Məhkəmə qərarları › İş №e-2(036)-402/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-402/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-402/2022 01.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müştərək qaydada 1000 (bir min) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə bağlanmış 26 iyul 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «QAZ-3110» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 26 avqust 2021-ci il tarixdə İmişli rayonunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan «VAZ-2106» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı və X5 tərəfindən idarə olunan «Kia Ceed» markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. İmişli DYPB-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənlərə avtomobillərin zədələnməsi ilə bağlı cəmi 1000 manat məbləğində sığorta ödənişi edilmişdir. Lakin cavabdeh bu məbləği "xxxx" ASC Sığorta şirkətinin hesabına ödəməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, «QAZ-3110» markalı, **-BE-*** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi X1r. İş materiallarında olan «İcbari sığorta müqaviləsinə dair məlumat»-dan görünür ki, «QAZ-3110» markalı, **-BE-*** dövlət qeydiyyat nömrəli avtomobil 25.07.2021-ci il tarixdə "xxxx" ASC Sığorta Şirkətində icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan 28 avqust 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh idarə etdiyi «QAZ-3110» markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə «VAZ-2106» markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Həmin hadisə zamanı «VAZ-2106» markalı, **-BL-*** dövlət nömrə nişanlı və «Kia Ceed» markalı, **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərlə maddi ziyan dəymişdir. Cavabdeh hadisənin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan «Dəymiş zərərin hesablanmasına dair akt» -dan görünür ki, «VAZ-2106» markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilə 750 manat məbləğində maddi zərər vurulmuşdur. İş materiallarında olan PGU-212794 saylı sığorta ödənişi ilə bağlı aktdan və ödəniş tapşırığından görünür ki, «VAZ-2106» markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 750 manat məbləğində pul "xxxx" ASC Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 ödənilmişdir. İş materiallarında olan «Dəymiş zərərin hesablanmasına dair akt» -dan görünür ki, Kia Ceed» markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobilə 250 manat məbləğində maddi zərər vurulmuşdur. İş materiallarında olan PGU-212795 saylı sığorta ödənişi ilə bağlı aktdan və ödəniş tapşırığından görünür ki, «Kia Ceed» markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 250 manat məbləğində pul "xxxx" ASC Sığorta Şirkəti tərəfindən zərərçəkən X4 ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin səxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci madəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Аzərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində sığorta ödənişi və 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1030,4 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC Sığorta Şirkətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 manat sığorta ödənişi və 30,4 manat dövlət rüsumu olmaqla, cəmi 1030,4 (bir min otuz manat, qırx qəpik) manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC Sığorta Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi andan 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar