Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-739/2025 07.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş və həmin kənddə yaşayan X3 930 manat vurduğu maddi zərərin, 30 manat ödənilən dövlət rüsumunun və 50 manat mütəxəssis rəyi üçün ödənilmiş pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus iri buynuzlu inək kəndin əsas yolunda nəzarətsiz qaldığına görə xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobilin qarşısına çıxaraq ona zərər vurmuşdur. Belə ki, həmin vaxtı o yol hərəkət qaydalarına əməl etməklə Muxax kəndinin əsas yolu ilə hərəkət edib. Qəflətən yolun kənarından bir baş inək yola çıxaraq avtomobillə toqquşmuşdur. Malın buynuzlarının avtomobilin ön hissəsinə dəyməsi nəticəsində avtomobilin faraları və digər hissələri əzilərək istifadəyə yararsız hala düşmüşdür. Hadisə nəticəsində inək heç bir xəsarət almamışdır. Avtomobili saxlayaraq yol polisini və malın sahibini hadisə yerinə çağırmışdır. Yol polisi hadisə yerinə gəlmiş və məlum olmuşdur ki, hadisəyə səbəb cavabdehin mal-qaranı nəzarətsiz buraxmasıdır. Cavabdeh söz vermişdir ki, dəyən ziyanı ödəyəcək, biz razılaşdırmışdırlar ki, öz aralarında həll edəcəklər və cavabdeh ziyanı ödəyəcək. Cavabdehlə aralarında razılaşmalarına dair video çəkiliş də vardır. Lakin cavabdeh razılaşdığı qaydada sözünə əməl etmədi, 500 manat pulu verərək kifayətləndi və dəymiş ziyanın qalanını isə ödəmədi. Cavabdeh ziyanı ödəmədiyi üçün o yenidən Polis Şöbəsinə müraciət etmişdir. Onları Zaqatala rayon Polis Şöbəsinə çağıraraq izahat aldılar. Cavabdeh izahat yazaraq etiraf etdi ki, mal-qaranı nəzarətsiz buraxdığı üçün hadisə baş vermişdir və baş vermiş hadisə nəticəsində də ona ziyan dəymişdir. Cavabdeh öz mal-qarasını nəzarətsiz buraxdığı onun verdiyi izahatı və video çəkilişdən bir daha təsdiq olunur. Qeyd olunan hadisə nəticəsində ona 1430 manat maddi zərər dəymişdir. 1430 manat ziyanın 500 manatını ödədiyi üçün cavabdehin ona 930 manat borcu qalmışdır. Həmin zərər cavabdeh tərəfindən ödənilməlidir. Dəymiş zərərin qiymətləndirilməsi üçün rəy alınmışdır. Dəymiş ziyanla bağlı Zaqatala rayonunda fəaliyyət göstərən X2 məxsus “Avtoservis 057” sexindən arayış alınmışdır. Həmin arayışdan açıq-aydın olaraq göstərilmişdir ki, avtomobilin hansı hissələri yararsız hala düşmüş, onların dəyəri neçə manat təşkil edir, eyni zamanda avtomobili təmir etmək üçün usta xərcləri neçə manat təşkil edir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ilə müraciət edərək iddiaçı X3 930 manat vurduğu maddi zərərin 30 manat ödənilən dövlət rüsumunun və 50 manat mütəxəssis rəyi üçün ödənilmiş pulun alınması və özünə ödənilməsi barədə iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə özünə məxsus olmayan sənədsiz avtomobili yaşayış məntəqəsi ərazisindən keçən şosse yolunda yüksək surətlə idarə edərkən ona məxsus bir baş iribuynuzlu inəyi vuraraq zədələmiş ona 3000 manatdan çox zərər vurmuşdur. O, iki baş inəyi su içmək üçün su axarına apardığı zaman inək əvvəl örüşə apardığı pay torpaq tərəfə qaçmış, o, digər inəyi aparıb mal damına salıb qaçmış, inəyin dalınca qayıtdıqda görmüşdür ki, inəyi vurulmuş vəziyyətdə yol kənarındadır və onu vurmuş sürücü hadisə yerindən qaçmışdır. Yaşayış məntəqəsində avtomobili yüksək sürətlə idarə edərək, telefonla danışaraq başı qarışmış idarəetməni itirib yol kənarındakı inəyi vurmuşdur. Həmin gündən sonra iddiaçı onlara gələrək inəyi vurduğunu və hadisə yerindən qaçdığını etiraf etmişdir və avtomobilin buferi və sağ qapısının əzik olduğunu bildirərək ondan pul tələb etmişdir. O, iddiaçıya boğaz inəyini vurduğunu və inəyinin bala saldığını və aldığı zədə nitəcisində inəyin özünə gəlmədiyini bildirmiş və etiraz etmişdir. O, birinci Qarabağ müharibəsi iştirakçısıdır və ürəyinin üstündə bu günədək qəlpələr var. O, cəld hərəkət edə və qaça bilmədiyindən inək qarşısından qaçmış və az müddət ərzində iddiaçının qanunsuz hərəkətlərinin qurbanı olmuşdur. Əslində iddiaçı nəqliyyat vasitəsini qanunsuz idarə etmiş inəyi vurmadan idarə etmək imkanı olduğu halda qəsdən ona zərər vurmuşdur. Ağır xəstə yaşlı anasına qulluq edir və vaxtının olmaması və özü də xəstə olduğu üçün get-gedə düşməmək üçün 1 gün sonra 500 manat pul vermişdir. O, hadisə yerinə polisi və onu çağırması barədə dedikləri yalandır. Orada heç bir ölçmə, ekspertiza aparılmamışdır. Avtomobilinə də ciddi ziyan dəyməmişdir. Hadisədən 4 gün keçəndə inək 5 aylıq bala saldığından ona 3000-3500 manat ziyan vurmuşdur. "Avtoservis-057” sexindən aldığı 1430 manat zərər barədə arayışı da həqiqəti əks etdirmir, tanışlıqla yazdırmışdır. Çünki avtobilə baxış keçirəndə görmüşdür ki, sağ qapı və buferdə cüzi əzik vardır, onu da döydürüb düzəltmək mümkündür. Ən çox 300-400 manat xərci olar. Buna baxmayaraq o, zərər vurmadığı halda ona 500 manat pul ödəmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, sahədə moruq yığanda səs eşidib. Maşının malı vurduğunu görmüşdür. Şoferi görməmişdir. Yol kənarında olan malı vurmuşdur. Muxaxda Şərq vadisi restoranının yaxınlığında baş vermişdir hadisə. İşin halları Avtoservis 057 X1 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 11 nömrəli avtomobilə dəymiş zərər aktından görünür ki, İddiaçı məxsus «Mercedes benz» markalı 34 BF426 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1430 manatdır. X5 Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində İddiaçı dəymiş zərərin 500 manat hissəsini verdiyini, qalan hissəsini də verəcəyini bildirmişdir. 10 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, dəymiş zərərin hesablanması üçün 50 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh özünə məxsus bir baş iribuynuzlu heyvan olan inəyi xx.xx.2024-cü il tarixdə saat asfalt və sement-beton örtüklü yollarla ötürməklə yol hərəkəti qaydalarını pozmuş və nəticədə Zaqatala rayonu, Muxax kəndi istiqamətində hərəkətdə olan, İddiaçı idarə etdiyi «Mercedes Benz» markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillin qarşısına çıxaraq avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının idarə etdiyi «Mercedes benz» markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1430 manat maddi zərər dəymişdir. Hazırda İddiaçı baş vermiş hadisə zamanı onun əmlakı olan “Mercedes benz” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1430 manat zərərin cavabdeh tərəfindən ödənilməmiş 930 manat hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddiaya etiraz etmişdir. Məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni, dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni, dizpozisiya şərtlərinə uyğundur. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Bu səbəbdən də məhkəmə mülki qanunvericiliyin tələbləri baxımından mülki məsuliyyətin əmələ gəlməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyi də zəruri hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 930 manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 40 manat pul vəsaiti və 50 manat mütəxəssis rəyi üçün ödənilmiş vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 930 (doqquz yüz otuz) manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu və 50 (əlli) manat mütəxəssis rəyi üçün ödənilmiş vəsait alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-739/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-739/2025
07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver