Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-321/2025 19.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən ümumilikdə 33000 manat məbləğində pulun və onun bir illik 5 faiz dərəcəsi ilə hesablanaraq 1650 manat və hazırki iddianı qaldırmaq üçün ödədiyi 190 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən ümumilikdə 33000 manat məbləğində pulun və onun bir illik 5 faiz dərəcəsi ilə hesablanaraq 1650 manat və hazırki iddianı qaldırmaq üçün ödədiyi 190 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Belə ki, iddiaçı Bakı şəhər, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən “Gözəllik” salonunda müdir işləyir. Həmin salonda xadimə kimi fəaliyyət göstərən cavabdeh ilə təxminən 7 (yeddi) ildir ki, bir birilərini tanıyırlar. Bu müddət ərzində iddiaçı ilə cavabdeh arasında səmimi dostluq münasibəti yaranmışdır. Cavabdeh dəfələrlə iddiaçıdan borc adı ilə pul almış və qaytardığına görə iddiaçıda ona inamı olmuşdur. Belə ki, dəfələrlə ehtiyacı olan zaman müraciət etmiş və istidəyi məbləği iddiaçı ona vermişdir. Qardaşının və oğlunun işləri və səhhəti ilə bağlı müxtəlif vaxtlarda aldığı pulu qaytarmışdır. 2023-cü ilin sentyabr ayında iddiaçı, “Yelow” bankdan kreditə pul götürmüşdür. Bu pulun götürülməsindən cavabdehin də məlumatı olmuşdur. Lakin həmin vaxt iddiaçı pulu lazım olan ehtiyacı üçün xərcləməmiş və pul onda qalmışdır. Cavabdeh də iddiaçıya ona təcili pul lazım olduğunu bildirərək ona borca pul verməsini xahiş etmişdir. Dəfələrlə aldığı pulu qaytardığına görə və aralarında artıq səmimi münasibət inam olduğuna görə hissə-hissə ümumilikdə 55000 manat məbləğində pulu iddiaçı cavabdehə vermişdir. Həmin puldan hissə hissə müvafiq ödəniş ödənilmişdir. Cavabdeh ilk olaraq 13390 manat qaytarmış, daha sonra isə qaytarmadıqda iddiaçı polisə şikayət etmiş və 3010 manat pul bundan sonra iddiaçıya geri qaytarmışdır. Eyni zamanda həmin dövrdə lotareya oyununa qoşulmuş və 5600 manat məbləğində pulu da iddiaçıya ödəmişdir. Hal-hazırda ödənilməyən ümumi borc 33000 manatdır. Polisə şikayət edilərkən Cavabdeh iddiaçıdan aldığı pulun Şahid Yengivar qızına verdiyini bildirmişdir. Lakin iddiaçı pulu cavabdehə verdiyini bildirmişdir. Hətta izahatı alınmış Şahid da məhz cavabdehdən pulu aldığını etiraf edir. Yəni cinayət işinin başlanmasının rədd olunması haqqında 03 sentyabr 2024-cü il tarixli qərarından da görünür ki, cavabdeh ümumilikdə iddiaçıdan 55000 manat məbləğində pul almışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qeyd olunan məbləğləri hissə-hissə Nəzakətə vermişdir. Nəzakətin ondan aldığı pulları kimə verdiyindən məlumatı olmamışdır. Pulu verdiyi şəxslərə onun adından nə deyib, ona cavabdeh deyildir. Bir neçə dəfə Nəzakət ona zəng edərək bildirmişdir ki, bir neçə nəfərə pul vermişdir. Həmin adamlar pulu qaytarmır, onu incidir. Ondan xahiş etmişdir ki, ona səs göndərsin. O da həmin səsi pulu verdiyi adamlara göndərsin ki, pulu verdiyi şəxslər səsin pulun sahibinə məxsus olduğunu bilib aldıqları pulu qaytarsınlar. O da köməyi dəyməsi məqsədi ilə səs göndərmişdir. Şahid X1 evinin satmasının ona heç bir aidiyyatı yoxdur. Nəzakət ona bildirəndə İsmayıl evini satıb borcunu vermək istəyir, ona bildirmişdir ki, 5000 manat borca görə evi satmazlar. Nəzakət bildirmişdir ki, onların başqa problemləri var. Evi ona görə satır. Satıb pul əldə etdiyi üçün borcunu da bağlamaq istəyir. Şahid göstərdiyi 17000 manat pulun haradan yarandığını bilmir. Bu söhbəti indi eşidir. Bunun da onların mübahisəsinə aidiyyatı yoxdur. Bundan başqa Sülhiyyənin göstərdiyi 10000 manatla bağlı məsələ isə 2-3 il əvvələ aiddir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, borc müqaviləsini üzərinə külli miqdarda faiz məbləği hesablanmışdır. Şahid X2 ifadəsində göstərmişdir ki, 9700 manata qarşı 32000 manat pul ödəmişdir. İddiaçı tərəfindən göndərilmiş səs yazısında da borcu faizlə birlikdə qaytarması qeyd olunmuşdur. Pulun fazilə verilməsi sübhə doğurmur. Çünki iddiaçı maddi marağı olmadan bu qədər pulu hüquqlarını müdafiə etdiyi şəxsə verməsi inandırıcı deyil. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bankdan şəxsi ehtiyacları üçün pul götürmüşdür. Lakin cavabdeh ondan xahiş etdiyindən öz işini təxirə salıb pulu ona vermişdir. Buradan da məlum olur ki, şəxsi ehtiyacları üçün bankdan pul götürən şəxs öz ehtiyaclarını həll etmədən pulu heç bir qohumluq münasibəti olmayan adama verməz. Belə qənaətə gəlinir ki, pulu verməkdə məqsəd maddi gəlir əldə etmək olmuşdur. Cavabdehin bildirdiyinə görə özünün və qohumlarının iddiaçıya qaytardığı pullar 200000 manatdan artıqdır. Həmin pulun əksəriyyəti faizə hesablanmış pullardır. Qeyd olunanlardan məlum olur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla xeyli miqdarda gəlir əldə etmişdir. Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 24-cü fəsli iqtisadi sahədə olan cinayətdir. Həmin Məcəllənin 192-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədilməsi cinayət əməlidir və belə cinayətin törədilməsində müvafiq cəzalar nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsində eyni əməllər külli miqdarda ziyan vurduqda, külli miqdarda gəlir əldə etməklə törədildikdə və mütəşəkkil dəstə tərəfindən törədildikdə daha ağır cəzalar nəzərdə tutulur. Hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi lisenziya tələb olunan sahələrdə lisenziya alınması üçün qeydiyyatdan keçməklə lisenziya aldıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. İddiaçı həmin fəaliyyətlə məşğul olmuş, lakin həmin fəaliyyətlə məşğul olmaq üçün lisenziya almamışdır. Bu da Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 192-ci maddəsinin tərkibini yaradır. Hüquqlarını müdafiə etdiyi şəxs dəfələrlə qeyd etmişdir ki, aldığı məbləği artıqlaması ilə qaytarıb. Ziddiyyətli bir məqamı bildirmək istəyir. İddiaçı göstərir ki, cavabdeh kart vasitəsilə 6000 manat, lotereya oyunları və nağd şəkildə ona 15400 manat pul qaytarıb. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən də məlum olmuşdru ki, cavabdeh tərəfindən 21335 manat pul ödənilmişdir. Məhkəmə iclasları zamanı məlum olmuşdur ki, cavabdeh 2021-ci il tarixdən özü və yaxın qohumları üçün ehtiyacları olduğuna görə pul götürmüşdür. Bu proses 2025-ci ilin fevral ayınadək davam etmişdir. Buradan görünür ki, iddiaçı mütəmmadi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı iddia etdiyi 33000 manat pulu harada, hansı sənədlər vasitəsilə verməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin pullar müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə verilmiş və eyni qaydada da geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Ona görə də iddiaçı cavabdehdən tələb etdiyi məbləği konkret sübutlarla təsdiq etməli olduğu halda edə bilməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd edir ki, pulları borc vermişdir. Lakin Azərbaycan Respublikası Mülki Məsəlləsinin 739.2-ci maddəsində konkret olaraq göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bununla da iddiaçı tərəfindən qanunun tələblərinə əməl olunmamışdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddiaçıdan müxtəlif vaxtlarda pul aldığını, həmin məbləğlərin ümumumilikdə nə qədər olmasını bilmədiyini, lakin aldığı məbləğləri iddiaçıya qaytardığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, İddiaçı faizlə pul götürmüşdür. Faizi ilə birlikdə götürdüyü pulu ödəmişdir. Uşağı olmadığından süni mayalanma etmək üçün Nəzakətdən pul götürmüşdür. Dəfələrlə 6-12 faizlə 3000-4000 manat pul götürmüşdür. Faizlə pul götürdüyünü ərindən gizlətmişdir. Ərindən qorxduğu üçün, Nəzakət Samirənin pulunu qaytarmasalar onlara zərər yetirəcəyini dediyindən xx.xx.2024-cü il tarixdə pulu ödədikdən sonra sirkə içmiş, intihar etmək istəmişdir. Nəzakət onu xilas etmişdir. Pulu, faizi ödəmək üçün Samirə ona hədə-qorxu gələrək təhdid etmişdir. Pulu ödəmək üçün başqa şəxslərdən qızıl əşyaları götürüb satmışdır.
7. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, ehtiyacı olduğundan Nəzakətin vasitəsilə İddiaçı faizlə pul götürmüşdür. 2023-cü il tarixədək hər ay 870 manat faiz ödəmişdir. Daha sonra Nəzakət Samirənin narazılığı olduğunu bildirmiş və pulu ödəməyini demişdir. O da məcbur olub evini satıb 5000 manat pulu Samirəyə qaytarması üçün Nəzakətə vermişdir. 2023-cü il tarixdən cari ilin fevral ayınadək hər ay iddiaçıya 200 manat pul ödəyir. Pulu hər ay Samirənin kartına atır.
8. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, cavabdeh anasıdır. Götürülmüş pullardan məlumatı olmamışdır. Sonradan bilmişdir ki, anasının vasitəsilə pul götürülmüş, lakin ödənilməmişdir. Bu səbəbdən də, iddiaçı ilə anası arasında mübahisə yaranmışdır. Həmin pulları o ödəmişdir. 10000 manatdan artıq pul ödəmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Cavabdeh təqdim etmiş olduğu qəbzlərə baxış zamanı müəyyən edilmişdir ki, həmin qəbzlərdə ümumilikdə 18350 manat pul müxtəlif kartlara yüklənmişdir.
13. Ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilmişdir.
14. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
16. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləğ vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
17. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, cavabdeh veridiyi izahatında iddiaçının ona 46500 manat pul verdiyini etiraf etmişdir.
18. İddiaçı cavabdehə 55000 manat verdiyini bildirməklə həmin borcdan qalan 33000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.
19. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehə 55.000 maanat pulun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, cavabdeh ona iddiaçı tərəfindən pulun verildiyini bildirdiyindən eyni zamanda cavabdeh həmin məbləğin 46500 manat hissəsini polis orqanında araşdırma aparılarkən etiraf etdiyindən bu hal əks tərəfi göstərilən məbləğin verilməsi üzrə sübut etmə vəzifəsindən azad edir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
21. Qalan 8500 manat məbləğində pul vəsaitini cavabdehə verməsi barədə hər hansı bir sübutu iddiaçı məhkəməyə təqdim etməmiş, eyni zamanda onun şikayəti üzrə polis orqanı tərəfindən aparılmış araşdırma zamanı da həmin pul məbləğinin cavabdehə verilməsi öz təsdiqini tapmamışdır.
22. Eyni zamanda xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, polis orqanı tərəfindən aparılmış araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 18350 manat məbləğində pul verilməsi müəyyən edilmişdir.
23. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında olan münasibətlər borc müqaviləsi üzrə münasibətlər kimi görünsə də, mübahisə predmeti olan borcun 3000 manat məbləğdən artıq olmasını və borcla bağlı tərəflər arasında hər hansı bir yazılı müqavilənin olmamasını nəzərə aldıqda, sözügedən münasibətlər borc müqaviləsi üzrə münasibətlər hesab edilməməklə hazırki mübahisəyə göstərilən münasibətlərə dair normalar tətbiq oluna bilməz.
24. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh pulu nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıdan aldığından hazırki mübahisəyə əsassız varlanma üzrə normalar tətbiq edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021ci il tarixli Qərarında qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
28. Beləliklə, cavabdeh pulu nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıdan almaqla əsassız varlanmışdır ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 46500 manat məbləğdən cavabdehin ödədiyi 18350 manat çıxılmaqla qalan 28150 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir.
29. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərə münasibətdə qeyd edir ki, həmin qəbzlərin bəziləri telefon ekranından çəkildiyindən və onlarda tarix, nömrə olmadığından, onların oxşarlıq təşkil etməsi səbəbindən nə qədər məbləğin ödənilməsini müəyyən etmək çətindir.
30. Məhkəmə iddia tələbinin bir illik 5 faiz dərəcəsi ilə hesablanaraq 1650 manat tututlması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı göstərilən tələbi Mülki Məcəllənin 449-cu maddəsinə əsaslanaraq irəli sürmüşdür ki, qeyd olunan normanın tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
31. Göründüyü kimi faizlərin ödənilməsi borcun ödənilməsini gecikdirməklə faydalanmağa görə olmalıdır. Bu halda həmin faydalanmağı sübut etmək vəzifəsi bu tələbi irəli sürən iddiaçının üzərinə düşür.
32. İddiaçı isə cavabdehin borcun ödənilməsini gecikdirməklə faydalandığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
33. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28150 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
34. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 190 manat məbləğində dövlət rüsumunun 154,4 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 35,6 manat məbləği iddiaçıya aid edilməlidir.
VI. Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 28150 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 190 manat məbləğində dövlət rüsumunun 154,4 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 35,6 manat məbləği İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev