Məhkəmə qərarları › İş №e-2(033)-658/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-658/2025

21.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-658/2025 21.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixdə doğulmuş, Zaqatala şəhəri, Azərbaycan pr. fındıq zavodun binasında yaşayan Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində borc pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin sentyabr ayından ilin sonunadək Cavabdeh ondan müxtəlif vaxtlarda, 1300 manat məbləğində borc pul götürmüşdür. O, götürdüyü pulun bir qismini, yəni, 500 manatını qaytarıb, lakin 800 manat pulu isə qaytarmır. Cavabdeh məni aldadaraq pulu mənimsəmişdir. O dəfələrlə ondan pulu qaytarmasını tələb etsə də o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. O, bundan sonra başa düşmüşdür ki, cavabdeh onun ona olan etibarından sui-istifadə edərək onu aldadır, pulunu qaytarmaq istəmir və könüllü olaraq qaytarmayacaq. O, pulun qaytarılmadığını görəndə Zaqatala rayon Polis Şöbəsinə şikayət etmişdir, şikayətimlə bağlı Polis Şöbəsində ondan izahat alınmışdır. Cavabdeh Polis Şöbəsində verdiyi izahatında ondan borc aldığını etiraf edirək borcunu qaytaracağını bildirmişdir. Lakin cavabdeh indiyə qədər borcunu qaytarmamış, müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmır. O, Polis Şöbəsindən həmin izahatın surətini tələb edəndə izahatın surətini ona vermədilər, ona polisdən məktub verərək bildirdilər ki, məhkəmə sorğu göndərərsə izahat məhkəməyə göndəriləcəkdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur və Cavabdeh 800 manat pulu tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş və ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək iddiaçının 1200 manat borc alıbdır və az-az ödəyib. İddiaçı ünvanını dəyişib deyə ödəyə bilməyib. Dəqiq nə qədər borcu qaldığını xatırlamır və iddiaçının dediyi məbləğdə razılaşaraq iddianı qəbul edir. İşin halları İş materiallarına əlavə edilmiş “Whatsapp sosial şəbəkəsi” vasitəsi ilə aparılan yazışmalardan və danışıqlardan görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır və cavabdehin iddiaçıya borcu mövcuddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsindən görünür ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı: Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh 1200 manatı müxtəlif vaxtlarda iddiaçıdan borc olaraq götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı 800 manat borcun cavabdeh tərəfindən ödənməməsini bildirmişdir. Cavabdeh iddia tələbini qəbul etmişdir. Məhkəmə tərəfindən də müəyyən edilmişdir ki, borclu Cavabdeh İddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı 1200 manatı Cavabdeh vermiş, cavabdeh isə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də iddiaçı kredit müqaviləsi üzrə yaranmış 800 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən və məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 800 manat pul vəsaiti alınaraq İddiaçıya verilməlidir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat borc, 30 (otuz) manat dövlət rüsumu, cəmi 830 (səkkiz yüz otuz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar