Məhkəmə qərarları › İş №e-2(033)-853/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-853/2025

24.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-853/2025 24.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2025 qeydiyyat tarixli çıxarışında qeyd edilmiş 0,8299 ha torpaq sahəsindən ona məxsus 0,46 ha hissəsinin yerdə qalan hissədən naturada ayrılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.8299 ha torpaq sahəsinin (5/9 hissə) 0,46 ha hissəsi onun payıdır. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. O, öz əmlakı barədə sərəncam vermək istəyir. Sözü gedən əmlak barədə sərəncam vermək üçün yuxarıda qeyd edilmiş torpaq sahəsinin cavabdehlərə düşən hissədən naturada ayrılmasını tələb edir. Lakin cavabdehlər torpağın bölünməsinə könüllü olaraq razılıq vermirlər və torpaq sahəsindən bütövlükdə istifadə edirlər. Onun mülkiyyət hüququ pozulur və o, mülkiyyətində olan torpaqdan istifadə edə bilmir. İddiaya əlavə etdiyi 18 saylı DƏRX-in mütəxəssisləri tərəfindən hazırlanmış bölgü planından da görünür ki, torpaq sahəsinin ona düşən hissəsinin naturada qalan hissədən ayırmaq mümkündür. Torpaq sahəsinin niyə həmin ərazidən bölünməsi sual olunarsa, bildirir ki, bölgü planında göstərilən, ayrılaraq cavabdehlərə qalacaq torpaq sahəsinə bitişik qonşuluqda Cavabdeh1 istifadəsində olan torpaq sahəsi vardır. Onun payına düşəcək hissədə isə o, fındıq ağacları əkmiş, həmin ağaclar cavan ağaclardır. İddiaçı 05 sentyabr 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,8299 ha torpaq sahəsindən ona məxsus 0,46 ha hissəsinin məhkəməyə təqdim etdiyi bölgü planında göstərilmiş qaydada yerdə qalan hissədən naturada ayrılması və ödənilmiş 100 manat dövlət rüsumunun, mütəxəssis rəyi üçün ödədiyi 96 manatın cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, naturada ayrılacaq torpaq sahəsində hər hansı bir tikili mövcud deyildir. Həmin ərazi çöl sahəsidir. Cavabdehlər onun qardaş və bacısıdır. Cavabdeh1 özünə düşən payı satmışdır. Digər Cavabdeh2 da Cavabdeh1 ilə birləşərək ona qarşıdırlar. O, payların naturada ayrılması tələbi ilə DƏDRX-ə müraciət etmiş, lakin cavabdehlər gəlmədikləri üçün o, məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, əvvəllər bacısı ilə onun təsərrüfatı bir olmuşdur. Lakin sonradan təsərrüfat analarının adına işlənmişdir. Mübahisələndirilən torpaq sahəsinə görə Çıxarışı özü almış və vergi borclarını da ödəmişdir. Torpaq sahəsindən iddiaçının ona və bacısına düşən paydan ayrılmasına etiraz etmir. 17 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, o ona düşən torpaq payının cavabdehə düşən hissədən naturada ayrılmasına etiraz etmir. Onlara məxsus torpaq sahəsində heç bir tikili yoxdur. O, özünə düşən torpaq sahəsindən istifadə etmir ona görə ki, qardaşları arasında mübahisə vardır. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Yazılı sübutlar Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0.8299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 3/9 hissə olmaqla Cavabdeh2, 5/9 hissə İddiaçı və 1/9 hissə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 258 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 17 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 0.8299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 5/9 hissə payın Cavabdeh1 payına düşən 1/9 hissədən və Cavabdeh2 payına düşən 3/9 hissədən ayrılaraq naturada bölünməsi mümkün olan variantı tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2025-ci il tarixli 10/6766 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,8299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylarına düşən hissədən ayrılmasının mülki iş materiallarına əlavə edilmiş bölgü sxemlərinə uyğun mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, bölgü sxemləri mülki iş materiallarının 60-64-cü səhifələrinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. 05 sentyabr 2025-ci il tarixli qəbzin surətindən görünür ki, 96 manat smeta xərci ödənilmişdir. 06 may 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və cavabdehlərin iddianı qəbul etmələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 0,8299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/9 hissəsi, yəni 0,2766 ha hissəsi Cavabdeh2, 5/9 hissəsi, yəni 0,4611 ha hissəsi İddiaçı və 1/9 hissəsi, yəni 0,0922 ha hissəsi Cavabdeh1 paylı mülkiyyətindədir. İş üzrə keçirilmiş ilkin məhkəmə tikinti-texniki ekspertiza üzrə ekspert və mütəxəssis rəyləri ilə iddiaçının torpaq sahəsindəki 5/9 hissənin yerquruluşu planına uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylərlə razılaşır və iddiaçının torpaq sahəsindəki 5/9 hissə payının cavabdehlər Cavabdeh1 1/9 hissə və Cavabdeh2 3/9 hissə paylarından naturada ayrılmasının mümkün olması barədə həmin rəylə müəyyən edilənləri işin hallarına uyğun sayır. Bundan başqa cavabdehlər məhkəmə iclasında iddianı qəbul etmişlər və mübahisələndirilən torpaq sahəsindən iddiaçının payına düşən hissənin onlara düşən hissədən ayrılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddia etirafının qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Beləliklə iddia təmin edilməli, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən tərəflərin paylı mülkiyyətində olan 0,8299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 5/9 hissə payı cavabdehlərə düşən hissədən naturada ayrılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, payın naturada ayrılması 17 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən 50 manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 96 (doxsan altı) manat smeta xərci və ödənilmiş 100 manat məbləğində rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 15 aprel 2025-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,8299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 5/9 hissə, cavabdehlər Cavabdeh1 payına düşən 1/9 hissə və Cavabdeh2 payına düşən 3/9 hissədən ayrılsın. İddiaçının payının naturada ayrılması, 17 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və 96 (doxsan altı) manat smeta xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar