Məhkəmə qərarları › İş №e-2(033)-793/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-793/2024

03.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-793/2024 03.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs Maraqlı şəxs qarşı “bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi və müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs Maraqlı şəxs qarşı “bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi və müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 onların ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,2159 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,5 m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1 düşən 1/6 payın və İddiaçı3 düşən 4/6 payın İddiaçı2 bağışlanması ilə bağlı müqavilənin rəsmiləşdirilməsindən imtinasının qanunsuz hesab edilməsi və həmin müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərində qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi paylı mülkiyyətində Zaqatala rayonu, Muğanlı kəndində 0,2159 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,5 m olan fərdi yaşayış evi vardır. Sonuncuların həmin əmlak üzərində hüquqları 03 oktyabr 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 66 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan da göründüyü kimi, Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,2159 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,5 m olan fərdi yaşayış evinin 4/6 hissəsi İddiaçı3, 1/6 hissəsi İddiaçı1, yerdə qalan 1/6 hissəsi isə İddiaçı2 ümumi paylı mülkiyyətindədir. İddiaçılar qeyd olunan əmlak üzərində payların bağışlanması məqsədi ilə iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinə müraciət etmişdirlər. Belə ki, iddiaçılardan İddiaçı1 və İddiaçı3 həmin əmlakdan özlərində düşən payı (ümumilikdə 5/6 hissəni) yaxın qohumları (müvafiq olaraq - qızı və bacısı) İddiaçı2 bağışlamaq istəmişdirlər. Lakin, iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisi 23 may 2024-cü il tarixli, 588 nömrəli məktubu ilə müqavilənin rəsmiləşdirilməsindən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı fərdi yaşayış evində qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı əldə olunmalıdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, yalnız ər-arvaddan birinin ümumi birgə mülkiyyətinə aid daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin (ər və ya arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı tələb oluna bilər, digər hallardaisə hər-hansı bir razılıq tələb olunmur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə (əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlərin təsdiq olunması) əsasən, ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ancaq, Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndə istinda edərək bildirmişdir ki, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu nəzərə alınmamışdır ki, bu münasibətləri tənzimləyən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu var və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsinin (normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi) 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Bu halda da, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatı ziddiyyət təşkil etdiyi üçün “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. İkinci bir tərəfdən isə qeyd olunan əqdin bağlanması iş üzrə üçüncü şəxsin heç bir hüququnu pozmur. Belə ki, göründüyü kimi, iş üzrə iddiaçılar evi və torpaq sahəsini üçüncü bir şəxsin adına özgəninkiləşdirmir və bu da üçüncü şəxsin hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçılardan İddiaçı1 şizofreniya xəstəsi olsa da həmin xəstəlik müalicə olunan xəstəlikdir və həmin xəstəlik ani olaraq baş verir. İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Notariat ofisinə müraciət edərək ünvan 1ində yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi bağlamağı xahiş etmişdirlər. O, xx.xx.2024-cü il tarixli 588 nömrəli məktubu ilə İddiaçı2 “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 49-cu bəndi haqqında məlumat verərək fərdi yaşayış evinin bağışlanması zamanı evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslərin notariat ofisinə gələrək razılıqlarını bildirməli olduqlarını bildirmişdir. İş üzrə məhkəmə iclasında işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, o, İddiaçı1 arvadıdır. İddiaçı1 şizofreniya xəstəliyindən əziyyət çəkir. O, ərinə düşən payın başqasına bağışlanmasına razı deyil. Həmin payın övladlarına verilməsini istəyir. Düşünür ki, əri Etibar xəstə olduğundan onu aldadaraq digər iddiaçılar hazırkı iddianı vermişlər. O, rəsmi olaraq İddiaçı1 ayrılmamışdır, onun anası onu yola vermədiyindən 2021-ci ilin aprel ayında uşaqları ilə birlikdə çıxıb Bakı şəhərinə getmişdir. O, iddiaçının yaşadığı evə qayıdacaq. Oğlu əsgərlikdən qayıtmışdır və ailə qurmaq istəsə yaşamaq üçün yeri olmalıdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar: Mülki işin materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 oktyabr 2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın və fərdi yaşayış evinin texniki pasportun surətindən görünür ki, ünvan 1ində 0,2159 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 4/6 hissə olmaqla İddiaçı3, 1/6 hissə olmaqla İddiaçı2 və payı 1/6 hissə olmaqla İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Zaqatala RİHB-ın Muğanlı kənd inzibati əarzi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X1 2023-cü ilin 06 nömrəli təsərrüfatbaşına kitabın 152-ci səhifəsindəki qeydiyyata əsasən onun Muğanlı kəndində ümumi sahəsi 100 kvm olan fərdi yaşayış evi vardır və həmin evdə özü, oğlu İddiaçı1, gəlini X4, nəvəsi X5 və nəvəsi X3 qeydiyyatdadır. Mülki işin materiallarında olan Şəki rayon Psixiatriya Xəstəxanasının 26 iyul 2024cü il tarixli 687 saylı məktubundan görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı1 01 noyabr 2021-ci il tarixdən Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Diaqnozu paranoid şizofreniya fasiləsiz gedişli F-20.0. Mülki işin materiallarında olan Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova tərəfindən İddiaçı2 ünvanlanmış 23 may 2024-cü il tarixli 588 saylı məktubdan görünür ki, sonuncu notariat ofisinə müraciət edərək paylı mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair anası İddiaçı3 və qardaşı - İddiaçı1 öz paylarını onun adına bağışlama müqaviləsinin bağlanmasını xahiş etmişdir. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 49-cu bəndində göstərilir ki, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. İddiaçı2 paylı mülkiyyətdə olan ana və qardaşınının paylarının bağışlama müqaviləsinin bağlanması üçün qeydiyyatda olanların notariat ofisinə gələrək, həmin evin bağışlanmasına razılığının olmasını bildirməsi izah edilmişdir. Tətbiq edilən hüquq: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd olunur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-in 305.1-ci və 305.1.8-ci maddələrində müəyyən edilmişdir ki, məhkəmə xüsusi icraat qaydasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə baxır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. 46-cı maddəsinə əsasən dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir. Ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən X7 Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. Əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər. Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı beh müqaviləsi təsdiq edilərkən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş razılıq tələb olunur. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələrin təsdiq edilməsi, daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin aparılması və əmlak hüquqlarının dövlət qeydiyyatı “bir pəncərə” prinsipi əsasında bu Qanunda və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə əsasən, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2-ci maddəsinin (normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi) 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qanunla ziddiyyət təşkil etdikdə, qanun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1ində 0,2159 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı3 payı 4/6 hissə, İddiaçı2 və İddiaçı1 hər birinin payı isə 1/6 hissə olmaqla paylı mülkiyyət hüququ üzrə iddiaçılara məxsusdur. Fərdi yaşayış evində İddiaçı3, İddiaçı1, Maraqlı şəxs, eləcə də sonuncuların övladları X5 və X3 qeydiyyatdadırlar. İddiaçı3 və İddiaçı1 paylı mülkiyyətdə olan həmin daşınmaz əmlakdakı paylarını İddiaçı2 bağışlamaq istəsələr də, Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova xx.xx.2024-cü il tarixli 588 saylı məktubla, müvafiq müqaviləni təsdiq etməkdən imtina etmiş, imtinasını fərdi yaşayış evində daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının olmaması ilə əsaslandırmışdır. İddiaçılar cavabdehin imtinasını qanunsuz sayırlar və tələblərini onunla əsaslandırırlar ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən yalnız ər-arvaddan birinin ümumi birgə mülkiyyətinə aid daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin (ər və ya arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı tələb oluna bilər, digər hallarda isə hər-hansı bir razılıq tələb olunmur. Notariusun istinad etdiyi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu ilə ziddiyyət təşkil etdiyindən qanun tətbiq edilməlidir. Məhkəmə iddiaçıların bu dəlillərinə tənqidi yanaşır və qeyd edilənlərin iddianın təmin edilməsinə əsas saymır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunununda, ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının tələb olunması qeyd edilsə də, ər-arvada aid olmayan əmlaklara dair müqavilələrin bağlaması zamanı üçüncü şəxslərin notariat qaydasında təsdiq edilmiş razılığının tələb olunmasının yolverilməz olmasına dair göstəriş yoxdur. Qanunun göndərici normasına əsasən isə notariat hərəkətlərinin aparılması qaydalarını müəyyən edən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda, yaşayış evinin özgəninkiləşdirilməsi haqqında əqdin təsdiq edilməsi zamanı orada daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınması nəzərdə tutulur. Göründüyü kimi, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu ilə ziddiyyət təşkil etmir, əksinə qanunun tənzimlədiyi hərəkətlərin aparılması üçün razılıqları tələb olunan şəxslərin dairəsini konkretləşdirir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxsin bildirdikləri, İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs olaraq dəyərləndirilməsinə əsas ola bilməz. Eyni zamanda cavabdeh imtinasını sonuncunun sağlamlıq vəziyyəti ilə əlaqələndirməmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, yaşayış evinin özgəninkiləşdirilməsi haqqında əqdin təsdiq edilməsi zamanı, yaşayış evində daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alınması qanunvericilikdə nəzərdə tutulduğundan cavabdehin, İddiaçı3 və İddiaçı1 paylı mülkiyyətdə olan daşınmaz əmlakdakı paylarının İddiaçı2 bağışlamalarına dair müqaviləni təsdiq etməkdən imtinası düzgün olmuşdur. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və üçüncü şəxs Maraqlı şəxs qarşı cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 onların ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,2159 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,5 m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1 düşən 1/6 payın və İddiaçı3 düşən 4/6 payın İddiaçı2 bağışlanması ilə bağlı müqavilənin rəsmiləşdirilməsindən imtinasının qanunsuz hesab edilməsi və həmin müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərində qoyulması tələbi barədə iddiaları rədd edilsin. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar