Məhkəmə qərarları › İş №e-2(036)-730/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-730/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-730/2022 25.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 950 manat vurulmuş zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kia Optima” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 iyul 2019-cu ildən 03 iyul 2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış və aralarında 03 iyul 2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2019-cu il sentyabrın 18-də Cavabdeh idarə etdiyi “Kia Optima” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Nissan Navara” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Nizami DYPŞ-i tərəfindən 18 sentyabr 2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Cavabdeh barəsində İXM-nin 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Nizami DYPŞ-in 18 sentyabr 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6cı madəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli qüsur aktına əsasən hadisə nəticəsində “Nissan Navara” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilə 950 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC tərəfindən 08 noyabr 2019-cu il tarixində həmin məbləğ zərərçəkmiş şəxsin X3 sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödənilmişdir. Həmçinin cavabdeh dəymiş ziyana görə ödənilmiş 950 manat sığorta ödənişini "xxxx" ASC-yə ödəməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildirişin təqdim olunmasından 10 (on) iş günü keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının məhkəməyə daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələbə əsaslandığını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Ağayev X2 Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan İcbari sığorta müqaviləsindən görünür ki, “Kia Optima” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 iyul 2019-cu ildən 03 iyul 2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış və aralarında 03 iyul 2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Nissan Navara” markalı, **- CC-*** dövlət nömrə nişanlı avtomobilə 950 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan dövr üçün hesabdan çıxarışdan görünür ki, “Nissan Navara” markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 950 (doqquz yüz əlli) manat məbləğində pul "xxxx" ASC tərəfindən zərərçəkən X1 ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin səxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci madəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 950 manat vurulmuş zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 980 manat məbləğində pul tutulub "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 380-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 950 manat vurulmuş zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində pul tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar