Məhkəmə qərarları › İş №e-2(033)-744/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-744/2022

29.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-744/2022 29.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hüseynova (Mahmudova) Vüsalə Mahmud qızına qarşı maddi zərər (təzminat) tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onların qızının xeyrinə 2700 (iki min yeddi yüz) manat maddi zərərin (təzminatın), 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz borcunun, 7 (yeddi) manat ödənilməmiş işıq pulunun və iddia ərizəsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə övladları ilə birlikdə özbaşına heç bir icazə olmadan onların mülkiyyətlərində olan Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha torpaq sahəsində tikilmiş evi zəbt edərək yaşamağa başlamışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı1 mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilidən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Nəticədə onlar, 18 ay müddətində mülkiyyətindən fayda götürə bilməmişdir. Əksinə cavabdeh onlara məxsus əşyaları zədələmişdir. Evinin yerləşdiyi ərazidə evlərin kirayə haqqı 150-200 manat arası dəyişir. Bu müddət ərzində onlar, kirayə haqqı alsaydı 2700 manat gəlir əldə etmiş olardılar. Bundan başqa cavabdeh evlərində icazəsiz yaşadığı dövrdə 355,75 manat qaz borcu və 7 manat işıq pulunu ödəməmişdir. Hal-hazırda o, cavabdehdən 3062,75 manat maddi zərəri tələb edir. Cavabdehə onlara vurduğu zərəri ödəməsini bildirsələr də, o, onları təhqir etməklə imtina etmişdir. Ona görə də məhkəməyə müraciət edirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o iddiaçıların qardaşı olan Muğanlı kənd sakini X3 ilə 2001-ci ildə ailə qurmuşdur. O ailə qurduqdan sonra bir müddət qaynatasına məxsus evdə yaşamışdır. Təxminən 2013-cü ilin əvvəllərində əri Vidadi ilə o Zaqatala şəhərində torpaq alıb ev tikmək qərarına gəlmişlər və Zaqatala rayonu Çökək kəndində torpaq alaraq üzərində ev tikmişlər. 2019-cu ildə evin tikintisi başa çatmışdır. O əri ilə araları pisləşdiyindən 2018-ci ildə ərindən ayrılaraq ayrı yaşamış və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Zaqatala şəhərində kirayə yaşadığı evin kirayə haqqını ödəyə bilmədiyindən kirayə qaldığı evdən çıxmış və xx.xx.2020-ci il tarixdə o övladları ilə birlikdə Zaqatala rayonu Çökək kəndindəki evə gəlib orada yaşamışdır. Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən onun Zaqatala rayonu Çökək kəndində 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş evdən çıxarılması qət edilmiş və xx.xx.2022-ci il tarixdə o həmin evdən çıxarılmışdır. Evdən çıxarkən bütün kommunal ödənişləri ödəmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2021 nömrəli 12 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı1 mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5424/2021 nömrəli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli 2(107)-1023/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın apellyasiya instansiya məhkəməsindəki icraat hissəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1023/2021 nömrəli 20 may 2021ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindəb şahidlərin iştirakı Zaqatala rayonu Çökək kəndində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2021 nömrəli 12 fevral 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh ilə profilaktiki söhbət aparılmış və borclu icra sənədinin icrasını təmin etmişdir. X6 Cəmiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 müraciəti əsasında ünvan 1 ünvanın enerji təchizatı dayandırılmışdır. Azəriqaz tərəfindən verilmiş Bildiriş-Xəbərdarlıqdan görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixə təbii qazdan istifadəyə görə 355,75 manat borcu vardır. X7 Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixə sayğac göstəricisi üzrə 355,75 manat qaz borcu olub. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://www.e-qanun.az/framework/46944 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh iddiaçıların qardaşı olan X3 ilə 2001-ci ildə ailə qurmuşdur. O, xx.xx.2020-ci ildən iddiaçılara məxsus torpaq sahəsi üzərində yerləşən tikilidə uşaqları il birlikdə yaşamışdır. X1 arasında bağlanmış nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı1 mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilindən çıxarılması qət edilmiş və həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1023/2021 nömrəli 20 may 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1023/2021 nömrəli 20 may 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(033)-79/2021 tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə üzrə icra sənədi tərtib edilərək icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021ci il tarixli 2(033)-79/2021 tarixli icra sənədinin icrası Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təmin edilmiş və Cavabdeh İddiaçı1 məxsus torpaq sahəsi üzərində tikilmiş tikilidən çıxmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 18 ay müddətində İddiaçı1 məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikilidə yaşadığını, həmin dövr ərzində onun mülkiyyətində gəlir götürə bilmədiyini əsas gətirərək və həmin ərazidə evlərin kirayə haqqının aylıq 150-200 manat təşkil etdiyini qeyd edərək cavabdehdən 2700 manat maddi zərərin və 355,75 manat ödənilməmiş qaz borcunun və 7 manat ödənilməmiş elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsini tələb edirlər. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, iddiaçıların ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçılar, İddiaçı1 məxsus Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş tikilinin Cavabdeh tərəfindən zəbt edildiyindən həmin tikilidən 18 ay ərzində fayda götürə bilmədiklərini və bu müddət ərzində kirayə haqqı alsaydı 2700 manat gəlir əldə edə biləcəklərini əsas gətirərək cavabdehdən 2700 manat maddi zərər tələb etmişlər. Məhkəmə ilk öncə onu qeyd edir ki, İddiaçı2 Cavabdeh qarşı iddia tələbini irəli sürmək kimi subyektiv hüququ olmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən də göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi məhkəmənin araşdırmalı olduğu məsələdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir və daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyata alındığı tarixindən əmələ gəlir. Daha sonra məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, İddiaçı1 mülkiyyətində olan Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilidən sahiblik və istifadə hüquqları mövcud olsa da, həmin tikili Daşınmaz əmlakın Dövlət reyestrində iddiaçıların adına qeydiyyata alınmadığından həmin əmlak barəsində onun sərəncam vermək hüquqları olmadığından həmin tikili iddiaçı tərəfindən kirayə verilə bilməzdi. Həmçinin işdən görünür ki, tərəflər arasında əmlak kirayəsi müqaviləsi bağlanmamış, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürməmişdir. Bununla bağlı hər hansı öhdəlik mövcud olmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçıların iddia etdiyi cavabdehin İddiaçı1 mülkiyyətində olan Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilidən qanunsuz istifadəsi nəticəsində ona 2700 manat zərər dəyməsi öz təsdiqini tapmadığından iddiaçılar onlara vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən onlara maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Cavabdeh İddiaçı1 mülkiyyətində olan Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş tikilidən istifadə edərkən ona zərər vurması, onu zədələməsi habelə iddiaçıların həmin əmlakdan məhrum olması halı da məhkəmə tərəfindən aşkarlanmadığından, eləcə də cavabdehin iddiaçıların hesabına əmlak əldə etməsi müəyyən edilmədiyindən iddia tələbi maddi zərər hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz borcunun, 7 (yeddi) manat ödənilməmiş işıq pulunun cavabdehdən alınaraq iddiaçılara verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də rədd edilməldir. Belə ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş tikilidə qazdan istifadə nəticəsində borcun yaranmasına dair sübutlar təqdim etsələr də həmin borcun hansı dövr ərzində yaranmasına dair sübutları, eləcə də cavabdehin həmin tikilidə yaşadığı dövrdə elektrik enerjisindən və qazdan istifadə nəticəsində borcun yaranması barədə iddiaçılar tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların tələb etdiyi kommunal borcların iddiaçıların özləri tərəfindən Azəriqaz və Azərişıq ASC-yə ödənilib-ödənilməməsi barədə hər hansı sübut da təqdim edilməmişdir. Əgər həmin borclar iddiaçılar tərəfindən ödənilməmişdirsə, onda ümumiyyətlə həmin pul məbləğini cavabdehdən tələb edə bilməzlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz borcunun, 7 (yeddi) manat ödənilməmiş işıq pulunun cavabdehdən alınaraq iddiaçılara verilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı1 tərəfindən ödənilmiş 51(əlli bir) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hüseynova (Mahmudova) Vüsalə Mahmud qızına qarşı maddi zərər (təzminat) tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar