Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-566/2024 04.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdim: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən “Geely Coolray” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1730 manat məbləğində dəymiş zərər, 37.30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmətinin alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Corolla” markalı ** DT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Geely Coolray” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “Geely Coolray” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirilmişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitələrinin yol nəqliyyat nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, “Geely Coolray” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 6730 manat müəyyən olunmuşdur. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Geely Coolray” markalı, 90 UB dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 6730 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 6730 manat məbləğində sığorta ödənişi-icbari sığorta növü üzrə 5000 manat məbləğində və könüllü sığorta növü üzrə isə 1730 manat olmuşdur. İş materiallarına əlavə olunmuş İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi ”Toyota Corolla” markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol- nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyindən AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilindiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh təqsirli olduğu üçün tərəfindən idarə olunan “Toyota Corolla” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortalamış sığortaçı "xxxx" Sığorta Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 5000 manat məbləğini İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ödəmişdir. Ödənişin qalan hissəsi isə 1730 manat məbləği Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. İş materiallarına əlavə olunmuş Fiziki şəxslərin avtomobil nəqliyyatı vasitələrinin və üçüncü şəxs qarşısında mülk məsuliyyətinin sığorta şəhadətnaməsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Geely Coolray” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində könüllü sığorta növü ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh təqsirli olması Sabunüu rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Hesab edirlər ki, 1730 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nəqliyyat vasitələrinin yol nəqliyyat nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, “Geely Coolray” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 6730 manat müəyyən olunmuş, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Geely Coolray” markalı, 90 UB dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 6730 manat məbləğində sığorta ödənişini həyata keçirmiş, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 6730 manat məbləğində sığorta ödənişi-icbari sığorta növü üzrə 5000 manat məbləğində və könüllü sığorta növü üzrə isə 1730 manat olmuşdur. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi ”Toyota Corolla” markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol- nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyindən AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 49 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Eyni Məcəllənin1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Eyni Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, hesab edirəm ki, iddiaçı cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini ödədiyi miqdarda tələb etmək hüququna malikdir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 1730 manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 37.30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 37.30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 1730 manat məbləğində dəymiş zərər, ödənilmiş 37.30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-566/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-566/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver