Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-822/2024 23.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1987-ci il tarixdə Zaqatala şəhərində doğulan Cavabdeh 10500 ABŞ dolları məbləğində pulun, eyni zamanda banka ödənilmiş 143,55 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixində Zaqatala Rayon Məhkəməsinin 2(033)-1255/2015 saylı qərarına əsasən onunla xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. 2016cı il fevral ayında Cavabdeh, Türkiyə vətəndaşı kimlik nömrəsi **********0 olan xx.xx.1986cı il təvəllüdlü X2 ilə 2-ci evliliyini həyata keçirmişdir. O, 2016-cı ilin avqust ayında işlə əlaqədar Amerikanın Kaliforniya ştatına getmiş və Amerikadan 2024-cü il may ayında qayıtmışdır. Cavabdeh 2019-cu ilin avqust ayında mesajlarında və telefon zənglərində ona, yoldaşından ayrılaraq Zaqatalaya gəldiyini, Bakıda iş axtardığını, kirə olaraq ev tutub qala bilmədiyini və maddi olaraq çox çətinliklər çəkdiyini bildirmişdir. Evliliyinin 3 il sonra bitdiyini bildirərək ondan Bakıda işə girməsi ilə əlaqədar köməklik istəmişdir. Ev kirayəsi və maddi çətinliklərini nəzərə alaraq X1 ilə dəfələrlə pul göndərmişdir. Bu pul miqdarı 10500 ABŞ dolları təşkil edir (2019-2020-ci illərdə). Təxminən 6-7 ay sonra cavabdeh telefonlara cavab verməyərək yenidən Türkiyənin Konya şəhərinə geri qayıtmışdır. Yoldaşının ona göndərdiyi mesajları ona göndərmək şərti ilə bibisi qızı ilə iş məsələsini həll etmək üçün istənilən pul məbləği və Western Union ilə göndərilən pulların sadəcə 2 elektron mesajını təqdim edir. Asiməyə ödədiyi və yalan vədlərinə görə qarşılaşdığı maddi köməkliyi geri istəyir. 10500 ABŞ dolları: 1500 ABŞ dolları – 2019- avqust ayı, 2000 ABŞ dolları – 2019 sentyabr ayı, 500 ABŞ dolları – 2019 sentyabr ayı, 3000 ABŞ dolları - 2019 sentyabr ayı, 2000 ABŞ dolları – 2019 dekabr ayı, 1500 ABŞ dolları – 2020 yanvar ayı. Cavabdeh pulu xoşluqla qaytarmadığına görə məhkəməyə müraciət edərək həmin pulu cavabdehdən tələb etmək məcburiyyətində qalmışdır. Göndərdiyi pulların hamısı Western Union bank xidmətləri vasitəsi ilə göndərilmiş və cavabdeh həmin pulları Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə əldə etmişdir. Xaricdən onun göndərdiyi pulların Azərbaycanda alınıb-alınmamasını yoxlamaq üçün onun, eyni zamanda vəkillərin sorğularına “Banklar haqqında Qanun”a əsasən rəsmi və ya şifahi cavab verilmir. “Banklar haqqında Qanun”a əsasən banklarda aparılmış əməliyyatlar barədə məlumatlar yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı əsasında verilir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə 05 sentyabr 2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tələbini əsassız hesab edir və məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı ilə cavabdeh arasında heç bir borc münasibəti olmamışdır. İddiaçı öz iddiasında belə, ona göndərdiyi maddi köməyi geri tələb etdiyini qeyd edir. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi, iddiaçı ilə aralarında qısa müddətli rəsmi nikah münasibətində olmuşdur. Daha sonra evlilikləri iddiaçının təşəbbüsü ilə məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra İddiaçı onu və yaxın qohumlarını mütəmadi olaraq narahat etməyə başlamışdır. Müxtəlif cəhdlərlə gah onunla yaxınlıq etməyə çalışmış, evliliklərinin sonlanmasında özünü təqsirli bilmiş, gah da intiqam məqsədilə qohumlarının iş yerlərində, sosial media hesablarında onlarla yazışaraq ona təzyiq göstərməyə çalışmışdır. Hazırki iddia ərizəsi ilə də iddiaçı sadəcə olaraq qızının və ailə üzvlərinin nüfuzuna xələl yetirməyə, yeni ailə münasibətlərini korlamağa çalışır. Qızı hazırda ikinci dəfə ailə qurmuş və bir azyaşlı övladı vardır. İddiaçının ərizəsində qeyd etdiyi kimi qızı heç vaxt ikinci həyat yoldaşından boşanmamışdır. Sadəcə çox xoşbəxt olan ailə münasibəti iddiaçıda qısqanclıq hislərinin yaranmasına səbəb olur və qızının ailəsinə söz-söhbət salmağa çalışır. İkinci bir məsələ odur ki, iddiaçının iddia etdiyi kimi bir borc müqaviləsi aralarında heç vaxt bağlanmamışdır. Qızı iddiaçıdan heç vaxt onun bank hesabına pul göndərməsini xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iddiaçının iddia etdiyi kimi aralarında borc müqaviləsi və ya borc münasibəti yaranmış olsaydı, nəzərə almaq lazımdır ki, bu tələb üzrə iddia müddəti keçmişdir və məhkəmə bunu nəzərə alaraq bu iddianı təmin etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Halbuki, iddiaçının ərizədə göstərdiyi tarixləri əsas götürdükləri halda belə ən son ödəniş guya 2020-ci ilin yanvar ayında etdiyini bildirir, hansı ki, həmin tarixdən artıq 4 il keçmişdir. İddiaçının tələbinin əsassızlığı ondadır ki, vaxtilə ona bağışlama məqsədi ilə vermiş olduğu “mehir” məbləğini, yəni onu əsassız yerə boşaması səbəbilə qızına etmiş olduğu bağışlamanı indi borc adı altında, üstəlik artıqlaması ilə tələb etməyə çalışır. Son olaraq məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı evliliklərinin sonlanmasında özünü təqsirli bildiyi üçün bir müddət sonra bununla bağlı qızı ilə əlaqə qurmağa və üzürxahlıq etməyə çalışmışdır. Evlilikləri sonlandığı zaman iddiaçı heç bir maddi dəstək göstərmədiyi üçün daha sonra bir miqdar pulu qızına “mehir” kimi bağışlamışdır. (Qeyd: Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir. Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adıdır) Həmin məbləğ də qətiyyən iddiaçının iddia ərizəsində tələb etdiyi kimi böyük bir məbləğ olmamışdır, ərizədə bunu şişirdərək göstərmişdir. İddia ərizəsində maddi hüquq normalarına düzgün əsaslanmayan iddiaçı mülkiyyətin geri qaytarılmasını tələb edir. Halbuki, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi qızı heç kimi mülkiyyətindən qanunsuz məhrum etməmiş və heç nəyi qanunsuz sahiblənməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən İddiaçı cavabdeh Asimə Şabanoya qarşı “pul tələbi”nə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin nümayəndəsinin iddia tələbinə qarşı verdiyi etirazı qəbul etmir. O, cavabdehlə boşandıqdan sonra Afrikanın Zambiya ölkəsinin Musakka şəhərinə getmiş və orada böyük türk firmalarının maliyyə işlərini təşkil etmişdir. Oradan qayıtdıqdan sonra isə Kaliforniyaya getmişdir. O, Cavabdeh zəng etməmiş və onun ikinci dəfə ailə qurmasından xəbəri olmuşdur. Cavabdeh 2019-cu ildə ona ikinci evliliyini bitirdiyini bildirmiş və maddi cəhətdən çətinlik çəkdiyini bildirərək ona köməklik göstərməsini xahiş etmişdir. Buna görə o, dəfələrlə cavabdehə pul göndərmişdir. Bundan başqa cavabdehin valideynlərinin yaşadığı evə mebeli özü almış, hətta onunla ailə qurarkən sonuncunun bir qaşıq olsa belə cehiz gətirməsinə razı olmamışdır. Mehr məsələsinə gəldikdə isə cavabdehlə ayrılarkən ona pul vermişdir ki, sonuncu çətinlik çəkməsin və onun hesabında pul olmuşdur. Boşandıqdan sonra cavabdeh tez bir zamanda türk vətəndaşı ilə evlənmişdir. Cavabdehə o, dəfələrlə pul vermişdir, lakin ikinci evləndiyi ərindən ayrıldıqdan sonra sonuncu maddi vəziyyətinin yaxşı olmadığını bildirərək ondan borc olaraq pul istəmişdir. O, cavabdehin vəziyyətinə acıyaraq ona iddia tələbində qeyd etdiyi pul məbləğlərini göndərmişdir. Cavabdeh həqiqətən də ikinci ərindən ayrılması barədə whatsapp yazışmalarını ona göndərmişdir. O, bu yazışmaları məhkəməyə sübut kimi təqdim etmişdir. Bundan başqa cavabdehin ondan işə düzəlməsi adı ilə götürdüyü pulun işə düzələcəyi yerə verəcəyi barədə bibisi qızı olan “Cahan” adlı şəxslə aralarında olan yazışmaları da məhkəməyə təqdim etmişdir. O, pulları cavabdehə Western Union vasitəsi ilə göndərmiş və həmin pullar 2019 və 2020-ci illərdə göndərilmişdir. Western Union pul köçürmə sistemində əməliyyatların aparılması iki il saxlanılır, daha sonra isə həmin əməliyyatlar sistemdən silinir. Cavabdeh etirazında ondan pul almamasını bildirmir, lakin həmin pulu guya ona mehr kimi verildiyini bildirmişdir. Mehr boşanmış qadına ona görə verilir ki, o həmin məbləğlə 3 ay maddi ehtiyaclarını ödəyə bilsin. Lakin cavabdeh heç 3 ayı da gözləmədən, yəni bir ay sonra ikinci dəfə evlənmişdir. Cavabdehlə boşanma 2015-ci ildə olmuşdur, lakin tərəfindən iddia tələbində qeyd olunan pullar sonuncuya 2019-2020-ci illərdə göndərilmişdir. Həmin pulları o, cavabdehə borc olaraq vermişdir. Hazırda həmin pulların cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş mobil telefon ekranından edilmiş skrinşot sms mətnlərindən görünür ki, tarixi qeyd olunmayan, vaxtı “Today 00:41” göstərilən “WU Srvc Msgs. ASİMA SHABANOVA picked up your money transfer. Thanks! Track your next transfer with the WU (R) app at http//go.wu.com/tt” və eyni bu mətnlə daha əlavə bir mesaj qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Kuku” adı ilə qeyd edilmiş şəxsin tarix qeyd olunmayan, saat 13:12-də olan whatsapp hekayəsinin mətnindən görünür ki, “Ama mən evləndim sənin yüzündən yapmadığın kötülük kalmadı, hərşeydən xəbərim var, bana kendini” sözləri kimi yazılar qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Kuku” adı ilə qeyd edilmiş şəxsin tarixi qeyd olunmayan, saat 02:14-də olan whatsapp hekayəsinin mətnindən görünür ki, “Dilsiz canlılara olan sevgimdən dolayı parayı kurban yerinə kanserli 4 yaşında kız çocuğuna vericem teşekkürler” sözləri kimi yazılar qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Kuku” adı ilə qeyd edilmiş şəxsin tarixi qeyd olunmayan saat 12:59-da olan whatsapp hekayəsinin mətnindən görünür ki, “Mənim üçün həyat çox çətindi. çoooox.... Bakıda iş axtarıram lütfən israrcı olma. Təkliyə ehtiyacım var. Sən işlə, çünki qocalığını düşün, hər zaman işləmək olmur. bax mən 1 səhvlə əziyyət çəkdiyim həyatım bərbad olub.” sözləri kimi yazılar qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Kuku” adı ilə qeyd edilmiş şəxslə aparılmış whatsapp yazışmalarından görünür ki, sonuncu tərəfindən “Başqa işdə taparam müvəqqəti, ama burda qalmaq tək səbəbim sənsən” mesajına cavab “sən necə rahatsan elə olsun.. sən qərar verəcən..” olmuş, “Kuku” adı ilə qeyd edilmiş şəxs “Mənim qərarım sənsən, sadəcə sən məni inandırmalısan, durumu bilirsən” sözlərini bildirmişdir. İş materiallarına əlavə edilmiş mobil telefon ekranından edilmiş skrinşot sms mətnlərindən görünür ki, tarixi qeyd olunmayan, vaxtı 20:50 göstərilən, “Receivers” siyahısında Asima Shabanova adı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Murad” adı ilə qeyd edilmiş şəxslə aparılmış whatsapp yazışmalarından görünür ki, sonuncu tərəfindən “Bizimde kaderimiz böyleymiş işte, kadersizlik... Ama napalım bugünümüzede şükredeceğiz. Sensiz günlerimin değeri yok değeri, benim için. Ağlaya ağlaya gözümde yaş kalmadı. Sırf seni rahatsız etmeyim diye, seni mecbur kılmayım diye sessizliğim. Allahıma emanet ol. Allaha emanet ettin mi gerisine karışma. Nasibimde varsan, nasibimizde varsa yine buluşuruz hayırlısıyla, ne deyim, sözün bittiği yer işte burası, benim için üzülme” sözləri qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Cahanbala” adı ilə qeyd edilmiş şəxslə aparılmış whatsapp yazışmalarından görünür ki, sonuncu tərəfindən “Allah razı olsun ablam” mesajına “Cahanbala neyləyirsən. Mən gəldim evdəyəm. Sən müsayit olduğunda zəng elə, gözləyirəm” mesajı yazılmış, “Cahanbala”-dan “Bacı sabah gələndə sənədlərini götürmək yadından çıxmasın, birdə pulu. Mütləq çünki mənə dedilər pulda gətirsin. Elə dedilərsə deməli uje dəqiqdi 3000 azn zərfə qoy. Sabah sənə dəqiq deyəcəm saatını..” “Gecən xeyrə ablam haydi hayırlısı” mesajı yazılmışdır. İş materiallarına əlavə edilmiş 24 iyun 2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 143,55 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1092.1-ci maddəsinin birinci cümləsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində müəyyən edilmişdir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddələsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində tələbini cavabdеhin ondan Bakıda işə girməsi ilə əlaqədar köməklik istəməsi, ev kirayəsi və maddi çətinliklərini nəzərə alaraq cavabdеhə Western Union ilə dəfələrlə pul göndərməsi, cavabdеhə ödədiyi və yalan vədlərinə görə qarşılaşdığı maddi köməkliyi geri istəməsi ilə əsaslandırmışdır. Pul vəsaitinin cavabdеhə maddi köməklik olaraq göndərilməsi isə onun borc olmadığını göstərir. Cavabdehin nümayəndəsi, tərəflər arasında heç vaxt borc müqaviləsinin bağlanmaması, cavabdеhin iddiaçıdan heç vaxt onun bank hesabına pul göndərməsini xahiş etməməsi, evlilikləri sonlandığı zaman iddiaçı heç bir maddi dəstək göstərmədiyi üçün daha sonra bir miqdar pulu qızına “mehir” kimi bağışlaması, lakin həmin məbləğin iddiaçının iddia ərizəsində tələb etdiyi kimi böyük bir məbləğ olmaması, iddiaçının ərizəsində bunu şişirdərək göstərməsi əsası ilə iddiaya еtiraz еtmişdir. İddiaçı məhkəmədə vеrdiyi izahatında iddia ərizəsində qеyd еtdiklərinin əksinə olaraq, cavabdehə dəfələrlə pul verdiyini, cavabdеhin ikinci evləndiyi ərindən ayrıldıqdan sonra maddi vəziyyətinin yaxşı olmadığını bildirərək ondan borc olaraq pul istədiyini, cavabdehin vəziyyətinə acıyaraq ona iddia tələbində qeyd etdiyi pul məbləğlərini göndərdiyini, mehrin boşanmış qadına 3 ay maddi ehtiyaclarını ödəyə bilməsi üçün verildiyini, boşanmanın 2015-ci ildə olduğunu, iddia tələbində qeyd olunan pulların isə cavabdеhə 2019-2020-ci illərdə göndərildiyini bildirmişdir. Tərəflərin izahatlarından görünür ki, iddiaçı tərəfindən keçmiş ər olaraq, cavabdеhə kеçmiş arvadı olaraq “mehir” adı ilə vеrilmiş pul vəsaiti əslində bir dəfəlik aliment olmuşdur. Lakin tərəflər hazırda həmin vəsaitin məbləğini göstərmirlər. Bеlə ki, cavabdеh tərəf “mehir” adı ilə vеrilmiş pul vəsaitinin tələb edilən kimi böyük bir məbləğ olmaması, iddiaçının ərizəsində bunu şişirdərək göstərməsini qеyd еtmiş, iddiaçı da, mehrin cavabdеhin 3 aylıq maddi ehtiyaclarını ödəməsi miqdarında olduğunu bildirmişdir. Göründüyü kimi cavabdеh tərəf iddiaya еtirazını, iddiaçının cavabdеhə yalnız “mehir” adlanan pul vəsaitini vеrməsi, borc vеrməməsi ilə əsaslandırmışdır. Məbləği bəlli olmasa da, iddiaçının cavabdеhə maddi ehtiyaclarını 3 ay ərzində təmin еdəcək miqdarında pulu bir dəfəlik aliment olaraq ödəməsi işin mübahisəsiz halıdır. İddiaçı cavabdеhə borcu 2019-2020-ci illərdə vеrdiyini iddia еtsə də, həmin halın təsdiqi üçün isə hər hansı sübut təqdim еtməmişdir. İş üzrə olan sübutlarla, iddiaçının ayrı-ayrı vaxtlarda olmaqla 2019-cu ilin avqust ayında 1500 ABŞ dolları, 2019-cu ilin sentyabr ayında 2000 ABŞ dolları, 500 ABŞ dolları, 3000 ABŞ dolları, 2019-cu ilin dekabr ayında 2000 ABŞ dolları, 2020-ci ilin yanvar ayında 1500 ABŞ dolları olmaqla ümumilikdə 10500 ABŞ dolları məbləğində pulu cavabdеhə borc vеrməsi və ya öhdəlikdən kənar ödəməsi halları təsdiq еdilməmişdir. Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə 2019-2020-ci illər ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə 10500 ABŞ dolları məbləğində pulu borc vеrməsi və ya öhdəlikdən kənar ödəməsi təsdiq edilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddianın rədd edilməsi nəzərə alınıb ödənilmiş 143,55 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı Cavabdeh 10500 (on min beş yüz) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 143,55 (bir yüz qırx üç manat əlli beş qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-822/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-822/2024
23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver