Məhkəmə qərarları › İş №e-2(033)-69/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-69/2023

11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-69/2023 11.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "su kanalının açılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "su kanalının açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii suyun axının təmin edilməsi məqsədi ilə, ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,147 ha həyətyanı torpaq sahəsindən keçən su kanalının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan torpaq sahələrindən keçən hissələrinin cavabdehlərin hesabına açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, və ailə üzvlərinin ümumi mülkiyyətində Zaqatala rayonu, Aşağı Tala kəndində fərdi yaşayış evi və 0,147 ha həyətyanı torpaq sahəsi vardır. Qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 29 sentyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Torpaq sahəsinin qonşusu olan iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətlərində olan torpaq sahələrindən keçən su kanalından axan suyun təbii axımının qarşısını almış və nəticədə ona xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 su kanalından axan suyun təbii axımının qarşısını alması səbəbindən yağış və çay suları onun həyətində toplanır. Cavabdehlərin yuxarıda qeyd olunan hərəkətlərinə görə onun mülkiyyətində olan torpaq sahəsində yığılan sular torpaq sahəsində hərəkəti əhəmiyyətli dərəcədə məhdudlaşdırır və torpaq sahəsini və orada yerləşən tikili və bitki örtüyünü yarasız hala salır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. İddiaçı onun qonşusudur. Mübahisələndirilən su kanalı onun yaşadığı evin həyətindən keçmişdir. Lakin yağış yağarkən kanala su yığıldıqda həyətə su daşdığından onun və digər Cavabdeh1 tərəfindən həyətinə hasar çəkilərkən kanal bağlanılmışdır. Hazırda həmin kanala o, və Cavabdeh1 100-lük turba qoyacaqlar ki, su öz axarı ilə getsin və həyətə su daşmasın. Lakin o, su arxının onun həyətinə ziyan dəyməyəcək həcmdə açılmasına razıdır. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək digər Cavabdeh2n izahatına oxşar məzmunda izahat verdi. O, izahatında əlavə olaraq göstərdi ki, tərəfindən mübahisəndirilən kanal açılacaqdır və digər cavabdeh ilə birgə həmin kanala boru yerləşdiriləcəkdir. Lakin o, su arxının onun həyətinə ziyan dəyməyəcək həcmdə açılmasına razıdır. X2 25 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında göstərmişdir ki, Zaqatala rayonu X12 sədri vəzifəsində işləyir. Mübahisələndirilən su kanalı rəsmi qaydada sxemdə göstərilsə də kəndin yerquruluşu xəritəsində həmin kanalın olması qeyd olunmamışdır. Cavabdehlər tərəfindən həmin su kanalının onların mülkiyyətində olan torpaq sahələrindən keçən hissəsi bağlanmışdır. X10 məhkəmə iclasında göstərmişdir ki, o, tərəfləri tanıyır, onlarla qonşudur. Cavabdeh2 tərəfindən həyətində təxminən bir il olar ki hasar çəkilmişdir. Hasar çəkilməmişdən əvvəl iddiaçının həyətindən keçən su kanalından su paylaşılırdı. Lakin Cavabdeh2 tərəfindən hasar çəkildikdən sonra su kanalı bağlanmışdır. Həmin kanal bağlandıqdan sonra onun yaşadığı evin həyəti yağış yağdıqda su ilə batır və suyun qarşısını almaq olmur. Cavabdeh2 tərəfindən çəkilmiş hasarın yanı ilə su kanalı olmuşdur, o, kanalın yerində özü üçün hasar inşa etdirmişdir. Hesab edir ki, kanalın qarşısı açılandan sonra yağış suları bərabər paylanaraq qonşulara maneələr törətməyəcəkdir. İşin halları Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində 0,147 ha həyətyanı torpaq sahəsində yerləşən 1976-cı ildə inşa edilmiş A literli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, 2008-ci ildə inşa edilmiş B literli fərdi yaşayış evi və torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X7, X9 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və texniki pasportun surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində 0,11706 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X3, X1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 3075 saylı fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, reyestr nömrəsi **********18-10301 olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinin hüquqi subyekti Cavabdeh1 və digərləridir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2023-cü il tarixli 10/8068 saylı ekspert rəyindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yağış sularının axıdılması üçün nəzərdə tutulan arx yolu Aşağı Tala kəndinin yerquruluşu xəritəsində öz əksini tapmamışdır. Cavabdeh1 naturada istifadə etdiyi 0,1638 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən naturada keçən arxın yerləşmə vəziyyəti və Cavabdeh2 tərəfindən arxın üzərində inşa edilmiş hasarın naturada yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, yerli baxış keçirib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflərin yaşadıqları fərdi yaşayış evləri onların mülkiyyətlərində olmaqla tərəflərindən istifadə olunur. Məhkəmə prosesi vaxtı aparılmış araşdırma və yerində keçirilmiş baxış nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən inşa edilmiş daş hasar yağış sularının axıdılması üçün nəzərdə tutulmuş arxın üzərində inşa edilmişdir. Digər Cavabdeh1 isə arxın axımının qarşısına torpaq tökərək suyun öz həyətinə daxil olmasına maneələr yaradaraq təbii axımının qarşısını almışdır. Nəticədə yağış sularının təbii axımının qarşısı kəsilərək suyun istiqaməti İddiaçı ziyanına dəyişdirilmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,147 ha həyətyanı torpaq sahəsindən keçən su arxı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan torpaq sahələrindən keçən hissəsi cavabdehlərin hesabına açılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından həmin xərc iddiaçının özünə aid edilməli, 50 manat ekspertiza xərci isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,147 ha həyətyanı torpaq sahəsindən keçən su arxı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan torpaq sahələrindən keçən hissəsi cavabdehlərin hesabına açılsın. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar