiası qismən təmin edilmiş və 4000 (dörd min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun Cavabdeh2 alınaraq ona verilməsi qət edilmişdir. Azərbaycan Respsublikası Zaqatala Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e- 2(033)-457/2022 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 20 sentyabr 2022-ci il tarixli icra vərəqəsi əsasında icra işi Zaqatala Rayon Məhkəməsi tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 məhkəməyə təqdimat verərək, icra sənədi üzrə borclu Cavabdeh2 məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 8(033)-3/2023 nömrəli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin e-2(033)-457/2022-013 nömrəli, 20 sentyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün borclu Cavabdeh2 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr nömrəsi-**********30 olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Bundan sonra Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tələbin həmin əmlaka yönəldilməsi məqsədi ilə Cavabdeh2 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsini qiymətləndirici "xxxx" MMC-yə həvalə etmişdir. Qiymətləndirici Cavabdeh1 qiymətləndirici eksperti B.Ş.Əhmədovun hesabatında Cavabdeh2 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar qiyməti 13000 (on üç min) manat məbləğində qiymətləndirmişdir. İddia ərizəsinə əlavə etdiyi iş üzrə cavabdeh "xxxx" MMC-nin rəyindən də göründüyü kimi, həmin rəy qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunmamışdır. Belə ki, həmin rəydən məlum olur ki, Cavabdeh1 qiymətləndirici eksperti B.Ş.Əhmədovun hesabatında istifadə edilmiş qiymətləndirmə metodlarının mahiyyəti və məzmunu öz əksini tam tapmamış, qiymətləndiricinin gəldiyi nəticə (əmlakın qiyməti) həmin metodlarda qeyd edilənlərlə izahlı şəkildə əsaslandırılmamışdır. Halbuki, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 10-cu maddəsinə, əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək Qiymətləndiricinin vəzifəsidir. Bundan başqa "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 3-cü abzasında qeyd olunur ki, Bu Qanunun 5-ci maddəsinin səkkizinci abzasında nəzərdə tutulan (məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsi) məcburi qiymətləndirmə icra məmurunun sifarişi ilə həyata keçirildiyi halda, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Lakin Cavabdeh1 qiymətləndirici eksperti B.Ş.Əhmədovun hesabatından onun Qanunvericiliyin bu tələbinə cavab verib vermədiyi müəyyən olunmur. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, Sərraf-M Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli, 0080-2/23 nömrəli ekspert rəyindən görünür ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun sifarişi əsasında verilmişdir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, məhkəmə hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında sonda nəticəyə gəlmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. İstinad edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə, hazırkı işdə icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərar, həmçinin icra sənədinin icrasına yönələn hərəkətlərdən ayrıca iddianın qaldırılması istisna edildiyindən, həmin qərar və hərəkətlərdən ayrıca iddia verməklə onların mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsi istisna edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mərhələdə borclunun əmlakının ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı məsələyə yeni iddia vermək yolu ilə deyil, yalnız icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxıla bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261.0.1, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbi ilə məhkəmə qətnamələrinin icrası qaydasında Zaqatala Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-581/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-581/2023
01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver