Məhkəmə qərarları › İş №e-2(033)-788/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-788/2025

21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-788/2025 21.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 Əli qızının katibliyi, İddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə 21 iyun 2025-ci il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona olan cəmi 4302 (dörd min üç yüz iki) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 64 (altmış dörd) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Zaqatala rayonu, Yuxarı Tala kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 ondan 4500 (dörd min beş yüz) manat dəyərində iki baş iribuynuzlu heyvanları almış, lakin aldıqları iki baş iribuynuzlu heyvanların dəyəri olan 4500 (dörd min beş yüz) manat məbləğində pulu ona ödəməmişdir. Belə ki, iribuynuzlu heyvanların satılması barədə o və Cavabdeh2 razılığa gəlmişdirlər, lakin iribuynuzlu heyvanları o Cavabdeh2 oğlu Cavabdeh1 təhvil vermişdir. Aralarında olan sövdələşmə təxminən 2025-ci il fevral ayının sonlarında olmuşdur. O, onlardan dəfələrlə verdiyi iki baş iribuynuzlu heyvanların dəyərini cəmi 4500 (dörd min beş yüz) manat pulu tələb etsə də, onlar ona olan borclarını geri qaytarmaqdan imtina etmişdir. Həmin şəxslər ona məxsus olan 2 baş iribuynuzlu heyvanın dəyərini ödəmədikləri üçün bununla bağlı aidiyyatı hüquq mühafizə orqanlarına müraciət etmişdir. İşlə bağlı əvvəl Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Zaqatala rayon Polis Şöbəsi tərəfindən müraciətinə səhlənkar yanaşıldığı üçün onların hərəkətlərindən Zaqatala rayon Prokurorluğuna müraciət etmişdir. Zaqatala rayon Pokurorluğunda ərizəsi ilə bağlı ilkin araşdırma apardıqdan sonra Zaqatala rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru X4 tərəfindən xx.xx.2025-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Məhz həmin qərarda cavabdehlərdən Cavabdeh1 onun iddia ərizəsində qeyd etdiyi xüsusatları borc məbləği ilə (4500 manatla) bağlı tam olaraq, digər halları isə qismən etiraf etmişdir. Lakin bildirmək istəyir ki, o 4500 (dörd min beş yüz) manat dəyərində olan iki baş iri buynuzlu heyvanlarını hər iki cavabdehə satmışdır. Təəsüflər olsun ki, onlar yenə də ona olan borclarını tam olaraq ödəmirlər. Cavabdehlərdən yalnız Cavabdeh1 198 (bir yüz doxsan səkkiz) manat borcunu ona geri qaytarmışdır, lakin cavabdehlər geri qalan 4302 (dörd min üç yüz iki) manat borclarını geri qaytarmamışdırlar. Beləliklə cavabdehlərlə aralarında gəldikləri razılaşmaya əsasən onlar ona olan 4302 (dörd min üç yüz iki) manat pul borclarını ödəyəcəklərinə söz versələr də, ona olan 4302 (dörd min üç yüz iki) manat borclarını ödəməmişdirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlərin ət dükanı olmuş və onlar həmin mağazada işləyirdilər. Təxminən fevral ayında mağazanın qarşısından keçəndə Qalibin atası Aslanı görmüş, Aslan ondan satılıq heyvanının olub-olmamasını soruşmuş, o da olduğunu demişdir. Bu barədə elə orada zəng edib oğluna məlumat vermişdir. Axşamüstü Qalib maşınla gələrək heyvanları aparmaq istəmişdir. Həmin vaxt atası yanında olmamışdır. Heyvana baxıb bəyənmişdir. Daha sonra danışmışlar, Qalib təkrar xərc olmasın deyə malın ikisini də aparmışdır. Mallar kəsiləndən sonra pulu ödəyəcəyinə razılaşmışdırlar. Səhəri gün qəssabxanaya getmiş, lakin dükanı açmadıqlarını görmüşdür, onlara zəng etdikdə, bu gün kəsməyəcəklərini demişdirlər. Bir neçə gün sonra bir malı kəsmiş, elə bir gün sonra da dükanı bağlamışdırlar. Daha sonra o eşitmişdir ki, cavabdeh ondan heyvanları götürən gün müştəri axtarmış, onun verdiyi qiymətdən də aşağı qiymətə satmışdır. Bu hadisələrdən sonra onlar bir həftə görsənməmişdirlər. Bir gün Qalib zəng edib Sumqayıtda olduğunu gəlib onunla görüşəcəyini bildirmişdir. O Qalibin onu aldatmasından şübəhələndiyi üçün polisə məlumat vermişdir. Polisə məlumat verdikdən sonra Qalib onunla əlaqə saxlamış borcun yarısını verə biləcəyini demiş, bir həftəyə isə geri qalanını verəcəyini bildirmişdir. O, isə borcun tam qaytarılması üçün bir həftə də gözləyəcəyini bildirmişdir. Lakin hələ də borcunu ödəməmişdir. Yalnız mal kəsilən zaman cavabdehdən 198 manat dəyərində ət götürmüş, həmin məbləği də borcdan çıxmışdır. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o atası ilə birlikdə qəssabxana işlətdiyi zaman atasının məsləhəti ilə iddiaçıdan nisyə iki baş mal almışdır. Pulu qaytaracağı gün işi ilə bağlı Sumqayıta getməli olmuş, iddiaçıya zəng edərək Sumqayıta getdiyini iki günə rayona qayıdacağını bildirmişdir. Lakin o qayıdanadək iddiaçı “102”-yə müraciət etmişdir. Bununla bağlı onu polis şöbəsinə çağırmışdırlar. Həmin vaxt 2500 manatı gətirmiş, bir həftəyə də 1700 manatını verəcəyini demiş amma iddiaçı pulu qəbul etməyərək tam ödənilməsini istəmişdir. Hazırda iddiaçı bütün rayonda ona pul atması ilə əlaqədar danışdığından heç kəsdən nisyə mal ala bilmir, işə də gedə bilmir. O “qaytarmıram” demir, ayda 100 manat pul ödəyə bilər. Həmçinin iddiaçı mal kəsiləndən bir gün sonra ondan 198 manatlıq ət götürmüş, üç gün sonra isə o olmayanda atası işdə olanda atasından 50 manatlıq ət götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər Zaqatala rayon prokurorıuğunun müstəntiqi vəzifəsi üzrə stajor X2 xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 40c-25 nömrəli material üzrə Zaqatala Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X3 vətəndaş İddiaçı rüşvət qismində pul istəməsi faktı təsdiq olunmadığına görə Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarda qeyd edilmiş Cavabdeh1 izahatından görünür ki, həmkəndlisi İddiaçı təxminən 2025-ci ilin fevral ayının sonlarında dəyəri 4500 manat olan iki baş iribuynuzlu heyvan almış, lakin həmin vaxt pulu olmadığı üçün heyvanlarının dəyirini daha sonra ödəməklə bağlı razılığa gəlmiş və bunu öz yazısı ilə yazaraq imzası ilə təsdiq etmişdir. Növbəti günlərdə İddiaçı mağazaya gəlib onun kəsdiyi heyvanın ətindən 198 manat dəyərində ət götürmüş, lakin ətin pulunu borcdan çıxmağını bildirərək həmin ətin pulunu ödəməmişdir. Həmin gündən sonrakı gün İddiaçı yenidən mağazaya gəlmiş və əvvəlki qaydada 50 manatlıq heyvan əti götürmüşdür. İddiaçı aldığı digər heyvanın ətini sata bilməyəcəyini düşünüb həmin gün axşam saatlarında həmin heyvanı adını xatırlamadığı bir nəfərə 1970 manata satmışdır. Lakin pula ehtiyacı olduğu üçün İddiaçı olan borcunu qaytara bilməmiş, sonuncuya zəng edərək maddi imkanının olmadığı üçün aldığı iki iribuynuzlu heyvanın pulunu hələlik ödəyə bilməyəcəyini bildirib ona biraz da vaxt verməsini xahiş etmişdir. İddiaçı isə onun aldatdığını deyərək, barəsində artıq polis şöbəsinə şikayət etdiyini bildirmişdir. Daha sonra polis şöbəsinə dəvət olunmuş, orada Rəhman adlı polis əməkdaşı onun izahatını almış və o, polis əməkdaşından İddiaçı borclu olduğu pulu tapıb verməyi üçün on gün möhlət verməyini xahiş etmişdir. Bir neçə gün sonra Rəhman adlı polis əməkdaşının yanında dost-tanışdan borca aldığı 2500 manat pulu İddiaçılə görüşüb verməyi təklif etmiş, qalan pulu isə on günə qaytara biləcəyini bildirmişdir. İddiaçı isə onunla razılaşmamış və pulun hamısını birdəfəyə verməyini bildirmişdir. Həmin qərarda istinad edilmiş Zaqatala Rayon Poils Şöbəsindən daxil olmuş materialdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Cavabdeh1 adlı şəxsə 4500 manat dəyərində 2 ədəd iribuynuzlu heyvan satması, lakin pulunu qaytarmamasını bildirmişdir. Müraciətin araşdırılması həmin tarixdə R.Musayevə həvalə edilmişdir. İddiaçı və Cavabdeh1 izahatları alınmış, xx.xx.2025-ci il tarixdə müraciət müəllifinə məhkəməyə müraciət etmək hüququ barədə rəsmi cavab məktubu ilə izah verilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 64 (altmış dörd) manat dövlət rüsümu ödənilmişdir. Tətbiq edilən hüquq 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, 2025-ci ilin fevral ayının sonlarında İddiaçı özünə məxsus iki baş iri buynuzlu heyvanı dəyərini kəsdikdən sonra ödəmək şərtilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nisyə satmış və sonuncular həmin heyvanların dəyərini qeyd edilən müddətdə qaytaracağına söz vermişdirlər. Lakin cavabdehlər müddətin başa çatmasına baxmayaraq iddiaçıya olan borcunu ödəməmişdirlər. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək heyvanların dəyəri olan 4500 manat pulun ödənilməmiş hissəsi olan 4302 manatının cavabdehlərdən alınmasını tələb etmişdir. Cavabdeh1 məhkəmə iclasında həqiqətən də iddiaçıya məxsus heyvanları ondan 4500 manat müqabilində nisyə aldığını etiraf etmiş, lakin aldığı pulun bir hissəsi olan 248 manat dəyərində iddiaçıya ət verdiyini bildirmişdir. Beləliklə iş üzrə sübutlarla, cavabdehlərin iddiaçıdan 2025-ci ilin fevral ayının sonlarında 4500 manat dəyərində iki baş iri buynuzlu heyvanı alması, heyvanların dəyərinin bir hissəsini olan 198 manatın ətlə əvəzini qaytarması, pulun qaytarılmayan hissəsinin 4302 manat təşkil etməsi təsdiq edilmişdir. Cavabdeh1 mal kəsildikdən sonra 198 manatdan əlavə iddiaçıya 50 manatlıq ət verməsi barədə hər hansı sübut təqdim etməmişdir. İş üzrə sübutlarla da cavabdehin mal kəsildikdən sonra 198 manatdan əlavə iddiaçıya 50 manat dəyərində ət verməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehlərin iddiaçıdan aldığı iki baş iri buynuzlu heyvanı dəyərinin 4302 manat hissəsini ödəməkdən imtina etməsi barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4302 (dörd min üç yüz iki) manat borc və hazırki iddianın qaldırılması üçün ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4302 (dörd min üç yüz iki) manat pul vəsaiti və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu cəmi, 4366 (dörd min üç yüz altmış altı) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar