Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-622/2023 29.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 avqust 2023-cü il tarixdə, Zaqatala şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən 11 aprel 2022-ci il tarixdə X4 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X3 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra sağ qalan vərəsələri o və X1 qalmışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Belə ki,anamın sağlığında adına Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında (X6, X3 və X5) 0.8050 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,1998 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 41.20 kv.m fərdi yaşayış evi olmuşdur. Lakin, cavabdeh hüquqi əsas olmadan mərhum anası X2 adına olan fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəliçıxarış əsasında mərhum X1nun adına hüquqların dövlət qeydiyyatına almışdır. Maraqlı şəxs Babası qızı bizdən xəbərsiz üstünlük əldə etmək üçün həmin çıxarışı əldə etdikdən sonra notariat ofisində vərəsəlik işinin açılması üçün müraciət etmişdir. Hesab edir ki, mərhum anası X2 adına olan fərdi yaşayış evi X1nun adına formal əsaslarla hüquqların dövlət qeydiyyatına alınmışdır. Vəkil sorğusu əsasında cavablandırılmış, cavabdehin məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə dair hissəsi X4 adına hüquqi əsaslarla tərtib edilməmişdir. Ona görə də həmin çıxarış fərdi yaşayış evinə dair hissədə etibarsız hesab ediıməlidir. Hazırda onun vərəsəlik hüququ pozulur. O, birinci növbədə olan vərəsədir. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndindən görünür ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin tərəflərini və mahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı işə mülki mühakimə icraatında baxıla bilməz, bunun üçün mülki prosessual əsaslar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasına yaradır. DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməli, İddiaçı göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-in 261.0.1, 262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya iddia ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-622/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-622/2023
29.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver