Məhkəmə qərarları › İş №e-2(037)-1250/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-1250/2024

09.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-1250/2024 09.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı inzibati tənbeh haqqında qərarın ləğv edilməsinə dair iddia ərizəsini İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək İXP ******* saylı 25 iyul 2024-cü il tarixli Protokolla qanunsuz qəbul edilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə qanunvericiliyin tələbinə uyğun tərtib edilməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, 25 iyul 2024-cü il tarixdə İddiaçı asanpay.az portalındakı şəxsi kabinetinə İXP ******* saylı 25 iyul 2024-cü il tarixli Protokolla rəsmiləşdirilmiş Chrysler 200 markalı dövlət qeydiyyat nişanı 99PF191 nömrəli avtomaşınla İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında Qərar yerləşdirilmişdir. Şəxsi kabinetə inzibati tənbeh haqqında Qərarın nömrəsi, Poçtla göndərilmə tarixi və xətanın törədildiyi yerlə bağlı hər hansı bir fotoşəkil və ya video məlumat yerləşdirilməmişdir. Eyni zamanda, məlumatda xətanın törədildiyi vaxt 08 iyul 2024-cü il iddia edilir ki, həmin vaxtla Protokolun tərtib edildiyi tarix arasında müddət 17 gün, Qərarın (xx.xx.2024) qəbul etdiyi vaxt ilə isə 28 gün təşkil edir. İXM-in 327.2-ci maddəsi xüsusi texniki vasitələrin köməyi (foto ya video) ilə aşkar edilən və məsuliyyətə cəlb edilən xətalar siyahasına aid edilmir. Eyni zamanda, AR İXM-i xüsusi texniki vasitələrin köməyi ilə yalnız real vaxt rejimində inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində eyni gündə icra edilə bilər. Ona görə də İXP ******* saylı, 25 iyul 2024-cü il tarixli Protokolla qanunsuz Qəbul edilmiş İnzibati tənbeh haqqında Qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, Azərbaycan Respublikası MPM-in 150-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsinə əsasən müəyyən olunmuş formada və məzmunda tərtib olunmamışsa geri qaytarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi İddiaçı barəsində olan İXP ******* saylı, 25 iyul 2024-cü il tarixli protokol əsasında qəbul edilmiş İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun şikayət ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda bu tələbə əməl etməyərək iddia ərizəsi ilə mülki icraat qaydasında müraciət etmişdir. Qanunvericilikdə isə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə mülki icraat qaydasında baxılması nəzərdə tutulmadığından iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 129-cu maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı inzibati tənbeh haqqında qərarın ləğv edilməsinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar