Məhkəmə qərarları › İş №e-2(033)-95/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-95/2024

18.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-95/2024 18.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baxan eyvanının hasarlanması üçün istifadə edilmiş barmaqlıqların sökülərək həmin hissənin mişar daşı ilə hasarlanması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin eyvanının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğundakı dəmir barmaqlığın sökülərək həmin hissənin divarla eyni səviyyədə məsafə saxlamadan kubik daşla (mişar daşı) və sementlə cavabdehin hesabına hörülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Zaqatala rayonu Çökəkoba kəndində xüsusi mülkiyyətində 0,0386 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində özü yaşadığı evi vardır. Qonşuluğunda yerləşən torpaq sahəsində Cavabdeh yaşadığı tikili vardır, hansı ki, həmin tikilinin açıq eyvanı onun həyətinə baxdığı, həmin eyvandan həyətini maneəsiz müşahidə etdiyi, həmin eyvanda hər gün müxtəlif tədbirlər keçirib onun həyətinə müxtəlif tullantı məhsulları atdığı üçün, həmçinin həmin eyvanda axşamlar ucadan səs-küy saldıqları üçün eyvanın onun həyətinə baxan hissəsinin cavabdehin hesabına bağlanılması tələbinə dair Zaqatala rayon Məhkəməsində iddia qaldırmışdır. İddia təmin olunmuş, lakin iş icra mərhələsinə gəldikdə mülki iş onun istədiyi kimi icra olunmamışdır. Ona görə ki, həmin eyvanın nə ilə bağlanması onun iddiasında və məhkəmə qətnaməsində dəqiq göstərilməmişdir. Bu səbəbdən də o, yenidən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalaraq sözügedən eyvanın cavabdehin hesabına dəmir barmaqlıq hissəsinin sökülməsi və həmin hissənin kubik (mişar daşı) və sementlə hörülməsinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Xüsusi olaraq qeyd etmək istərdi ki, əvvəli iddiası üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyində Cavabdeh inşa etdiyi və yaşadığı tikilinin inşası zamanı qanunvericilik normalarına əməl olunmaması və qanunvericiliyin tələblərinin pozulması qeyd olunmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçının mülkiyyətində olan tikilinin eyvanının onun torpağına baxan hissəsinin məsafə saxlanılmadan başa qədər hörülməsini istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, həmin eyvanın iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsi məhkəmə qətnaməsinə əsasən artıq bağlanıb, bağlanmanın hansı qaydada aparılması tələbi artıq əsassızdır. Qonşu təsirinə dözmək tələbi də bunu ehtiva edir. Əlavə olaraq bildirir ki, torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Şəxs orada tikili inşa etdikdə nəzərə almalı idi ki, həmin təyinatlı torpaq sahəsi üzərində tikili inşa etmək olmaz, bu həm iddiaçı, həm də cavabdehə aiddir. Buna görə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********49 olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xüsusi mülkiyyət kimi tam pay olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-ci il tarixdə Cavabdeh hüquqları rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********82 olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) təyinatlı torpaq sahəsi üzərində xüsusi mülkiyyət kimi tam pay olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018ci il tarixdə İddiaçı hüquqları rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı X3 tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilidə inşa edilmiş eyvanın tikinti norma və qaydalarına uyğun olub-olmaması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Ədliyya Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli 10/6511 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilmədiyi müəyyən olunur. Mübahisə predmeti olan tikilinin inşası zamanı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci maddələrinin tələblərinin pozulduğu müəyyən olunur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia təmin edilərək, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsi ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh hesabına bağlanması, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və cavabdehin öz torpaq sahəsinin hasarlaması tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh-iddiaçı Cavabdeh məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməklə yanaşı, həmin tikilidən iddiaçı-cavabdeh İddiaçı məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru açılmış açıq eyvan iddiaçı-cavabdeh İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(033)-38/2023 nömrəli qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(033)- 21/2023 nömrəli icra sənədinin izah edilməsi barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ərizəsi təmin edilməmişdir. Həmin qərardadda yer alan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahatından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023-029 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası zamanı borclu Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsinin borclu Cavabdeh tərəfindən tend ilə bağlanıldığı müəyyən edilmişdir. 13 dekabr 2023-cü il tarixli yerində baxış keçirilməsi haqqında protokoldan görünür ki, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh məxsus torpaq sahəsi üzərində yerləşən tikilinin eyvanı dəmir barmaqlıqlarla hasarlanmış və üzərinə polietilen materialından olan ağ rəngdə örtük çəkilmiş, barmaqlıqların yan hissələri isə açıq vəziyyətdə saxlanılmış və həmin hissələrdən cavabdehə iddiaçıya məxsus torpaq sahəsini sərbəst şəkildə müşahidə etmək imkanı yaranır. Cavabdehə məxsus tikilinin iddiaçıya məxsus torpaq sahəsinin tam sərhədində tikilməsi nəzərə alındığı halda eyvanın iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsinin hasarlanması üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar yerləşməsinə görə 30-39 santimetr həcmində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəddini keçir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 172.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları 4.1-ci maddəsinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2-ci maddəsinə əsasən şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıqtikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinə qonşu ərazidə Cavabdeh məxsus 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsi üzərində cavabdehə məxsus tikili mövcuddur. Tikilinin eyvanının bir hissəsinin iddiaçının mülkiyyətində olan 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxması İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozduğundan və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirildiyindən Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsinin Cavabdeh hesabına bağlanması qət edilmişdir. Həmin qətnamənin icrası olaraq Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş tikilinin dəmir barmaqlıqlarla hasarlanmış eyvanının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsini polietilen materialından olan ağ rəngdə örtüklə (tend) bağlamışdır. Lakin dəmir barmaqlıqların yan hissələri açıq vəziyyətdə saxlanmış və həmin hissələrdən Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini sərbəst şəkildə müşahidə etmək imkanı mövcuddur və eyvanın hasarlanması üçün istifadə edilmiş barmaqlıqların da 30-39 santimetr həcmində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəddini keçməsi aşkar edilmişdir. İddiaçı iddia tələbi ilə müraciət edərək Zaqatala rayonu Çökəkoba kəndində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin eyvanının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğundakı dəmir barmaqlığın sökülərək həmin hissənin divarla eyni səviyyədə məsafə saxlamadan kubik daşla (mişar daşı) və sementlə cavabdehin hesabına hörülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsinə və yenidən sübut edilməməsinə dair müddəasına əsaslanaraq qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə məhkəmə Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxmasını İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozulması kimi müəyyən etdiyindən və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirildiyindən qeyd edilən halların sübut edilməsi zərurətini aradan qaldırmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli 10/6511 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh-iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikili torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilməklə yanaşı şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət edilmədən və icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidmətinin rəyi alınmadan inşa edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin açıq eyvanından İddiaçı mülkiyyətində olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi kimi istifadə olunan tikili və onun içərisi tamamilə görünür və bu iddiaçının haqlı narazılığına səbəb olur. İddiaçı tərəfindən Cavabdeh həmin pəncərənin bağlanması tövsiyyə edilmiş və bununla bağlı dəfələrlə Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən tövsiyyə nəzərə alınmamışdır. Yuxarıda qeyd edilmiş hüquq normalarının məzmunundan da göründüyü kimi daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməli, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, eyni zamanda hüququ əhəmiyyətsiz dərəcədə pozulursa bununla bağlı qonşu təsirinə dözməlidirlər. İş materiallarından müəyyən olunur ki, Cavabdeh məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməklə yanaşı, həmin tikilidən İddiaçı məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru açılmış açıq eyvan İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidir. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin zəruri həddə bağlanmaması səbəbindən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə hədsiz təsiri davam edir və Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qətnaməsinin qəbul edilərək icra edilməsi bu müdaxiləni aradan qaldırmaq üçün yetərli vasitə olmamışdır. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qətnaməsi iddiaçı X4 tələbi əsasında çıxarıldığından və həmin tələbdə eyvanın bağlanma üsulu ilə bağlı tələb yer almadığından qətnamənin mövcudluğu müdaxilənin qarşısını almağa kifayət etməmişdir. Məhkəmə eyni zamanda, cavabdeh tərəfin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması, orada yaşayış evi tikilməsinin nəzərdə tutulmadığı barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,0386 hektar torpaq sahəsinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində yerləşən, gözlənilən mülkiyyət hüququ olan tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ vardır. Həmin ev tikildiyi vaxtdan etibarən iddiaçı orada yaşamışdır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, iddiaçının ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi İddiaçı həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Bundan əlavə iddiaçıya məxsus torpaq sahəsində baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdehə məxsus tikili onun öz mülkiyyətində olan torpaq sahəsi üzərində, cavabdehlə iddiaçıya məxsus torpaq sahələrinin tam sərhəddində tikilməsinə baxmayaraq, həmin tikilinin eyvanının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsinin hasarlanması üçün istifadə edilmiş barmaqlıqlar cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədini 30-39 santimetr həcmində keçmiş və həmin barmaqlıqlar faktiki olaraq İddiaçı mülkiyyətində olan 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilinə düşür. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli 10/6511 nömrəli ekspert rəyi ilə Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan cavabdeh-iddiaçı Cavabdeh məxsus 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı-cavabdeh İddiaçı tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı-cavabdeh İddiaçı Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. O, cavabdeh-iddiaçı Cavabdeh məxsus 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsini zəbt etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ vardır. Qeyd olunanlar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı tərəfindən cavabdeh-iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istifadə edilmədiyindən qarşılıqlı iddia ərizəsi iddiaçı-cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsinin cavabdeh-iddiaçı Cavabdeh qaytarılması hissəsində təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin cavabdehin öz torpaq sahəsini hasarlamasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tələbin bu hissəsi qarşılıqlı iddia tələbinin ilk hissəsi ilə əlaqəli olduğundan iddia tələbi qeyd edilən hissədə də əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qeyd edtmişir ki, Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı-cavabdeh İddiaçı mülkiyyətindədir və onun öz əmlakına istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ var. Bu hüquqlarından istifadə etməsində heç bir şəxsə, o cümlədən, cavabdehə məhdudiyyət və ya qadağa qoyula bilməz. İşin hallarından və yerində müayinə protokolundan da görünür ki, iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsi hazırki vəziyyətdə hasarlanmışdır. Cavabdeh isə iddiaçının zəbt etdiyi torpaq sahəsindən çıxarılaraq yenidən torpaq sahəsini hasarlamasını xahiş edir. Məhkəmə də hesab etmişdir ki, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh məxsus torpaq sahəsini zəbt etmədiyindən torpaq sahəsinin hasarlanması tələbi də əsaslı sayılıb təmin edilə bilməz. Bu hallar məhkəmə tərəfindən Cavabdeh İddiaçı məxsus 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qəsd kimi qiymətləndirilir və məhkəmə iddia tələbini ümumi dəyərləndirərək hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qəsdinin və hədsiz təsirinin qarşısının alınması məqsədi ilə Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilinin eyvanının İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğunda olan dəmir barmaqlıqlar sökülərək həmin hissə divarla eyni səviyyədə məsafə saxlanılmadan mişar daşı və sementlə cavabdehin hesabına hörülməlidir. İddiaçı tərəfindən tələb edilmədiyindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilinin eyvanının İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğunda olan dəmir barmaqlıqlar sökülərək həmin hissə divarla eyni səviyyədə məsafə saxlanılmadan mişar daşı (kubik daş) və sementlə Cavabdeh hesabına hörülsün. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar