Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-60/2023 25.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə giriş qapısının açılma istiqamətinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə qonşu olan Cavabdeh 16 saylı mənzilinə qanunsuz olaraq qoyduğu giriş qapısının açılma vəziyyətinin dəyişdirilməsinə, qapının mənzilin içinə doğru açılma vəziyyətində qoyulmasına, ödədiyi dövlət rüsumu 100 manat və vəkilə ödənilmiş 100 manat xidmət haqqı, cəmi 200 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzili vardır. Həmin mənzilin onun mülkiyyətində olmasını təsdiq edən Daşınmaz əmlakın dövlət reyestrindən Qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd etmək istəyir ki, qonşuluğunda cavabdeh qanunsuz olaraq onun öz mənzilinə giriş-çıxışını məhdudlaşdıran və pilləkənlərə çıxışına maneə törədən giriş qapısı qoymuşdur. Belə ki, cavabdeh həmin qapını açanda onun mənzilinə giriş-çıxış məhdudlaşır, pilləkənin qarşısı bağlanır və o öz evinə girib-çıxa bilmir. Bununla da onun mülkiyyət hüququ pozulur. Onun qoyduğu qapı çölə açıldığına görə bu maneələr yaranır. Həmin qapıdan əvvəlki qapı isə içəri, yəni mənzilin içərisinə doğru açılırdı. Cavabdeh yeni qapı qoyaraq, eyni zamanda qapının açılma vəziyyətini dəyişmişdir. O cavabdehə dəfələrlə giriş qapısının vəziyyətinin dəyişdirilməsi, yəni içəri açılan qapı qoyması barədə xəbərdarlıq etsə də heç bir müsbət nəticə verməmişdir. Bundan başqa o aidiyyatı orqanlara, yəni Zaqatala rayon İcra Hakimiyyətinə və Zaqatala şəhər Mənzil İstismar İdarəsinə bu barədə müraciət etmişdir. Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli 44 saylı məktubu ilə cavabdehdən tələb olunmuşdur ki, mənzilin qapısının içəri açılan formada quraşdırılmasını təmin etsin. Lakin cavabdeh onun və təşkilatların xəbərdarlıqlarına əhəmiyyət verməyərək narahatçılıq yaratmaqda davam etməkdədir. Cavabdeh könüllü olaraq qapının açılma vəziyyətini dəyişmədiyi üçün o məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qanuna əsasən o mənzilin mülkiyyətçisi kimi öz əmlakından istədiyi kimi istifadə edə bilər. Həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Eyni zamanda öz əmlakının barəsində istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların hüquqlarını pozmasın və yaxud da hüquqdan sui istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq istifadə deyildir, yəni qonşu olan cavabdeh öz mənzilinə giriş-çıxış üçün qoyduğu qapı onun mənzilinə giriş-çıxış üçün məhdudiyyətlər yarada bilməz. Ona görə də, eyni zamanda həmin mənzil dövlət tərəfindən vətəndaşların istifadəsinə verilən zaman mənzilə qoyulmuş giriş qapısının açılma vəziyyəti necə olmuşdursa hal-hazırda da həmin vəziyyətdə açılan qapı qoyulmalıdır. Mənzildə hər hansı bir konstruktiv dəyişiklik edilməsi üçün müvafiq İcra Hakimiyyətinin razılığı alınmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, o tələbində haqlıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək iddiaçının iddiasının təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən mənzilə qonşu olan Cavabdeh 16 saylı mənzilinə qanunsuz olaraq qoyduğu giriş qapısının açılma vəziyyətinin dəyişdirilməsinə, qapının mənzilin içinə doğru açılma vəziyyətində qoyulmasına, ödədiyi dövlət rüsumu 100 manat və vəkilə ödənilmiş 100 manat xidmət haqqı, cəmi 200 manat cavabdehdən alınaraq özünə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək bildirmək istəyir ki, iddiaçının iddia tələbi əsassızdır. Evinin giriş qapısının çölə açılması iddiaçının hər hansı bir mülkiyyət hüququnun pozulmasına səbəb olmur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək mənzilinə qoyulmuş giriş qapısının standart qapı olduğunu bildirdi. O əlavə olaraq qeyd etdi ki, qapı heç cürə iddiaçıya maneə yaratmır və onun qapını dəyişmək niyyəti yoxdur. O, iddia tələbinin rədd edilməsini xahiş etdi. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyetsr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmış reyestr nömrəsi **********5-05101-093002 olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 34.30 kv.m olan 16 saylı mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin çıxarışa əsasən inventar nömrəsi 3489 olan texniki pasport hazırlanaraq çıxarışa əlavə edilmişdir. Rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, Sülh küçəsi ev 6 mənzil 15 ünvanında yerləşən 1983-cü il tarixdə tikilmiş ümumi sahəsi 56,37 kv.m olan 2 otaqlı 15 nömrəli mənzil İddiaçı verilmişdir və bu barədə Xalq deputatları sovetinin icra komitəsinin 07 aprel 1984-cü il tarixli 132 nömrəli qərarına əsasən 77 nömrəli reyestr kitabında müvafiq qeyd edilmişdir. Zaqatala Rayon Mənzil İstismar İdarəsinin 44 nömrəli xx.xx.2022-ci il tarixli Cavabdeh ünvanlanmış məktubdan görünür ki, onun mənzilinə açılan giriş qapısının içəri açılan formada quraşdırılması xahiş edilmişdir. 11 oktyabr 2022-ci il tarixli yerində baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanlarına giriş qapılarının yerləşdiyi və mənzillərə girişin üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə baxış zamanı iddiaçının mülkiyyətində olan 15 nömrəli mənzilə giriş qapısının və cavabdehin mülkiyyətində olan 16 nömrəli mənzilə giriş qapılarının bir birinə münasibətdə perpendikulyar yerləşməklə aralarında 90 dərəcəli bucaq yaratmışdır, cavabdehin mülkiyyətində olan 16 nömrəli mənzilə giriş üçün nəzərdə tutulmuş qara rəngdə olan və metal materialdan hazırlanmış giriş qapısının mənzildən çıxış istiqamətində bina sakinlərinin ümumi istifadəsində olan sahəyə açıldığı və iddiaçıya məxsus 15 nömrəli mənzilə giriş üçün nəzərdə tutulmuş qəhvəyi rəngli taxta marerialdan istifadə edilməklə hazırlanmış qapının mənzilə giriş istiqamətində açıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8045 nömrəli Ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 34.30 kv.m olan 16 saylı mənzilinin giriş qapısının iş üzrə cavabdehə məxsus mənzilin mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasport sənədində qeyd olunan hissədə yerləşdiyi müəyyən olunur. Lakin, mənzillərin qapılarının hansı istiqamətdə açılması İnşaat Norma və Qaydalarında tənzimlənmədiyindən qərardadın 1-ci sualının 2-ci hissəsinin cavablandırılması mümkün olmamışdır. Mübahisə predmeti olan giriş qapısının mənzillərə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə açıldığı müəyyən olunur. Mübahisə predmeti olan giriş qapısının mənzillərə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə açılmasının digər mənzil sahiblərinin mənzillərdən istifadəsinə hər hansı maneə yaradıb-yaradmamasının müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8045 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 71-ci maddəsinin İX hissəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, ünvan 4 mənzil 15 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzilin qonşuluğunda yerləşən 16 nömrəli mənzil Cavabdeh mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətində olan 15 nömrəli mənzilin giriş qapısı mənzilə giriş istiqamətində açılır və Cavabdeh mülkiyyətində olan 16 nömrəli mənzilin giriş qapısı mənzildən çıxış istiqamətində ümumi istifadədə olan sahəyə açılır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehin mülkiyyətində olan 16 saylı mənzilin giriş qapısının istiqamətinin dəyişdirilərək qapının mənzil istiqamətində açılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə etirazla müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8045 nömrəli Ekspert rəyi ilə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 34.30 kv.m olan 16 saylı mənzilinin giriş qapısının iş üzrə cavabdehə məxsus mənzilin mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasport sənədində qeyd olunan hissədə yerləşdiyi müəyyən olunmuş və mənzillərin qapılarının hansı istiqamətdə açılması İnşaat Norma və Qaydalarında tənzimlənmədiyindən qərardadın qapının istiqaməti ilə bağlı olan sualları cavablandırılmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilən hallardan görünür ki, ünvan 4 ünvanında yerləşən 16 saylı mənzil Cavabdeh Məhəmməd oğlunun mülkiyyətindədir və həmin mənzilə giriş qapısı mənzilin texniki sənədlərində nəzərdə tutulan hissədə yerləşir. Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 16 nömrəli mənzilə həmin mənzilin texniki sənədlərinə uyğun olmayan müdaxilə edilməsi halı aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərə giriş qapılarının açılma istiqamətinin müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı halda və cavabdehə məxsus mənzilin giriş qapısının hazırki vəziyyətdə açılma istiqaməti hər hansı normanın tələbini pozmadığı halda Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 16 saylı mənzilin giriş qapısının açılma istiqamətinin dəyişdirilərək qapının mənzilə giriş istiqamətində açılmasına dair hazırki tələbin təmin edilməsi cavabdehin konstitusiya ilə təminat verilmiş insan və vətəndaş hüquqlarının pozulması, xüsusi ilə də Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsində nəzərdə tutulmuş müddəanın pozulması ilə nəticələnə bilər. Məhkəmə iddiaçının iddia ərizəsini əsaslandırarkən qeyd etdiyi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 15 saylı mənzildən özünün istədiyi kimi istifadə edə bilməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mülkiyyətində olan mənzildən istifadəsində yaranmış məhdudiyyətin nədən ibarət olması iddia ərizəsində qeyd edilməmiş və ümumiyyətlə belə məhdudiyyətin olmasına dair sübut təqdim edilməmişdir. Məhkəmə araşdırılmasında da ünvan 4 ünvanında yerləşən 16 saylı mənzilin qapısının çıxış istiqamətində ümumi istifadədə olan sahəyə açılması nəticəsində iddiaçının özünə məxsus mənzildən istifadə hüququnun məhdudlaşması və ya pozulması halı müəyyən edilmədi. İş materiallarında müəyyən edilmiş hallardan görünür ki, iddiaçı və cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən 15 və 16 nömrəli mənzillər qonşu mənzillərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Qonşu təsirinə dözmək vəzifəsindən bəhs edən 171-ci maddəsində daşınmaz əmlakın mülkiyyətçisinin öz sahəsindən istifadə etməsinə maneçilik yaranmadığı və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulduğu hallarda qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməməsi, yəni əhəmiyyətsiz təsirə dözməsi nəzərdə tutulmuşdur. Mülki işin məhkəmə baxışında o da müəyyən edildi ki, hazırki halda Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 16 nömrəli mənzilin giriş qapısının çıxış istiqamətinə doğru açılması İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 15 nömrəli mənzildən istifadə etməsinə maneçilik yaratmır və onun hüququ əhəmiyyətsiz dərəcədə pozulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzilin giriş qapısının çıxış istiqamətində açılması iddiaçının öz mənzilindən istifadə etməsinə əhəmiyyətli dərəcədə maneçilik yaratmadığından və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozduğundan, o, oxşar amillərin öz mənzilinə təsirini cavabdehə qadağan edə bilməz və bu cür təsirlərə dözməyə borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə giriş qapısının açılma istiqamətinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və vəkilə ödənmiş 100 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı mənzilə giriş qapısının açılma istiqamətinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və vəkilə ödənmiş 100 (bir yüz) manat xidmət haqqı iddiaçının özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-60/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-60/2023
25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver