Məhkəmə qərarları › İş №e-2(035)-753/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-753/2024

20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-753/2024 20.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 20 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyana görə 3700 (üç min yeddi yüz) manat məbləğində pulun reqres qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin yanvar çağırışında Zərdab rayon çağırış komissiyasının tərkibinə cəlb olunmuş həkim mütəxəssislərin səhv rəyi əsasında X6 barəsində müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında qərar qəbul edilərək ümumi əsaslarla həqiqi hərbi xidmətə göndərilmiş, müəyyən müddət xidmət etdikdən sonra o,xx.xx.2014-cü ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək ona “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi. 15, 16 və 24-cü dişlərin kariyesi. Xroniki qastroduedonit, remissiya mərhələsində. Veqetativ damar distoniyası. Soltərəfli 2-ci dərəcəli varikosele. Ümumi xəstəlikdir” diaqnozu təyin olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2 “b” maddəsinin 2-ci qrafasına uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız,müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyyata buraxılmışdır.Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılmış və qeyd olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 öz vəzifələrinə laqeyd yanaşması və tibbi müayinəni düzgün həyata keçirməməsi nəticəsində X6 2014-cü ilin yanvar çağırışında faktiki olaraq hərbi xidmətə yararsız olduğu halda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd olaraq müddətli həqiqi hərbi xidmətə çağırılmış və onun qanunla qorunan hüquq və mənafelərinə zərər vurulmuşdur.X6 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – Xidmət) Zərdab rayon bölməsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyan kimi 2700 (iki min yeddi yüz) manat, mənəvi ziyan kimi 5000 (beş min) manat olmaqla cəmi 7700 (yeddi min yeddi yüz) manat pulun ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarı ilə iddiaçı X3 iddiası qismən təmin edilmiş, Xidmətin Zərdab rayon bölməsi tərəfindən 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanın iddiaçı X4 ödənilməsi qərara alınmışdır.Həmin qərardan Xidmət tərəfindən apellyasiya və kassasiya şikayəti verilsə də qərar dəyişdirilmədən saxlanılmışdır.Məhkəmə qərarı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndi (məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir) nəzərə alınmaqla Xidmət tərəfindən icra olunmuş və bununla da həkimmütəxəssislər Cavabdeh1 və Cavabdeh2 tərəfindən X6 barəsində verdiyi yalnış rəy nəticəsində Xidmətə ümumilikdə 3700 (üç min yeddi yüz) manat məbləğində zərər dəymişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaların rəhbər tutaraq Cavabdeh1 və Cavabdeh2 adı çəkilən şəxs barəsində verdiyi yalnış rəy nəticəsində Xidmətə dəymiş zərəri 1 (bir) ay müddətində təqdim olunmuş bank hesabına (bank rekvizitləri əlavə olunur) ödənilməsinə dair xx.xx.2024-cü il tarixli 3-43-96/1-İ/13/2024 nömrəli məktub ünvanlanmışdır. Lakin 1 (bir) aydan çox müddətin keçməsinə baxmayaraq cavabdehlər dəymiş ziyanı ödəməmişdir.Buna əsasən məhkəmədən dəymiş ziyana görə 3700 (üç min yeddi yüz) manat məbləğində pulun reqres qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xidmətin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş məhkəmə icraatında olan zaman iddiaçı məhkəməyə “İddia tələbinin dəqiqləşdirilməsinə” dair ərizə ünvanlayaraq “Dəymiş ziyana görə 3700 (üç min yeddi yüz) manat məbləğində pulun reqres qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir”. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun ifadə verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki,2011-ci ildən 2020-ci ilə kimi Zərdab rayon Çağırış Komissiyasının üzvühərbi həkim komissiyasının sədri olmuşdur.Qeyd etmişdir ki, o komissiya sədri olduğu üçün çağrışçı X5 şəxsən yoxlamamış yalnız komissiya üzvü olan həkimlərin rəyləri əsasında “çağırış kartasına” qol çəkmişdir.Məhkəmənin diqqətinə çatdırır ki,çağrışçılar hərbi hissə tərəfindən qəbul edilərkən də rentgen müayinəsindən keçirilir və çağrışçıda vərəm xəstəliyi aşkar olunduqda geri qaytarılır.Diqqətə layiq haldır ki,X6 hərbi hissəyə qəbul olunmuşdur.Bu onu göstərir ki,çağrışçı həmin vaxt vərəm xəstəsi olmamışdır. Buna əsasən hesab edir ki,iddia əsassızdır lakin qeyd edir ki,əgər iddiaçı hesab edirsə ki,onun səhvi nəticəsində xidmətə maddi zərər dəymişdirsə həmin dəymiş zərəri hissə-hissə ödəməyə hazırdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən digər Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək göstərmişdir ki,iddianı qismən qəbul edir. İddiaçıya dəymiş maddi ziyanı hissə-hissə ödəməyə hazırdır. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli № 2-1(102)-606/2024 nömrəli qərarından müəyyən olunur ki, X3 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarı ilə qismən təmin edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin üzərinə 2700 manat məbləğində maddi ziyan,1000 manat məbləğində mənəvi ziyanın X4 ödənilməsi öhdəliyi qoyulmuşdur. Qərardan verilən şikayətlər təmin olunmamışdır. İşdə olan Hərbi Prokrorluğun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru ədliyyə polkovnik leytenantı X1 tərəfindən 02 iyun 2015-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan müəyyən olunur ki, Zərdab rayon Çağırış Komissiyasının üzvü-hərbi həkim komissiyasının sədri Cavabdeh1 və həkim-fitiziatr Cavabdeh2 əməllərində cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanması rədd olunur lakin həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmaları üçün müvafiq təqdimat verilməsinə dair məsələ qaldırılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki,X4 3700 manat pul ödənilmişdir. İşdə olan məktubdan müəyyən olunur ki,iddiaçı cavabdehlərə rəsmi məktub göndərərək ona dəymiş maddi zərərin ödənilməsini tələb etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli № 3-43/2-1828/2024 nömrəli etibarnamədən müəyyən olunur ki,Nümayəndə2 iddiaçının nümayəndəsidir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə,məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, X6 2014-cü ilin yanvar çağırışında Zərdab rayon Çağırış komissiyasının hərbi-həkim komissiyasında şəhadətləndirilərək hərbi xidmətə yararlı bilinmiş və müddətli həqiqi hərbi xidmətə yola salınmışdır. Müəyyən müddət xidmət etdikdən sonra o,xx.xx.2014-cü ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək ona “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi. 15, 16 və 24-cü dişlərin kariyesi. Xroniki qastroduedonit, remissiya mərhələsində. Veqetativ damar distoniyası. Soltərəfli 2ci dərəcəli varikosele. Ümumi xəstəlikdir” diaqnozu təyin olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2 “b” maddəsinin 2-ci qrafasına uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız,müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. Sonradan məhkəmə qərarı əsasında çağrışçıya dəymiş maddi və mənəvi ziyana görə iddiaçı tərəfindən X4 3700 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarında olan Hərbi Prokrorluğun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru ədliyyə polkovnik leytenantı X1 tərəfindən tərtib olunmuş 02 iyun 2015-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edir ki, onlar çağrışçının xəstəliyini diqqətlə öyrənməmiş və nəticədə çağrışçı 2014-cü ilin yanvar çağırışında faktiki olaraq hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə yola salınmışdır.Cavabdehlərin əməllərində cinayət tərkibi olmasada lakin onların intizam məsuliyyətinə cəlb olunmaları üçün müvafiq təqdimat verilməsinə dair məsələ qaldırılmışdır.Prokrorluğun qərarı onu deməyə əsas verir ki,cavabdehlər vəzifə öhdəliklərini həyata keçirərkən səhv nəticəyə gəlmiş və bununlada üçüncü şəxsə maddi və mənəvi ziyan vurmuşdular. Üçüncü şəxs özünə dəymiş maddi ziyanı məhkəmə qaydasında tələb etdiyindən və iş üzrə qəbul olunmuş qərar qanuni qüvvəsini aldığından məhkəmə hesab edir ki,hazır ki,iş üzrə reqres qaydası tədbiq olunmalı və üçüncü şəxsə ödənilmiş pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 3700 (üç min yeddi yüz) manat pul müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar