Məhkəmə qərarları › İş №e-2(033)-619/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-619/2022

28.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-619/2022 28.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı qətnaməsinin qəbul edildiyi 16 noyabr 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2022-ci il tarixədək olan 5 il 5 ay müddət üçün ödənişin gecikdirilməsinə görə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat faiz borcu (28 650 Azn/100%=286,5 x 5%=1432,5 Azn, 1432,5 Azn x 4 il 9 ay = 7019 Azn) və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, cəmi 7978 (yeddi min doqquz yüz yetmiş səkkiz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf olaraq Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 30 000 (otuz min) manat əsas borc, hüquqi xidmət xərci olaraq 500 (beş yüz) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ödənişin gecikməsinə görə 3750 (üç min yeddi yüz əlli) manat, mənəvi zərərə görə 2000 (iki min) manat, əldən çıxmış faydaya görə 5000 (beş min), cəmi 41280 (qırx bir min iki yüz səksən) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi qismən təmin edilərək Cavabdeh Füzuli oğlundan cəmi 30 250 (otuz min iki yüz əlli) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Lakin borclu Cavabdeh qanunla müəyyən edilmiş qaydada və müddətdə qətnaməni icra etmədiyi üçün Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başlanıb. Zaqatala rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 1 (033)-44/2019 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə yaşayış yerini gecə saat 23:00-dan sabahısı gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin elektron vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Zaqatala rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 saylı qətnaməsi üzrə borcunu tam icra etmək vəzifələri qoyulub. Zaqatala rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 1(033)- 44/2019 saylı hökmündən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Zaqatala rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 1(033)-44/2019 saylı hökmünün ləğv edilməsi və Cavabdeh Füzuli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 1(107)-15/2020 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 1(033)-44/2019 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınıb. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 1(107)-15/2020 saylı qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 1(102)-671/2020 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 1(107)-15/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınıb. Aşağıda göstərilənlərə əsasən Cavabdeh Zaqatala rayon Məhkəməsinin 2(033)- 1546/2016 saylı qətnaməsinin qəbul edildiyi 16 noyabr 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2022-ci il tarixədək olan 5 il 5 ay müddət üçün ödənişin gecikdirilməsinə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat faiz borcu (28 650 Azn/100%=286,5 x 5%=1432,5 Azn, 1432,5 Azn x 5 il 5 ay = 7878 Azn) və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, cəmi 7978 (yeddi min qırx doqquz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, məhkəmənin müvafiq qətnaməsi ilə Cavabdeh 30 000 (otuz min) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Lakin Cavabdeh 5 ildən artıq müddətdə göstərilən məbləğdən ona cəmi 1600 manat ödəyib, qalan 28 650 manat pulu ödəməkdən isə imtina edib. Cavabdeh dəfələrlə inzibati məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilsə də, aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edib. Bununla əlaqədar olaraq Cavabdeh Zaqatala rayon Məhkəməsinin qətnaməsinin qəbul edildiyi 16 noyabr 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2021-ci il tarixədək olan 5 il 5 ay müddətində 28 650 (iyirmi səkkiz min altı yüz əlli) manat pulun illik 5 faiz olmaqla 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat pulun alınaraq ona ödənilməsi zəruridir (28 650 Azn/100%=286,5 x 5%=1432,5 Azn, 1432,5 Azn x 5 il 5 ay = 7878 Azn). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı işdə əsas borc məbləğinin borcun qaytarma vaxtı olan 16 noyabr 2016-cı il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Cavabdehin barəsində qəbul edilmiş 2(033)-1546/2016 saylı qətnamənin qəbul edildiyi 16 noyabr 2016-cı il tarixdən birinci instansiya məhkəməsinə hazırkı iddia ərizəsinin verildiyi 12 aprel 2022-ci il tarixədək olan müddət üçün cavabdehdən 7878 manat tutulmalıdır. Digər işlər üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə əsasən də, cavabdeh Zamanov X3 rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 saylı qətnaməsini 5 il 5 ay müddətinə icra etmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizlər ödəməsinə dair iddia tələbinin qanuni olması təsdiq edilir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı teleqramla müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən, Cavabdeh 30 000 (otuz min) manat əsas pul və göstərdiyi yardıma görə nümayəndəyə ödənilən 250 (iki yüz əlli) manat xərcin əvəzi tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(033)-44/2019 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı təqsirləndirilən şəxs Cavabdeh üzərinə digər vəzifələrlə yanaşı Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnаməsi üzrə borcunu tam icra etmək vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-671/2020 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qərarına əsasən zərəçəkmiş şəxs Abbasov Vasif Məhyəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh barəsində olan 15 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 06 sentyabr 2021-ci il tarixli 431/21 nömrəli Cavabdeh ünvanlanmış pul tələbinə dair pretenziyadan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 saylı qətnaməsi qəbul edildiyi tarixdən pretenziya məktubu ünvanınına göndərildiyi 06 sentyabr 2021-ci il tarixədək olan 4 il 10 ay müddət üçün ödənişin gecikdirilməsinə görə ondan 6446 (altı min dörd yüz qırx altı) manat faiz borcu tələb edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 16 noyabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləği 7743,46 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 17 dekabr 2016-cı il tarixdən (qətnamənin qanuni qüvvəsini aldığı tarix) 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləği 7620,10 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən gər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarı Mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh 30000 manat əsas pul və göstərdiyi yardıma görə nümayəndəyə ödənilmiş 250 manat pul alınaraq İddiaçı ödənilməlidir. Cavabdeh tərəfindən qeyd edilən məbləğin 1600 manat hissəsi ödənilmiş və onun iddiaçı qarşısında 28650 manat borcu qalmışdır. İddiaçı qeyd edilən məbləğin ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən 6446 manat faiz borcu tələb etmiş və bu tələbi ilə bağlı 06 sentyabr 2021-ci il tarixli pretenziyanı Cavabdeh ünvanlamışdır. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək borc tələbinə dair qətnamənin çıxdığı 16 noyabr 2016-cı il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2022-ci il tarixədək olan 5 il 5 ay müddət üçün ödənişin gecikdirilməsinə görə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat faiz borcunun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspert rəyi ilə 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 16 noyabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləği 7743,46 manat məbləğində, 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 17 dekabr 2016-cı il tarixdən (qətnamənin qanuni qüvvəsini aldığı tarix) 12 aprel 2022ci il tarixədək yaranmış faiz borcu məbləği 7620,10 manat məbləğində müəyyən edilir. İş materialları ilə də müəyyən olunur ki, 17 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə Cavabdeh ödənilməmiş 28650 manat borcu vardır və məhkəmə hesab edir ki, cavabdeh həmin pul məbləğinin iddiaçıya ödənilməsini gecikdirdiyindən İddiaçı qeyd edilən məbləğin gecikdirilmiş vaxt üçün illik beş faizini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 28650 manat borc məbləğinə hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmalı faizlər qətnamənin qəbul edildiyi gündən deyil, qətnamənin qanuni qüvvəsini aldığı 17 dekabr 2016-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspert rəyindən də görünür ki, illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə 28650 manat pul məbləğinə, 17 dekabr 2016-cı il tarixdən iddia ərizəsinin verildiyi 12 aprel 2022-ci il tarixədək hesablanmış faiz məbləği 7620,10 manat təşkil edir. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin işdə iddianın rədd edilməsi qənaətinə gəlinməsi üçün hər hansı sübutlar mövcud deyil. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə Cavabdeh tərəfindən ödənilməmiş 28650 manat borc məbləğinə qətnamənin qanuni qüvvəsini aldığı 17 dekabr 2016-cı il tarixdən 12 aprel 2022-ci tarixədək olan müddət ərzində illik beş faiz dərəcəsi ilə hesablanmış faiz məbləği olan 7620,10 manat Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 96,20 (doxsan altı manat iyirmi qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli 3,80 (üç manat səksən qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə Cavabdeh tərəfindən ödənilməmiş 28650 manat borc məbləğinə qətnamənin qanuni qüvvəsini aldığı 17 dekabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixədək olan müddət ərzində illik beş faiz dərəcəsi ilə hesablanmış faiz məbləği olan 7620,10 (yeddi min altı yüz iyirmi manat on qəpik) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 96,20 (doxsan altı manat iyirmi qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 3,80 (üç manat səksən qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar