Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-848/2025 13.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə Açar sözlər: (Pul tələbi) X4 Elxan oğlunun sədrliyi, Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 13 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.200 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 120,60 manat məbləğində vəsaitin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 vasitəçiliyi ilə Cavabdeh 6000 ABS dolları, yəni 10200 manat məbləğində borc pul vermişdir. O, 1-ci qrup əlil olmaqla 4-cü dərəcəli xərçəng xəstəsidir. O, cavabdehə borc verərkən cavabdeh özünü sahibkar kimi təqdim etmiş və ondan aldığı pul borcunu 20 gün ərzində geri qaytaracağına söz vermişdir. Cavabdeh ona inandıraraq borcunun qaytarılmasının təminatı məqsədilə özünə məxsus olan mənzilin çıxarışını və istifadəsində olan avtomobilini borcunu qaytarılana qədər onda qalacağını xahiş etmişdir. Bir müddət keçdikdən sonra cavabdeh ondan avtomobilini yalnız axşam saatlarında idarə etməsi üçün verilməsini xahiş etmişdir. Cavabdeh borcunu qısa müddət ərzində qaytaracağına söz versə də, lakin, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və borcunun qaytarılmasından yayınmışdır. İddiaçı isə Bakı Şəhəri Nəsimi Rayon 19-cu Polis Şöbəsinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı cavabdeh izahat verərək iddiaçıdan 10200 manat məbləğində borc pul aldığını etiraf etməklə, aldığı pulu qaytaracağına söz vermişdir. Lakin, cavabdeh ondan aldığı pulu qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışlar. Dəfələrlə cavabdehdən ona borclu olduğu 10200 manat pulu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ona 10200 manat məbləğində pul vermişdir. O, iddiaçıya borclu olduğu 10200 manat pulu faizlə birlikdə X1 vasitəsilə iddiaçıya qaytarmışdır. Lakin, iddiaçıya olan borcunun qaytarılması ilə əlaqədar heç-bir sübutu yoxdur. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət etmiş İddiaçı izahatından görünür ki, o, 2025-ci ilin fevral ayında Vüsal adlı maklerə 4000 manat pul borc vermişdir. Bir ay sonra Vüsal Ceyhun adlı bir şəxslə iş yerinin yanına gələrək evinin çıxarışını girov qoymaqla 20 gün ərzində qaytarmaq şərtilə yenidən ondan 11000 manat pul almışlar. İş materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət etmiş Cavabdeh izahatından görünür ki, İddiaçı ona 10200 manat məbləğində pul verdiyini, o, isə İddiaçı borclu olduğu 10200 manat pulu Vüsal vasitəsilə qaytardığını bildirmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 120.60 manat dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, İddiaçı Cavabdeh 10200 manat məbləğində borc pul vermişdir Cavabdeh borcu qısa müddət ərzində qaytaracağına söz versə də, lakin, öz öhdəliyini yerinə yetirməmiş və borcunu qaytarılmasından yayınmışdır. İddiaçı bu barədə Bakı Şəhəri Nəsimi Rayon 19-cu Polis Şöbəsinə müraciət etmiş və iddiaçının müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı cavabdeh iddiaçıdan 10200 manat məbləğində borc aldığını etiraf etməklə, aldığı pulu qaytaracağına söz vermişdir. Lakin, cavabdeh iddiaçıdan aldığı pulu qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul edərək həqiqətən iddiaçıdan pul aldığını, lakin, qohumu Vüsalın vasitəsilə pulu iddiaçıya qaytardığını bildirsədə, bu barədə məhkəməyə heç-bir sübut təqdim edə bilməmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını, həmçinin cavabdehin iddianı qəbul edərək etiraf etməsinə dair izahatını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən iddia təmin edildikdə çəkilmiş məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 120.60 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 10200 manat və ödənilmiş dövlət rüsumuna görə 120.60 manat, cəmi 10320.60 (on min üç yüz iyrimi manat, altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-848/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-848/2025
13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver